Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 10:1—42

10  Sonra İsa on iki şagirdini çağırıb onlara murdar ruhların üzərində səlahiyyət verdi. Bunun sayəsində şagirdlər cinləri qova bilərdilər. İsa onlara həmçinin hər cür xəstəliyi və naxoşluğu sağaltmaq səlahiyyəti də verdi.  On iki həvari bunlardır: birincisi Peter* ləqəbli Şimon və qardaşı Andreas; Zebedeyin oğulları Yaqub və Yəhya;  Filip və Bartolomey*; Tomas və vergiyığan Matta*; Alfey oğlu Yaqub və Taday*;  Qeyrətli ləqəbli Şimon və sonradan İsaya xəyanət edən Yəhuda İskariot.  İsa bu on iki şagirdi yola saldı və onlara tapşırdı: «Başqa xalqların yanına aparan yola çıxmayın və samariyalıların şəhərlərinə girməyin.  Yalnız İsrail evinin itmiş qoyunlarının yanına gedin.  Getdiyiniz yerlərdə: “Səmavi padşahlıq yaxınlaşıb”, — deyərək təbliğ edin.  Xəstələri sağaldın, ölüləri dirildin, cüzamlıları təmizləyin, cinləri qovun. Təmənnasız almısınız, təmənnasız da verin.  Kisənizə qızıl, gümüş və ya mis pul qoymayın. 10  Özünüzlə nə heybə, nə dəyişək köynək*, nə səndəl, nə də əsa götürməyin, çünki zəhmətkeş ruziyə layiqdir. 11  Hansı şəhərə və ya kəndə girsəniz, layiqli adamları axtarın və başqa yerə gedənə qədər orada qalın. 12  Bir evə girəndə ev sakinlərini salamlayın. 13  Əgər o evdəkilər layiqlidirlərsə, qoy dilədiyiniz sülh onların üzərinə gəlsin, yox əgər layiqli deyillərsə, qoy sülhünüz özünüzə qayıtsın. 14  Hansı yerdə sizi qəbul etməsələr və ya sözünüzü dinləməsələr, o evdən, yaxud o şəhərdən çıxanda ayağınızın tozunu* da çırpın. 15  Əmin olun ki, Sodom və Homorra torpağı üçün Hökm günündə tab gətirmək o şəhərə nisbətən daha asan olacaq. 16  Mən sizi canavarlar arasına quzu kimi göndərirəm, ona görə də ilan kimi ehtiyatlı, eyni zamanda göyərçin kimi məsum olun. 17  İnsanlarla ehtiyatlı olun, çünki onlar sizi məhkəmələrə verəcək və öz sinaqoqlarında qamçılayacaqlar. 18  Məndən ötrü sizi hakimlərin və padşahların önünə gətirəcəklər. Beləcə onlara və digər xalqlara şəhadət verəcəksiniz. 19  Sizi məhkəməyə verəndə nədən və ya necə danışacağınız barəsində narahat olmayın, çünki nə demək lazım olduğu sizə həmin an veriləcək. 20  Danışanda tək olmayacaqsınız, Atanızın müqəddəs ruhu sizin vasitənizlə danışacaq. 21  Qardaş qardaşı, ata övladını ölümə verəcək. Uşaqlar valideynlərinə qarşı qalxacaq və onları ölümə verəcəklər. 22  Mənim adıma görə hamı sizə nifrət edəcək. Ancaq axıra kimi dözən xilas olacaq. 23  Sizi bir şəhərdə təqib edəndə, o biri şəhərə qaçın. Bunu bilin ki, siz İsrail şəhərlərinin hamısını gəzib qurtarmamış insan Oğlu gələcək. 24  Şagird müəllimindən və nökər ağasından üstün deyil. 25  Şagird müəllimi kimi, nökər isə ağası kimi olsa, bəsidir. Əgər ev sahibini Beelzebub adlandırıblarsa, görün ev əhlini nə adlandıracaqlar? 26  Buna görə də onlardan qorxmayın. Çünki elə bir gizli şey yoxdur ki, üstü açılmasın və elə bir sirr yoxdur ki, aşkar olmasın. 27  Sizə qaranlıqda dediyimi işıqda danışın, pıçıltı ilə deyilən sözləri evlərin damından vəz edin. 28  Bədəni öldürüb, amma gələcək həyatınıza* xətər yetirə bilməyənlərdən qorxmayın, əksinə, sizi* Hinnom dərəsində məhv etməyə qadir olandan qorxun. 29  Məgər iki sərçəni bir qara qəpiyə* satmırlar? Hərçənd onlardan heç biri Atanızın xəbəri olmadan yerə düşmür. 30  Sizin isə saçınızın telləri belə bir-bir sayılıb. 31  Buna görə də qorxmayın. Siz sərçələrdən qat-qat qiymətlisiniz. 32  Kim insanların qarşısında mənimlə vəhdətdə* olduğunu açıq-aşkar söyləyirsə, mən də onunla vəhdətdə olduğumu göydəki Atamın qarşısında açıq-aşkar söyləyəcəyəm. 33  Amma kim insanların qarşısında məni danırsa, mən də göydəki Atamın qarşısında onu danacağam. 34  Elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm. Mən yer üzünə sülh yox, qılınc gətirmişəm. 35  Mən oğulu atadan, qızı anadan, gəlini qayınanadan ayırmağa gəlmişəm. 36  Bəli, insanın düşmənləri öz evindəkiləri olacaq. 37  Atasını və ya anasını məndən çox istəyən mənə layiq deyil, həmçinin oğlunu və ya qızını məndən çox istəyən mənə layiq deyil. 38  İşgəncə dirəyini* götürüb mənim ardımca gəlməyən mənə layiq deyil. 39  Canını ölümdən qurtaran onu itirəcək, amma canını mənim uğrumda itirən onu xilas edəcək. 40  Sizi qəbul edən məni də qəbul edir, məni qəbul edən isə məni göndərəni qəbul edir. 41  Kim peyğəmbəri onun peyğəmbər olduğu üçün qəbul edirsə, peyğəmbərə layiq mükafat alacaq və kim saleh adamı onun saleh olduğu üçün qəbul edirsə, salehə layiq mükafat alacaq və 42  kim bu kiçiklərdən birinə onun şagird olduğu üçün bir parç sərin su verirsə, inanın ki, mükafatsız qalmayacaq».

Haşiyələr

Peter müxtəlif adlarla tanınır: bu ayədə «Peter ləqəbli Şimon»; 16:16-da «Şimon Peter»; Həv 15:14-də «Simeon»; Yəh 1:42-də «Kifa»
Yəh 1:46 və 21:2-də «Natanael» adı ilə də tanınır
Həmçinin «Levi» adı ilə də tanınır. Luka 5:27-ə bax
Həmçinin «Yaqubun oğlu Yəhuda» adı ilə də tanınır
Hərfən «iki köynək»
«Ayaqdan tozu çırpmaq» ifadəsi özünü məsuliyyətdən azad etmək mənasını daşıyırdı
Hərfən «canınıza», yəni dirilmə vasitəsilə həyata qayıtmaq ümidi
Hərfən «həm canı, həm bədəni»
«Qəpik», yunanca assarion. Fəhlənin bir günlük əmək haqqı olan dinarın on altıda biri dəyərində mis pul. 10–cu Əlavəyə bax
Yəni «birlikdə». Ətraflı məlumat üçün Lüğətə bax
5–ci Əlavəyə bax