Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 20:1—34

20  Səmavi padşahlıq, səhər tezdən durub üzümlüyündə işləmək üçün adam tutmağa çıxan bir mülkədara bənzəyir.  Mülkədar işçilərlə gününü bir dinara danışıb onları üzümlüyünə göndərdi.  O, səhər saat doqquzda* yenidən çölə çıxdı və bazar meydanında bikar durmuş bir neçə adam gördü  və onlara dedi: “Siz də üzümlüyə gedin. Haqqınızı verəcəyəm”.  Onlar getdilər. Mülkədar həm günorta saat on ikidə, həm üçdə çölə çıxdı və eyni şeyi etdi.*  O, axşamüstü saat beşdə* də çölə çıxıb orada duran adamları gördü və onlara dedi: “Niyə bütün günü boş-bikar durmusunuz?”  Onlar cavab verdilər: “Heç kəs bizə iş verməyib”. Mülkədar onlara dedi: “Siz də üzümlüyümə gedin”.  Axşam düşəndə üzümlüyün sahibi nökərbaşıya dedi: “İşçiləri çağır və sonuncudan başlayıb birinciyə qədər hamısının zəhmət haqqını ver”.  Saat beşdən işləyənlər gəldilər və hərəsi bir dinar aldı. 10  İşə birinci başlayanlar isə elə düşünürdülər ki, daha çox alacaqlar. Amma onlara da bir dinar verildi. 11  Onlar pulu alanda mülkədara narazılıq etdilər: 12  “Bu axırıncılar cəmi bir saat işləyiblər. Biz isə bütün günü bu istidə əlləşib-vuruşmuşuq. Amma sən onları bizə tay elədin”. 13  Mülkədar onlardan birinə dedi: “Qardaş, mən sənə haqsızlıq etmirəm. Səninlə bir dinara danışmamışıq? 14  Haqqını al, çıx get. Mən axırıncılara da bu qədər vermək istəyirəm. 15  Özüm bilərəm, öz pulumla nə edirəm. Yoxsa xeyirxah olduğumu görüb paxıllığın tutur?” 16  Beləcə, axırıncılar birinci, birincilər də axırıncı olacaq». 17  İsa Yerusəlimə qalxarkən on iki şagirdini kənara çəkib dedi: 18  «İndi Yerusəlimə gedirik. İnsan Oğlu böyük kahinlərin və mirzələrin əlinə veriləcək və onlar insan Oğlunu ölümə məhkum edəcəklər. 19  Onu başqa millətlərdən olan adamlara təslim edəcəklər, onlar da insan Oğlunu lağa qoyacaq, qamçılayıb dirəyə mıxlayacaqlar. Amma o, üçüncü gündə diriləcək». 20  Zebedeyin oğlanlarının anası oğlanlarını yanına alıb İsaya yaxınlaşdı və təzim edə-edə ondan nə isə xahiş etməyə başladı. 21  İsa ondan soruşdu: «Nə istəyirsən?» Qadın ona dedi: «Söz ver ki, padşahlığında bir oğlum sənin sağında, o birisi solunda oturacaq». 22  İsa dedi: «Siz nə istədiyinizi bilmirsiniz. Mənim içəcəyim camdan içə bilərsinizmi?» Onlar dedilər: «Bəli, içə bilərik». 23  Onda İsa dedi: «Doğrudur, mənim içdiyim camdan içəcəksiniz, amma kimin sağımda, kimin solumda oturacağını mən həll etmirəm. Atam bu yerləri kimin üçün hazırlayıbsa, onlar da orada oturacaqlar». 24  Digər on həvari bu söhbəti eşidəndə iki qardaşa bərk hirsləndi. 25  Amma İsa onları yanına çağırıb dedi: «Siz yaxşı bilirsiniz ki, xalqların hökmdarları onların üzərində ağalıq edir və rəhbərləri* onlara başçılıq edirlər. 26  Amma sizin aranızda belə olmamalıdır. Aranızda böyüklük etmək istəyən qulluğunuzda durmalıdır, 27  birinci olmaq istəyən sizə nökərçilik etməlidir. 28  Axı insan Oğlu da ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək və bir çoxları uğrunda canını fidyə kimi vermək üçün gəlib». 29  Onlar Yerixo şəhərindən çıxanda onun ardınca çoxlu adam getdi. 30  Yol qırağında oturmuş iki kor adam İsanın o yoldan keçdiyini eşidəndə ucadan dedilər: «Ağa, Davud Oğlu, bizə rəhm et!» 31  Ancaq camaat təpinərək onları susdurmağa çalışırdı. Onlar isə daha bərkdən qışqırırdılar: «Ağa, Davud Oğlu, bizə rəhm et!» 32  İsa ayaq saxladı, onları yanına çağırıb soruşdu: «Nə istəyirsiniz? Sizin üçün nə edim?» 33  Onlar dedilər: «Ağa, gözlərimizi aç». 34  İsanın bu adamlara yazığı gəldi və onların gözlərinə toxundu. Həmin korların gözləri dərhal açıldı və onlar İsanın ardınca getdilər.

Haşiyələr

Hərfən «üçüncü saatda»
Hərfən «altıncı saatda», «doqquzuncu saatda»
Hərfən «on birinci saatda»
Hərfən «böyükləri»