Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Mark 15:1—47

15  Səhər tezdən bütün Sinedrion: böyük kahinlər, ağsaqqallar və mirzələr məşvərət keçirdi. Onlar İsanın əl-qolunu bağladılar və aparıb Pilata təhvil verdilər.  Pilat ondan soruşdu: «Sən yəhudilərin padşahısan?» İsa ona cavab verdi: «Bunu sən özün deyirsən».  Böyük kahinlər İsanı çoxlu şeydə ittiham edirdilər.  Pilat yenidən soruşdu: «Niyə cavab vermirsən? Gör sənə qarşı nə qədər ittiham irəli sürülür!»  Amma İsa daha cavab vermədi. Pilat buna bərk təəccübləndi.  Pilat adətən hər Pasxa bayramında xalqın istədiyi bir məhbusu azadlığa buraxırdı.  O günlərdə həbsdə üsyan zamanı qətl törətmiş üsyankarlar saxlanılırdı. Barabba adında bir adam da onların arasında idi.  Camaat toplaşıb Pilatdan həmişəki kimi bir məhbusu azadlığa buraxmağı xahiş etməyə başladı.  Pilat onlara dedi: «İstəyirsiniz, sizin üçün yəhudilərin padşahını azad edim?» 10  O bilirdi ki, böyük kahinlər İsanı paxıllıqdan ələ veriblər. 11  Amma böyük kahinlər camaatı qızışdırdılar ki, İsanın yerinə Barabbanın azad olmasını istəsinlər. 12  Pilat onlara bir də dedi: «Bəs yəhudilərin padşahı dediyiniz bu adamla nə edim?» 13  Camaat təkrarən qışqırdı: «Onu dirəyə mıxla!» 14  Pilat onlardan soruşdu: «Axı niyə? O nə pis iş görüb ki?» Onlar daha da bərkdən qışqırdılar: «Onu dirəyə mıxla!» 15  Onda Pilat camaatı razı salmaq üçün Barabbanı azad etdi, İsanı isə qamçı ilə döydürüb dirəyə mıxlamaq üçün əsgərlərə təhvil verdi. 16  Əsgərlər İsanı vali sarayının həyətinə apardılar. Bütün alay oraya gəldi. 17  Onlar İsanın əyninə bənövşəyi libas geyindirdilər, tikandan çələng hörüb başına qoydular. 18  Sonra onu salamlamağa başladılar: «Salam, ey yəhudilərin Padşahı!» 19  Qamış çubuqla onun başına döyəcləyir, üzünə tüpürür, qarşısında diz çöküb təzim edirdilər. 20  Nəhayət, onu lağa qoyub qurtarandan sonra əynindəki bənövşəyi libası çıxardıb əbasını geyindirdilər və edama apardılar. 21  Əsgərlər kənddən qayıdan bir yolçunu, Aleksandr ilə Rufun atası kirenalı Şimonu tutub, İsanın işgəncə dirəyini daşımağa məcbur etdilər. 22  İsanı Qolqota (mənası «Kəllə» deməkdir) deyilən yerə gətirdilər. 23  Burada ona içinə bihuş edici mürr* qatılmış şərab vermək istədilər, amma o içmədi. 24  İsanı dirəyə mıxladılar, sonra püşk atıb əbasını öz aralarında bölüşdürdülər. 25  Onu səhər saat doqquzda* dirəyə mıxladılar. 26  İsanın başı üstündə ona qarşı irəli sürülmüş ittiham yazılmışdı: «Yəhudilərin padşahı». 27  Onun yanında dirəyə iki quldur mıxladılar, birini sağında, birini də solunda. 28  * —— 29  Oradan keçənlər İsanı təhqir edir, başlarını bulayıb deyirdilər: «Məbədi dağıdıb üç günə tikənə bax! 30  Ay-hay! Sən hələ özünü xilas et, bir işgəncə dirəyindən düş». 31  Böyük kahinlərlə mirzələr də öz aralarında onu lağa qoyur və deyirdilər: «Başqalarını xilas edirdi, özünü isə xilas edə bilmir! 32  Qoy İsrailin padşahı Məsih gözümüzün qabağında işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq». Hətta onun yanında dirəyə mıxlanmış adamlar da onu təhqir edirdilər. 33  Günorta saat on iki radələrində bütün o əraziyə qaranlıq çökdü və saat üçə kimi davam etdi.* 34  Saat üçdə İsa ucadan: «Eli, Eli, lama sabaxtani?», — yəni «Allahım, Allahım, niyə məni tərk etdin?», — dedi. 35  Orada duranlardan bəziləri bu sözləri eşidəndə dedilər: «Baxın, İlyası çağırır». 36  Amma bir nəfər qaçıb süngəri sirkəyə batırdı, sonra onu bir qamışın ucuna taxıb içmək üçün ona uzatdı və dedi: «Əl çəkin ondan. Görək İlyas gəlib onu dirəkdən düşürəcək». 37  Ancaq İsa bərkdən qışqırdı və öldü. 38  Bu zaman məbədin pərdəsi yuxarıdan aşağıya cırılıb iki yerə bölündü. 39  Yaxınlıqda duran bir yüzbaşı baş verənləri və onun öldüyünü görəndə dedi: «Bu adam, doğrudan da, Allahın Oğlu imiş». 40  Orada qadınlar da var idi, onlar baş verənləri uzaqdan müşahidə edirdilər. Məcdəlli Məryəm, kiçik Yaqubla Yoseyin anası Məryəm və Salome də onların arasında idi. 41  İsa Qalileyada olarkən bu qadınlar ona xidmət etmiş və yol boyu onu müşayiət etmişdilər. İsa ilə birlikdə Yerusəlimə gəlmiş bir çox başqa qadın da orada idi. 42  Artıq axşam düşürdü. Həmin gün Hazırlıq günü, yəni şənbə ərəfəsi olduğu üçün, 43  Şuranın hörmətli üzvü və Allahın padşahlığını gözləyən arimateyalı Yusif oraya gəldi. O, cəsarətini toplayıb Pilatın yanına getdi və ondan İsanın cəsədini istədi. 44  Pilat İsanın öldüyünü eşidəndə təəccübləndi və yanına bir yüzbaşı çağırıb İsanın həqiqətən də öldüyünü dəqiqləşdirdi. 45  Yüzbaşı İsanın öldüyünü təsdiqləyəndə Pilat cəsədi Yusifə verdi. 46  Yusif cəsədi götürüb aldığı zərif kətana bürüdü və qayada oyulmuş sərdabəyə qoydu. Sonra sərdabənin ağzına bir daş diyirlədi. 47  Məcdəlli Məryəm və Yoseyin anası Məryəm cəsədin qoyulduğu yerə baxırdılar.

Haşiyələr

Yaxud mirra, ətirli qatran 
Hərfən «günün üçüncü saatında»
Mark 7:16 haşiyəsinə bax
Hərfən «altıncı saatdan doqquzuncu saata kimi»