Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 21:1—46

21  Onlar Yerusəlimə yaxınlaşırdılar. Zeytun dağında yerləşən Betfagiyaya çatanda İsa iki şagirdini qabağınca göndərib  onlara tapşırdı: «Qarşıdakı kəndə gedin. Kəndə girəndə payaya bağlanmış bir eşşək və yanında bir qoduq görəcəksiniz. Onları açıb yanıma gətirin.  İşdir, kimsə sizə bir söz desə, deyin ki, Ağaya lazımdır. O da dərhal heyvanları sizə verəcək».  Beləcə, peyğəmbər vasitəsilə söylənilmiş bu sözlər yerinə yetdi:  «Sion qızına xəbər verin: “Bax! Sənin Padşahın gəlir. O, həlimdir, eşşəyə, bir yük heyvanının balası qoduğa minib yanına gəlir”».  Şagirdlər gedib hər şeyi İsanın tapşırdığı kimi etdilər.  Onlar eşşəyi və qoduğu İsanın yanına gətirdilər. Sonra əbalarını çıxarıb heyvanların belinə qoydular və İsa paltarların üstündən oturdu.  Bir çoxları öz əbalarını yerə sərir, digərləri ağac budaqlarını kəsib yola düzürdü.  İsanın qabağınca və arxasınca gedən adamlar ucadan deyirdilər: «Yalvarırıq, Davud Oğlunu xilas et! Yehovanın adı ilə gələnə eşq olsun! Ey göylərdə yaşayan Rəbbimiz, yalvarırıq, onu xilas et!» 10  İsa Yerusəlimə girəndə şəhərdə canlanma yarandı. Şəhər əhli bir-birindən soruşurdu: «Bu kimdir?» 11  Camaat isə onlara deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa peyğəmbərdir!» 12  İsa məbədə girib oradakı bütün alverçiləri və müştəriləri qovdu, pul dəyişənlərin masalarını və göyərçin satanların kətillərini çevirib dedi: 13  «Yazılıb: “Mənim evim dua evi adlanacaq”. Siz isə onu quldur yuvasına döndərirsiniz». 14  O, məbəddə olarkən yanına kor və axsaq adamlar gəldi və İsa onları sağaltdı. 15  Böyük kahinlər və mirzələr İsanın möhtəşəm işlərini görəndə və məbəddəki oğlanların: «Yalvarırıq, Davud Oğlunu xilas et», — sədalarını eşidəndə bərk hirsləndilər və 16  İsaya dedilər: «Bunların nə dediyini eşidirsən?» İsa cavab verdi: «Bəli, eşidirəm. Məgər: “Sən körpələrin və çağaların dili ilə həmd səsləndirdin”, — sözlərini heç vaxt oxumamısınız?» 17  İsa onları qoyub şəhərdən çıxdı, Betaniyaya gəldi və gecəni orada qaldı. 18  İsa səhər tezdən şəhərə qayıdanda acdığını hiss etdi. 19  O, yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Lakin ağacda yarpaqlardan başqa bir şey tapmadı. Onda İsa ağaca dedi: «Qoy səndə heç vaxt meyvə bitməsin». Əncir ağacı dərhal qurudu. 20  Şagirdlər bunu görəndə çox təəccübləndilər və dedilər: «Əncir ağacı birdən-birə necə qurudu?» 21  İsa onlara cavab verdi: «Bunu bilin, əgər imanınız varsa və şübhə etmirsinizsə, siz nəinki əncir ağacına etdiyimi edəcəksiniz, hətta bu dağa: “Qalx, dənizə atıl”, — deyəcəksiniz və o atılacaq. 22  İmanla dua etsəniz, dilədiyiniz hər şeyi alacaqsınız». 23  İsa məbədə gəlib camaata Allahın sözünü öyrədəndə böyük kahinlər və xalqın ağsaqqalları yaxınlaşıb dedilər: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?» 24  İsa onlara cavab verdi: «Mən də sizə bir sual verəcəyəm. Əgər mənə cavab versəniz, onda mən də bu işləri hansı ixtiyarla gördüyümü sizə deyəcəyəm. 25  Deyin görüm, Yəhyaya vəftiz etmə ixtiyarını kim vermişdi? Allah, yoxsa insanlar?» Onlar öz aralarında götür-qoy etməyə başladılar: «Əgər desək ki, “Allah verib”, o qayıdıb deyəcək: “Bəs niyə ona inanmadınız?” 26  “İnsanlar verib”, — də deyə bilmərik, çünki camaatdan qorxuruq, axı xalq Yəhyanı bir peyğəmbər bilir». 27  Onlar İsaya cavab verdilər: «Bilmirik». İsa da onlara dedi: «Onda mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm. 28  Buna nə deyərsiniz? Bir adamın iki övladı var idi. Bir gün o, böyük oğluna yaxınlaşıb deyir: “Bala, get bu gün üzümlükdə işlə”. 29  Oğlan cavab verir: “Baş üstə, ağa, gedərəm”. Amma getmir. 30  Ata kiçik oğluna da həmin şeyi deyir. Bu oğul isə belə cavab verir: “Getmirəm”. Amma sonradan dediyinə peşman olub gedir. 31  İndi deyin görüm, bu iki oğuldan hansı biri atasının istəyini yerinə yetirdi?» Onlar cavab verdilər: «Kiçiyi». İsa onlara dedi: «Bunu bilin ki, vergiyığanlar və fahişələr Allahın padşahlığına sizdən qabaq girəcəklər. 32  Yəhya gəlib sizə salehlik yolunu göstərdi, siz isə ona inanmadınız. Ancaq vergiyığanlar və fahişələr ona inandı. Siz isə bunları görə-görə yenə də peşmançılıq çəkib ona inanmadınız. 33  Başqa bir məsələ qulaq asın: bir mülkədar var idi. O, üzüm bağı saldı, ətrafını çəpərlədi, üzüm sıxmaq üçün çala qazdı, bir qüllə tikdi və bağı bağbanlara icarəyə verib başqa ölkəyə yollandı. 34  Məhsul yığımı vaxtı gələndə mülkədar öz payını almaq üçün nökərlərini bağbanların yanına göndərdi. 35  Ancaq bağbanlar nökərləri tutub birini döydülər, o birisini öldürdülər, digərini isə daşa basdılar. 36  Mülkədar ikinci dəfə onların yanına əvvəlkindən də çox nökər göndərdi, amma bağbanlar bunlarla da eyni cür rəftar etdilər. 37  Axırda mülkədar: “Yəqin oğluma hörmətlə yanaşarlar”, — deyib oğlunu göndərdi. 38  Bağbanlar sahibin oğlunu görəndə bir-birilərinə dedilər: “Bu varisdir. Gəlin onu öldürək, mirası bizə qalsın!” 39  Bağbanlar onu tutub bağdan bayıra atdılar və öldürdülər. 40  Sizcə, bağın sahibi gələndə bağbanlara nə edəcək?» 41  Onlar cavab verdilər: «Bütün bu pis əməllərinə görə onların axırı da pis olacaq. Mülkədar üzüm bağını başqa bağbanlara icarəyə verəcək. Onlar sahibin meyvə payını vaxtlı-vaxtında verəcəklər». 42  İsa onlara dedi: «Məgər Müqəddəs Yazılarda: “Bənnaların rədd etdikləri daş əsas guşədaşı oldu. Bunu edən Yehovadır və biz buna heyran qalmışıq”, — sözlərini heç oxumamısınız? 43  Buna görə də eşidin və agah olun, Allahın padşahlığı sizdən alınacaq və onun bəhrəsini gətirən xalqa veriləcək. 44  Həmçinin bunu da bilin ki, bu daşın üstünə yıxılan hər bir kəs əzilib öləcək. Bu daş kimin üstünə düşsə, onu tələf edəcək». 45  Böyük kahinlər və fəriseylər bu məsəli eşidəndə başa düşdülər ki, İsa onlar haqqında danışır. 46  Onlar İsanı tutmağa fürsət axtarırdılar, amma camaatdan qorxurdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi.

Haşiyələr