Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 19:1—30

19  İsa bu sözləri deyəndən sonra Qalileyadan çıxdı və İordan çayının o tayına, Yəhudeya sərhədlərinə gəldi.  Onun dalınca çoxlu adam gedirdi. İsa orada xəstələri sağaltdı.  Fəriseylər İsanın yanına gəldilər və onu sınamaq üçün soruşdular: «Kişi istənilən səbəbə görə arvadını boşaya bilər?»  İsa onlara cavab verdi: «Məgər oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb  və belə deyib: “Buna görə də insan öz ata-anasından ayrılıb arvadına bağlanacaq və ikisi bir bədən olacaq”?  Beləliklə, onlar artıq iki yox, bir bədəndir. Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın».  Onlar İsaya dedilər: «Onda Musa nəyə görə boşanmaq üçün arvada boşanma kağızı verməyi buyurub?»  İsa cavab verdi: «Musa daşürəkli olduğunuza görə arvadınızı boşamağı izin vermişdi, halbuki başlanğıcdan belə olmayıb.  Bilin və agah olun, kim arvadını onun cinsi əxlaqsızlığına görə deyil, başqa səbəbə görə boşayıb özgəsinə evlənirsə, zina edir». 10  Şagirdlər ona dedilər: «Əgər iş belədirsə, onda evlənməmək daha yaxşıdır ki!» 11  İsa onlara dedi: «Bunu hər kəs bacarmaz, bunu yalnız qabiliyyəti olan adam bacarar. 12  Bəzilərinin bədənində anadangəlmə qüsur olduğu üçün onlar cinsi yaxınlığa qadir deyillər, bəzilərini insanlar cinsi yaxınlığa yararsız etmişlər, amma elələri də var ki, səmavi padşahlığa görə evlənməkdən imtina edirlər.* Bu cür yaşamağı bacaran, qoy bu cür yaşasın». 13  Sonra valideynlər uşaqlarını İsanın yanına gətirdilər. Onlar istəyirdilər ki, İsa uşaqlar üçün Allahdan xeyir-dua* diləsin. Şagirdlər isə onları danlayırdılar. 14  Lakin İsa dedi: «Qoyun uşaqlar yanıma gəlsin, onlara mane olmayın, çünki səmavi padşahlıq belələrinə məxsusdur». 15  İsa onlara xeyir-dua verib qurtarandan sonra oradan getdi. 16  Bir dəfə bir adam ona yaxınlaşıb dedi: «Müəllim, əbədi yaşamaq üçün mən hansı yaxşı işi görməliyəm?» 17  İsa ona dedi: «Nəyin yaxşı olduğunu məndən niyə soruşursan? Yalnız bir yaxşı Şəxs var. Əgər həyata qovuşmaq istəyirsənsə, əmrlərə daima riayət et». 18  O soruşdu: «Hansı əmrlərə?» İsa cavab verdi: «Qətl etmə, zina etmə, oğurluq etmə, yalan şəhadət vermə, 19  atana və anana hörmət et və yaxınını özünü sevdiyin kimi sev». 20  Bu cavan dedi: «Bütün bunlara əməl edirəm. Daha nə edim?» 21  İsa ona dedi: «Əgər qüsursuz olmaq istəyirsənsə, get, nəyin varsa hamısını sat və kasıblara payla. Onda göydə xəzinən olacaq. Sonra mənim ardımca gəl». 22  Cavan bunu eşidəndə kədərləndi, çünki çox dövlətli idi və çıxıb getdi. 23  Onda İsa şagirdlərinə dedi: «Bəli, varlı adam üçün səmavi padşahlığa girmək çox müşkül olacaq. 24  Bunu bilin ki, dəvə üçün iynə deşiyindən keçmək, varlı adam üçün Allahın padşahlığına girməkdən daha asandır». 25  Şagirdlər bunu eşidəndə bərk təəccüblənib soruşdular: «Onda kim xilas ola bilər?» 26  İsa düz onların gözünün içinə baxıb dedi: «Bu, insan üçün mümkün deyil, amma Allah üçün hər şey mümkündür». 27  Peter ona dedi: «Bax, biz hər şeyi qoyub sənin ardınca gəldik. Bunun əvəzində nə alacağıq?» 28  İsa onlara dedi: «Əmin olun, yeni dövr gələndə və insan Oğlu öz şanlı taxtına oturanda, mənim ardımca gələn sizlər də on iki taxtda oturub İsrailin on iki qəbiləsi üzərində hakimlik edəcəksiniz. 29  Mənim adım uğrunda evlərini, bacı-qardaşını, atasını, anasını, uşaqlarını və torpaqlarını qoyan bundan qat-qat artıqlaması ilə alacaq və əbədi həyata qovuşacaq. 30  Amma birincilərdən bir çoxu axırıncı, axırıncılar isə birinci olacaq.

Haşiyələr

Yaxud «bəziləri anadangəlmə xədimdirlər, digərlərini insanlar xədim etmişlər, elələri də var ki, özlərini səmavi padşahlıq uğrunda xədim etmişlər»
Hərfən «əllərini onların üstünə qoyub dua etsin»