Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 16:1—28

16  Orada fəriseylər və sadukeylər İsanın yanına gəlib, onu sınamaq məqsədilə göydən bir əlamət göstərməsini istədilər.  İsa onlara cavab verdi: «[Axşam düşəndə siz deyirsiniz: “Hava yaxşı olacaq, çünki göyün üzü qıpqırmızıdır”;  sübh çağı isə deyirsiniz: “Hərçənd göy qızarıb, lakin tutqun olduğundan bu gün hava soyuq və yağmurlu olacaq”. Göy üzünün görünüşünü necə yozmağı bacarırsınız, amma dövrlərin əlamətlərini yoza bilmirsiniz!]*  Pis və zinakar nəsil daima əlamət axtarır, lakin ona Yunusun əlamətindən başqa əlamət göstərilməyəcək». Sonra onların yanından çıxıb getdi.  Bu vaxt onun şagirdləri o biri sahilə keçdilər, amma özləri ilə çörək götürməyi unutdular.  İsa onlara dedi: «Baxın ha, özünüzü fəriseylərin və sadukeylərin mayasından gözləyin».  Onlar bir-birinə: «Çörək götürməmişik», — dedilər.  Bunu bilən İsa dedi: «Ey az imanlılar, niyə “çörəyimiz yoxdur” deyirsiniz?  Məgər hələ də başa düşmədiniz? Yoxsa beş min adamın cəmi beş çörəklə necə doyduğu və artıq qalmış tikələrdən neçə zənbil yığdığınız yadınızdan çıxıb? 10  Yaxud dörd min adamın yeddi çörəklə doyduğunu və neçə səbət yığdığınızı unutmusunuz? 11  Məgər başa düşmürsünüz ki, mən sizinlə çörək barəsində danışmıram? Dediyim odur ki, özünüzü fəriseylərin və sadukeylərin mayasından gözləyin». 12  Onda şagirdlər anladılar ki, İsa çörək mayasından yox, fəriseylərin və sadukeylərin təlimlərindən çəkinmək barəsində danışır. 13  İsa Filippi Qeysəriyyəsi ətrafına gəldikdə şagirdlərindən soruşdu: «Camaatın dediyinə görə insan Oğlu kimdir?» 14  Onlar dedilər: «Kimisi deyir ki, Vəftizçi Yəhyadır, kimisi İlyasdır, kimisi də Yeremya və ya peyğəmbərlərdən biri olduğunu deyir». 15  İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Mən kiməm?» 16  Şimon Peter cavab verdi: «Sən Məsihsən, var olan Allahın Oğlusan». 17  İsa ona dedi: «Yunus oğlu Şimon, sən xoşbəxt adamsan! Çünki bunu sənə insan* yox, səmavi Atam bildirdi. 18  Bunu da sənə deyirəm: sən Petersən. Mən yığıncağımı bu qayanın üzərində tikəcəyəm və Məzar* ona qalib gələ bilməyəcək. 19  Mən sənə səmavi padşahlığın açarlarını verəcəyəm. Yerdə bağladığın hər şey göydə bağlanmış olacaq və yerdə açdığın hər şey göydə açılmış olacaq». 20  Sonra İsa şagirdlərə bərk-bərk tapşırdı ki, onun Məsih olduğunu heç kəsə deməsinlər. 21  O vaxtdan etibarən İsa Məsih Yerusəlimə gedəcəyini, ağsaqqallar, böyük kahinlər və mirzələr tərəfindən əzab çəkəcəyini, öldürüləcəyini və üçüncü gündə diriləcəyini şagirdlərinə göstərməyə başladı. 22  Onda Peter İsanı qırağa çəkib məzəmmət edərək dedi: «Allah uzaq eləsin, Ağa! Bu iş heç vaxt sənin başına gəlməz!» 23  İsa çönüb Peterə dedi: «Çəkil məndən, Şeytan! Sən mənə mane olursan. Çünki sənin ağlındakı Allahın yox, insanın fikirləridir». 24  Sonra İsa şagirdlərinə dedi: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini götürüb daima ardımca gəlsin. 25  Həyatını xilas etmək istəyən onu itirəcək, amma həyatını mənim uğrumda itirən onu xilas edəcək. 26  İnsan dünya malını yığıb, həyatını itirərsə, bunun ona nə faydası? Yaxud insan öz həyatını qurtarmaq üçün əvəzində nə verə bilər? 27  İnsan Oğlu mələkləri ilə birgə Atasının əzəmətində gələcək və o zaman hər kəsə əməllərinə görə verəcək. 28  Eşidin və agah olun, burada duranlardan bəziləri İnsan Oğlunun öz padşahlığında gəldiyini görməyincə əsla ölməyəcək».

Haşiyələr

Kvadrat mötərizədəki mətn bəzi qədim əlyazmalarda var, bəzilərində isə yoxdur
Hərfən «ət və qan»
Hərfən «Hadesin qapıları»