Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 13:1—58

13  O gün İsa evdən çıxıb gölün sahilində oturmuşdu.  Onun yanına çoxlu adam gəldi. İsa qayığa minib əyləşdi, camaat isə sahildə dayandı.  İsa onları məsəllərlə öyrətməyə başladı: «Bir əkinçi toxum səpməyə çıxdı.  Toxum səpərkən, toxumlardan bəziləri yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.  Digərləri torpağı az olan daşlığa düşdü və torpaq dərin olmadığından dərhal cücərdi.  Amma günəş çıxanda onlar soldu və kökü olmadığı üçün qurudu.  Başqaları tikanlığa düşdü. Tikan kolları böyüyüb onları boğdu.  Bəziləri isə münbit torpağa düşdü və bar gətirdi. Biri yüzqat, digəri altmışqat, o birisi otuzqat bar verdi.  Qulağı olan qoy eşitsin!» 10  Şagirdlər İsaya yaxınlaşıb soruşdular: «Niyə onlara hər şeyi məsəllərlə danışırsan?» 11  İsa cavab verdi: «Sizə səmavi padşahlığın müqəddəs sirlərini başa düşmək qabiliyyəti verilib, onlara isə verilməyib. 12  Kimin varıdırsa, ona daha çox veriləcək və o şəxsdə bolluq olacaq; amma kimin yoxudursa, əlindəki də alınacaq. 13  Buna görə də onlarla danışanda məsəl çəkirəm, çünki baxanda heç nə görmürlər, eşitdikləri bir qulaqdan girib o birisindən çıxır və mənasını anlamırlar. 14  Yeşaya peyğəmbərin bu sözləri onların üzərində yerinə yetir: “Eşitməyinə eşidəcəksiniz, amma bir şey başa düşməyəcəksiniz. Baxmağına baxacaqsınız, amma bir şey görməyəcəksiniz. 15  Çünki bu xalqın ürəyi daşlaşıb, qulaqları eşidir, amma hay vermirlər; gözlərini yumublar ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə dərk etməsinlər və geri dönməsinlər ki, Mən onları sağaldım”. 16  Sizin isə gözləriniz xoşbəxtdir, çünki görür, qulaqlarınız bəxtəvərdir, çünki eşidir. 17  Bunu bilin ki, bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüyünüzü görməyi arzulamış, amma görməmişlər, sizin eşitdiklərinizi eşitmək istəmiş, amma eşitməmişlər. 18  İndi isə əkinçi haqqındakı məsəlin mənasına qulaq asın. 19  İnsan padşahlıq haqqındakı sözü eşidir, lakin mənasını anlamırsa, Şərir gəlib o adamın ürəyində əkilmiş toxumu aparır. Bu, yol kənarına səpilmiş toxumdur. 20  Daşlığa düşmüş toxum o adama aiddir ki, sözü eşidir və onu dərhal sevinclə qəbul edir. 21  Lakin kök salmadığı üçün çox qalmır və sözə görə çətinlik, təqib başlayanda dərhal inamı sarsılır. 22  Tikanlığa düşmüş toxum o adama aiddir ki, sözü eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcı qüvvəsi sözü boğur və o bar vermir. 23  Münbit torpaqda əkilmiş toxum isə o adama aiddir ki, sözü eşidir, mənasını dərk edir və bar verir: biri yüzqat, biri altmışqat, o birisi də otuzqat». 24  İsa onlara başqa bir məsəl çəkdi: «Səmavi padşahlıq öz tarlasında yaxşı toxum əkmiş adama bənzəyir. 25  Adamlar yatanda onun düşməni gəldi, buğdanın arasına alaq toxumu səpib getdi. 26  Buğda cücərib sünbül gətirəndə alaq otları da çıxdı. 27  Nökərlər gəlib ev sahibinə dedilər: “Ağa, məgər sən tarlada yaxşı toxum əkməmişdin? Necə olur ki, orada alaq otları bitib?” 28  Ağaları onlara dedi: “Bunu düşmən edib”. Nökərlər dedilər: “İstəyirsən, gedib alaq otlarını yığaq?” 29  Ağaları dedi: “Yox, qoyun qalsın. Alaq otlarını yığanda, səhvən buğdanı da çıxara bilərsiniz. 30  Qoy ikisi də biçinə qədər bir yerdə böyüsünlər. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: «Əvvəlcə alaq otlarını yığıb dərz bağlayın və yandırın, sonra isə buğdanı mənim anbarıma toplayın»”». 31  İsa onlara daha bir məsəl çəkdi: «Səmavi padşahlıq bir adamın öz tarlasında əkdiyi xardal toxumuna bənzəyir. 32  Xardal toxumu bütün toxumların ən xırdası olsa da, böyüyəndə bostan bitkiləri arasında ən yekəsi olur, hətta ağaca çevrilir və göy quşları gəlib onun budaqlarında yuva salırlar». 33  Onlara başqa bir məsəl çəkdi: «Səmavi padşahlıq mayaya bənzəyir. Qadın onu üç böyük təknə una qatır* və bütün xəmir acıyır». 34  İsa bütün bunları camaata məsəllərlə danışdı. Bəli, İsa onlarla danışanda həmişə məsəl çəkirdi. 35  Beləcə, peyğəmbər vasitəsilə deyilmiş bu sözlər yerinə yetdi: «Ağzımı məsəllərlə açacağam, bəşərin təməli qoyulandan bəri gizli saxlanılmış sirləri bəyan edəcəyəm». 36  İsa camaatla xudahafizləşib evə gəldi. Şagirdləri yanına gəlib dedilər: «Tarladakı alaq otları məsəlini bizə izah et». 37  İsa sözə başladı: «Yaxşı toxumu əkən insan Oğludur. 38  Tarla dünyadır; yaxşı toxum padşahlığın oğulları, alaq otları isə Şəririn oğullarıdır. 39  Alaq otunu əkən düşmən İblisdir. Biçin dövrün yekunu, biçinçilər isə mələklərdir. 40  Alaq otları yığılıb odda yandırıldığı kimi, bu dövrün yekununda da belə olacaq. 41  İnsan Oğlu öz mələklərini göndərəcək. Mələklər günaha sürükləyən hər şeyi və qanunsuz işlər görən hər kəsi onun padşahlığından yığıb 42  odlu kürəyə atacaqlar. Onlar orada ağlaşıb dişlərini qıcayacaqlar. 43  Salehlər isə o vaxt Atalarının padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin. 44  Səmavi padşahlıq çöldə gizlədilmiş xəzinəyə bənzəyir. Bir adam onu tapdı və gizlətdi. Sonra sevincindən gedib hər şeyini satdı və oranı aldı. 45  Səmavi padşahlıq həmçinin əla mirvarilər axtaran tacirə bənzəyir. 46  O, çox qiymətli bir mirvari tapanda gedib dərhal hər şeyini satdı və o mirvarini aldı. 47  Səmavi padşahlıq həmçinin dənizə atılan və içinə cürbəcür balıq düşən tora bənzəyir. 48  Tor balıqla dolanda onu sahilə çıxartdılar və oturub yaxşı balıqları qablara yığdılar, yararsız balıqları isə tulladılar. 49  Bu dövrün yekununda da belə olacaq. Mələklər gəlib pisləri saleh adamlardan ayıracaq 50  və onları odlu kürəyə atacaqlar. Onlar orada hönkür-hönkür ağlayacaq və dişlərini qıcayacaqlar. 51  Bütün bunların mənasını başa düşdünüz?» Şagirdlər: «Bəli», — deyə cavab verdilər. 52  Sonra İsa onlara dedi: «Belə isə, səmavi padşahlıq haqqında həqiqəti öyrənib bunu başqalarına öyrədən hər adam xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir». 53  İsa məsəlləri danışıb qurtardı və yola düşdü. 54  Öz doğma yurduna qayıdandan sonra onların sinaqoqunda Allahın sözünü öyrətməyə başladı. Camaat məəttəl qalıb deyirdi: «Bu adamda bu qədər hikmət və möcüzə haradandır? 55  Məgər bu, dülgərin oğlu deyil? Məgər anasının adı Məryəm deyil? Məgər bu, Yaqub, Yusif, Şimon və Yəhudanın qardaşı deyil? 56  Bütün bacıları da aramızda deyillərmi? Elə isə, bu adamda bütün bunlar haradandır?» 57  Buna görə də onu qəbul etmədilər. İsa qayıdıb onlara dedi: «Peyğəmbərin hörmət görmədiyi yer varsa, o da öz yurdu və öz evidir». 58  Onların inamsızlığına görə İsa orada çox möcüzə göstərmədi.

Haşiyələr

Hərfən «üç böyük təknə unda gizlədir»