Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 18:1—35

18  Bu vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi padşahlıqda ən böyük kim olacaq?»  İsa yanına balaca bir uşaq çağırdı və onu şagirdlərin arasına qoyub  dedi: «Sizə deyirəm, dəyişib uşaq kimi olmasanız, səmavi padşahlığa əsla girməyəcəksiniz.  Özünü bu uşaq kimi kiçildən səmavi padşahlıqda ən böyük olacaq.  Bunun kimi bir uşağı mənim xatirimə qəbul edən məni də qəbul edir.  Amma mənə inanan bu kiçiklərdən birini günaha sürükləyənin vay halına! Onun üçün yaxşı olardı ki, boynuna dəyirman daşı* asıb dənizdə batsın.  İman yolunda qoyulan maneələrə görə vay dünyanın halına! Bu yolda maneələr mütləq olacaq. Amma vay o adamın halına ki, maneələr onun vasitəsilə yaranacaq!  Əgər əlin və ya ayağın səni günaha sürükləyirsə, onu kəs tulla. İki əl və ya iki ayaqla sönməyən alova atılmaqdansa, şikəst və ya topal olub həyata qovuşmaq daha yaxşıdır.  Həmçinin əgər gözün səni günaha sürükləyirsə, onu çıxarıb at. İki gözlə odlu Hinnom dərəsinə atılmaqdansa, bir gözlə həyata qovuşmaq daha yaxşıdır. 10  Baxın ha, bu kiçiklərdən birinə saymazyana yanaşmayın. Bunu bilin ki, onların mələkləri göydə daima səmavi Atamın üzünü görürlər. 11  * —— 12  Necə bilirsiniz, əgər kiminsə yüz qoyunu olsa və onlardan biri azsa, məgər o adam doxsan doqquz qoyunu dağda qoyub həmin o azmış qoyunu axtarmağa getməz? 13  Əgər onu tapa bilsə, inanın ki, doxsan doqquz azmamış qoyundan daha çox o qoyuna görə şadlanacaq. 14  Eynilə də, mənim səmavi Atam bu kiçiklərdən bircəsinin belə məhv olmasını istəmir. 15  Əgər qardaşın bir günah iş tutsa, get onunla təklikdə danış, günahını üzünə de. Əgər o, sənə qulaq assa, bil ki, sən qardaşını qazandın. 16  İşdir, qulaq asmasa, özünlə bir və ya iki nəfər götür ki, məsələ iki və ya üç şahidin dili ilə təsdiq olunsun. 17  Əgər onlara qulaq asmasa, məsələni yığıncağa danış. Əgər yığıncağa da qulaq asmasa, qoy o adam sənin üçün bir bütpərəst və ya vergiyığan kimi olsun. 18  İnanın, yerdə bağladığınız hər şey göydə də bağlanmış olacaq və yerdə açdığınız hər şey göydə də açılmış olacaq. 19  Əmin olun, əgər yerdə aranızdan iki nəfər vacib bir məsələ barəsində səmavi Atamdan bir şey diləmək razılığına gələrsə, Atam onların istəyini yerinə yetirəcək. 20  İki və ya üç adam mənim adım naminə bir yerə yığışanda, mən də orada, onların arasındayam». 21  Onda Peter gəlib İsadan soruşdu: «Ağa, qardaşım mənə qarşı günah iş görəndə mən onu neçə dəfə bağışlamalıyam? Yeddi dəfə?» 22  İsa ona dedi: «Yeddi dəfə yox, lazım gəlsə, yetmiş yeddi dəfəyə* qədər bağışlamalısan. 23  Buna görə də səmavi padşahlığı nökərlərindən borclarını geri almaq istəyən bir padşaha bənzətmək olar. 24  Padşah borclarını yığanda yanına bir adam gətirdilər. Bu adam padşaha on min talant* pul borclu idi, 25  lakin borcu ödəməyə imkanı yox idi. Padşah əmr etdi ki, onun özü, arvad-uşağı və hər nəyi varsa hamısı satılsın, borc geri qaytarılsın. 26  Onda nökər padşahın ayağına yıxıldı və yalvarmağa başladı: “Ağa, bir az səbir elə, hamısını qaytaracağam”. 27  Padşahın nökərə rəhmi gəldi, onu azad edib borcunu da ləğv etdi. 28  Amma o nökər padşahın yanından çıxıb ona cəmi yüz dinar* borcu olan bir nökər yoldaşını axtarıb tapdı, onu tutub boğmağa başladı və dedi: “Borcumu son qəpiyinə kimi qaytar”. 29  Nökər onun ayağına yıxılıb yalvarmağa başladı: “Bir az səbir elə, hamısını qaytaracağam”. 30  Amma o, qulaq asmaq istəmədi. O gedib nökəri həbsxanaya atdı ki, borcunu son qəpiyinə kimi qaytarsın. 31  Digər nökərlər onun bu hərəkətini görəndə çox kədərləndilər və gəlib hər şeyi padşaha danışdılar. 32  Onda padşah həmin nökəri çağırtdırıb dedi: “Ey yaramaz nökər! Sən mənə yalvaranda mən bütün borcunu bağışladım. 33  Məgər mən sənə rəhm etdiyim kimi, sən də nökər yoldaşına rəhm etməli deyildin?” 34  Padşah bərk qəzəbləndi. O, nökəri həbsxana rəislərinə verdi ki, borcunu son qəpiyinə kimi ödəyənə qədər həbsxanada qalsın. 35  Bunu bilin ki, əgər hər biriniz qardaşınızı ürəkdən bağışlamasanız, səmavi Atam da sizinlə beləcə davranacaq».

Haşiyələr

Burada söhbət eşşək tərəfindən fırladılan dəyirman daşından gedir
Matta 17:21 haşiyəsinə bax
Hərfən «yetmiş kərə yeddi dəfə»
On min talant altmış milyon dinara bərabər idi. Talant yəhudilərin ən böyük çəki və pul vahidi idi. Eramızın birinci əsrində bir talantın çəkisi təxminən 20 kq idi. Talant qızıldan və ya gümüşdən düzəldilirdi
Bir günlük əmək haqqına bərabər 3,85 qr ağırlığında olan Roma gümüş pulu