Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Mark 2:1—28

2  Bir neçə gündən sonra o, yenə də Kapernahuma gəldi. Camaat onun evdə olduğundan xəbər tutdu.  Bu səbəbdən oraya o qədər adam toplaşdı ki, hətta qapının ağzında da yer qalmadı. İsa onlara Allahın sözünü danışmağa başladı.  Həmin vaxt dörd kişi iflic olmuş bir adamı oraya gətirdi.  Lakin basabas olduğundan onu İsanın yanına keçirə bilmədilər. Buna görə də düz İsanın olduğu yerin üstündən damı söküb deşik açdılar və xəstəni xərəkdəcə aşağı salladılar.  Onların imanını görən İsa xəstəyə dedi: «Bala, sənin günahların bağışlandı».  Orada bir neçə mirzə oturmuşdu. Onlar ürəklərində deyirdilər:  «Bu adam nə deyir? O, küfr danışır. Məgər Allahdan savayı kimsə günahları bağışlaya bilər?»  İsa onların fikirlərini dərhal anlayıb dedi: «Niyə ürəyinizdə belə fikirləşirsiniz?  Bu iflic olmuş adama: “Günahların bağışlandı”, — demək asandır, yoxsa: “Qalx, yatağını da götür, get?” 10  Ancaq siz insan Oğlunun yerdə günahları bağışlamağa səlahiyyəti olduğunu biləsiniz deyə...» İflic olmuş adama dedi: 11  «Dur, yatağını da götür, evinə get». 12  O adam qalxdı, dərhal yatağını götürdü və hamının gözü qarşısında çıxıb getdi. Camaat heyrət içində Allahı mədh edərək dedi: «Biz hələ belə şey görməmişik». 13  İsa yenə də göl qırağına gəldi. Xalq onun yanına axışırdı və İsa onları öyrətməyə başladı. 14  Sonra o, vergi idarəsinin yanından keçəndə orada oturmuş Alfey oğlu Levini gördü və ona dedi: «Ardımca gəl*». Levi durub onun ardınca getdi. 15  Bir müddət sonra İsa öz şagirdləri ilə birlikdə onun evində süfrədə əyləşmişdi. Bir çox vergiyığan və günahlı da gəlib onlarla süfrə arxasına əyləşdilər. Onlardan bir çoxu İsanın davamçısı oldu. 16  Ancaq fəriseylərdən olan mirzələr onun günahlılar və vergiyığanlarla bir yerdə çörək yediyini görəndə İsanın şagirdlərinə dedilər: «Bu nədir? O, vergiyığanlar və günahlılarla yemək yeyir?» 17  İsa bunu eşidəndə onlara dedi: «Sağlam adamların həkimə ehtiyacı olmur, həkimə xəstələr möhtacdır. Mən salehləri yox, günahlıları çağırmağa gəlmişəm». 18  Yəhyanın şagirdləri və fəriseylər oruc tutardılar. Onlar gəlib İsadan soruşdular: «Nəyə görə Yəhyanın da, fəriseylərin də şagirdləri oruc tutur, sənin şagirdlərin isə tutmur?» 19  İsa onlara cavab verdi: «Təzəbəy dostları ilə olanda heç dostlar oruc tutarlar? Nə qədər ki, təzəbəy dostlarının yanındadır, dostlar oruc tutmazlar. 20  Lakin gün gələcək, bəyi aralarından götürəcəklər, bax onda onlar oruc tutacaqlar. 21  Heç kəs köhnə paltara təzə parçadan yamaq tikməz, belə etsə, təzə yamaq yığılıb paltarı cırar və yırtılmış yer daha da korlanar. 22  Həmçinin heç kəs təzə şərabı köhnə tuluqlara tökməz. Yoxsa şərab tuluqları yırtar, onda şərab da, tuluqlar da zay olar. Buna görə də təzə şərabı təzə tuluqlara tökürlər». 23  Bir şənbə günü İsa zəmilərin arası ilə gedirdi. Onun şagirdləri gedə-gedə sünbül dərirdilər. 24  Buna görə də fəriseylər ona dedilər: «Bunlara bax! Onlar nəyə görə şənbə günü qadağan olunmuş işi görürlər?» 25  İsa cavab verdi: «Məgər siz heç vaxt oxumamısınız ki, Davudun ərzağı qurtaranda, özü və yoldaşları acanda o nə etmişdi? 26  Böyük kahin Abiyatar haqqındakı əhvalatdan bilmirsiniz ki, Davud Allahın evinə girib təqdim çörəklərini yedi, üstəlik yoldaşlarına da verdi? Halbuki qanuna görə bu çörəkləri kahinlərdən başqa heç kəs yeyə bilməzdi». 27  İsa əlavə etdi: «İnsan şənbə üçün yaranmayıb, şənbə insan üçün təyin edilib. 28  Bəli, insan Oğlu şənbənin də Ağasıdır».

Haşiyələr

«Ardımca gəl/ardı ilə getmək» ifadələri İsanın davamçısı olmaq mənasında işlədilir