Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 12:1—50

12  Bir şənbə günü İsa zəmilərin arasından keçirdi. Onun şagirdləri ac idilər və sünbülləri dərib yeməyə başladılar.  Bunu görən fəriseylər ona dedilər: «Bax, sənin şagirdlərin şənbə günü qadağan olunmuş işi görürlər».  İsa onlara dedi: «Məgər Davud özü və yoldaşları acanda onun nə etdiyi haqda heç oxumamısınız?  Allahın evinə girdiyini və yoldaşları ilə birlikdə təqdim çörəklərini yediyini bilmirsiniz? Halbuki onlar qanuna görə bu çörəkləri yeyə bilməzdilər, o çörəkləri yalnız kahinlər yeyə bilərdi.  Yaxud Qanunda oxumamısınız ki, şənbə günləri kahinlər məbəddə şənbə gününü pozsalar da günahkar sayılmırlar?  Bunu bilin ki, burada məbəddən də böyük bir adam durub.  Eh, əgər siz: “Mən qurban yox, mərhəmət istəyirəm”, — sözlərinin mənasını başa düşsəydiniz, günahsız adamları məhkum etməzdiniz.  Çünki insan Oğlu şənbə gününün Ağasıdır».  İsa oradan çıxıb onların sinaqoquna gəldi. 10  Orada əli qurumuş bir adam vardı. İsanı təqsirləndirməyə bir bəhanə tapmaq üçün ondan soruşdular: «Qanuna görə şənbə günü adam sağaltmaq olar?» 11  İsa onlara cavab verdi: «Aranızda elə adam varmı ki, bircə qoyunu olsa və həmin qoyun şənbə günü çalaya düşsə, onu oradan çıxarmasın? 12  Belə isə, görün insan qoyundan nə qədər qiymətlidir! Bəli, qanuna görə şənbə günü yaxşı iş görmək olar». 13  Sonra o, şikəst adama dedi: «Əlini uzat». O adam əlini uzatdı və qurumuş əli o birisi kimi sapsağlam oldu. 14  Fəriseylər çıxıb İsanı öldürmək üçün sui-qəsd hazırladılar. 15  İsa bundan xəbər tutanda oradan uzaqlaşdı. Onun dalınca çoxlu adam getdi və İsa onların hamısını sağaltdı. 16  Sonra onlara bərk-bərk tapşırdı ki, onun kim olduğunu heç kəsə deməsinlər. 17  Beləcə, Yeşaya peyğəmbər vasitəsilə deyilmiş bu sözlər yerinə yetdi: 18  «Budur, Mənim seçdiyim, ürəyimcə olan əziz qulum! Mən ona müqəddəs ruhumdan verəcəyəm və o, millətlərə ədalətin nə olduğunu izah edəcək. 19  O mübahisə etməyəcək, səsini qaldırmayacaq, küçələrdə səsi çıxmayacaq. 20  Haqq-ədaləti zəfərə çatdırmayınca sınmış qamışı əzməyəcək, közərən piltəni söndürməyəcək. 21  Millətlər onun adına ümid bağlayacaq». 22  Sonra İsanın yanına cinə tutulmuş, kor və lal bir adam gətirdilər. İsa onu sağaltdı, o adamın dili və gözləri açıldı. 23  Camaat bu işə heyran qalıb dedi: «Bəlkə Davud Oğlu elə budur?» 24  Fəriseylər isə bunu eşidəndə dedilər: «O, cinləri elə cinlərin hökmdarı Beelzebubun əli ilə qovur!» 25  Onların fikirlərini bilən İsa dedi: «Daxildən parçalanmış hər bir padşahlıq bərbad olacaq və daxildən parçalanmış şəhər və ya ev durmayacaq. 26  Eynilə də, əgər Şeytan Şeytanı qovursa, deməli, o, daxildən parçalanıb. Belə isə, onun padşahlığı necə duracaq? 27  Əgər mən cinləri Beelzebubun əli ilə qovuramsa, görəsən, sizin davamçılarınız onları kimin əli ilə qovurlar? Buna görə də onlar sizi məhkum edəcəklər. 28  Yox əgər mən cinləri Allahın müqəddəs ruhu vasitəsilə qovuramsa, deməli, Allahın padşahlığı gəlib, sizin isə xəbəriniz yoxdur. 29  Kimsə güclü bir adamın evinə necə girib var-dövlətini talaya bilər? Gərək əvvəlcə onun əl-qolunu bağlasın, sonra evini qarət etsin. 30  Mənim tərəfimdə olmayan mənim əleyhimədir və mənimlə bir yerdə yığmayan dağıdır. 31  Buna görə sizə deyirəm: hər cür günah və küfr bağışlanacaq, ancaq müqəddəs ruha qarşı söylənilmiş küfr bağışlanmayacaq. 32  Misal üçün, kimsə insan Oğluna qarşı pis bir söz desə, bağışlanacaq, ancaq müqəddəs ruha qarşı pis bir söz deyən bağışlanmayacaq. O, nə bu dövrdə, nə də gələcək dövrdə əfv olunmayacaq. 33  Ağacınız yaxşıdırsa, meyvəsi də yaxşı olacaq, yox əgər ağacınız çürükdürsə, meyvəsi də çürük olacaq. Ağac meyvəsindən tanınar. 34  Əfi ilan balaları, pis olduğunuz halda, yaxşı şeyləri necə danışa bilərsiniz? Çünki ağız ürəkdəki fikirlərin bolluğundan danışır. 35  Yaxşı adam özünün yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pislik xəzinəsindən pis şeylər çıxarır. 36  Onu bilin ki, hər bir insan dediyi hər boş sözə görə Hökm günündə cavab verəcək. 37  Bəli, sən sözlərinə görə ya bəraət qazanacaqsan, ya da məhkum olunacaqsan». 38  O zaman mirzələrdən və fəriseylərdən bəziləri İsaya dedi: «Müəllim, istəyirik ki, sən bizə bir əlamət göstərəsən». 39  İsa onlara cavab verdi: «Pis və zinakar nəsil həmişə əlamət axtarır, ancaq ona Yunus peyğəmbərin əlamətindən başqa əlamət verilməyəcək. 40  Yunus nəhəng balığın qarnında üç gün, üç gecə qaldığı kimi, insan Oğlu da yerin bağrında üç gün-üç gecə qalacaq. 41  Hökm günü ninevalılar bu nəslin adamları ilə bərabər dirilib onları məhkum edəcəklər, çünki ninevalılar Yunusun sözlərini eşidib tövbə etdilər, halbuki burada Yunusdan daha böyük peyğəmbər durub. 42  Hökm günü cənub məlikəsi bu nəslin adamları ilə bərabər dirilib onları məhkum edəcək. Çünki məlikə dünyanın o biri ucundan Süleymanın hikmətini dinləmək üçün gəlmişdi, hərçənd burada Süleymandan daha hikmətlisi durub. 43  Bir murdar ruh insandan çıxandan sonra, rahat bir yer tapmaq üçün quraqlıq yerləri gəzib dolaşır, amma rahat yer tapmır. 44  Sonra öz-özünə deyir: “Qoy çıxdığım evə qayıdım”. Geri qayıdanda görür ki, ora boşdur, səliqə-sahman və bərbəzək içindədir. 45  Sonra gedir və özündən qat-qat pis yeddi müxtəlif ruh götürür. Onlar içəri girib orada yaşayırlar. O adamın sonu əvvəlkinə nisbətən daha pis olur. Bu pis nəslin də sonu belə olacaq». 46  İsa camaatın qarşısında danışarkən anası və qardaşları gəlib bayırda durdular. Onlar İsa ilə danışmaq istəyirdilər. 47  Kimsə İsaya dedi: «Anan və qardaşların bayırdadırlar, səninlə danışmaq istəyirlər». 48  İsa ona dedi: «Mənim anam və qardaşlarım kimdir?» 49  Sonra əlini şagirdlərinə tərəf uzadıb dedi: «Budur mənim anam və qardaşlarım! 50  Göydəki Atamın iradəsini yerinə yetirən adam mənim qardaşım, bacım və anamdır».

Haşiyələr