Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Mark 13:1—37

13  İsa məbəddən çıxanda şagirdlərindən biri dedi: «Müəllim, bir bu daşlara, bu binalara bax!»  Amma İsa ona dedi: «Gördüyün bu möhtəşəm binalardan daş daş üstə qalmayacaq, hamısı dağılacaq».  İsa Zeytun dağında oturmuşdu. Buradan məbəd yaxşı görünürdü. Bu vaxt Peter, Yaqub, Yəhya və Andreas təklikdə ondan soruşdular:  «Bizə de, bunlar nə vaxt baş verəcək? Bütün bunların yekununun əlaməti nə olacaq?»  İsa onlara dedi: «Diqqətli olun ki, heç kəs sizi aldatmasın.  Bir çoxları mənim adımla gəlib: “Məsih mənəm”, — deyəcək və çoxlarını aldadacaq.  Həmçinin yaxın və uzaq yerlərdə gedən müharibələr barəsində eşidəndə dəhşətə gəlməyin. Bunlar baş verməlidir, amma bu, hələ son deyil.  Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Bir çox yerlərdə zəlzələlər və qıtlıq olacaq. Bunlar bəlaların* başlanğıcıdır.  Siz isə diqqətli olun; insanlar sizi məhkəmələrə verəcək, sinaqoqlarda döyəcək, mənim adıma görə sizi hakimlərin və padşahların qabağına gətirəcəklər. Bu, onlara şəhadət verməyiniz üçün fürsət yaradacaq. 10  Həmçinin əvvəlcə bütün millətlərin arasında xoş xəbər təbliğ edilməlidir. 11  Sizi məhkəməyə aparanda nə deyəcəyiniz barəsində qabaqcadan narahat olmayın. Həmin an sizə nə veriləcəksə, onları deyərsiniz, çünki danışan siz yox, müqəddəs ruh olacaq. 12  Bundan əlavə, qardaş qardaşını, ata övladını ölümə verəcək, övladlar valideynlərə qarşı çıxıb onları öldürtdürəcəklər. 13  Mənim adıma görə hamı sizə nifrət edəcək. Lakin axıra kimi dözən xilas olacaq. 14  Siz viranəlik gətirən iyrənc şeyin layiq olmadığı yerdə durduğunu görəndə (oxuyan dərk etsin) qoy Yəhudeyada olanlar dağlara qaçsın. 15  Qoy damda olan evdən nə isə götürmək üçün damdan düşməsin, evə girməsin. 16  Tarlada olan da əbasını götürmək üçün qayıtmasın. 17  O günlərdə hamilə qadınların və südəmizdirən anaların vay halına! 18  Dua edin ki, qaçmağınız qışa təsadüf etməsin. 19  Çünki o günlərdə elə bir müsibət olacaq ki, beləsi Allah dünyanı yaradandan həmin vaxtadək* olmayıb və bir daha olmayacaq. 20  Əgər Yehova o günləri qısaltmasaydı, heç kəs xilas ola bilməzdi. Amma O, seçdiyi adamlara görə həmin günləri qısaldacaq. 21  Əgər o zaman da sizə: “Baxın, Məsih buradadır!”, yaxud “Oradadır!”, — deyən olsa, inanmayın. 22  Çünki saxta məsihlər və saxta peyğəmbərlər peyda olacaq, əlamət və möcüzələr göstərəcəklər ki, mümkünsə, seçilmişləri də yoldan çıxartsınlar. 23  Buna görə də diqqətli olun! Mən sizi xəbərdar etdim. 24  Lakin o vaxt, o müsibətdən sonra günəş zülmətə qərq olacaq, ay işıq saçmayacaq, 25  ulduzlar göydən düşəcək və göylərin qüdrəti sarsılacaq. 26  O zaman insan Oğlunun qüdrət və cah-calalla buludların üzərində gəldiyini görəcəklər. 27  O, mələkləri göndərəcək və dünyanın dörd tərəfindən, yerin bir ucundan göyün o biri ucunadək seçdiklərini yığacaq. 28  Nümunə üçün əncir ağacını götürək. Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır. 29  Siz də bunların baş verdiyini görəndə bilin ki, insan Oğlu yaxında, qapının ağzındadır. 30  Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil yox olmamış baş verəcək. 31  Göy və yer yox olub gedəcək, mənim sözlərim isə qalacaq. 32  O günü və ya saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir. 33  Diqqətli olun, oyaq qalın, çünki təyin edilmiş vaxtın haçan gələcəyini bilmirsiniz. 34  Bu, başqa ölkəyə yollanan bir adamın öz evinin nəzarətini nökərlərə tapşırıb hərəsinə bir iş verməsinə, qapıçıya da oyaq qalmağı buyurmasına bənzəyir. 35  Buna görə də oyaq qalın, çünki ev sahibinin nə vaxt gələcəyini: axşam, gecə yarısında, xoruz banında, yaxud səhər tezdən gələcəyini bilmirsiniz.* 36  Elə olmasın ki, o, qəfil gələndə sizi yatmış tapsın. 37  Sizə dediyimi hamıya deyirəm: oyaq qalın!»

Haşiyələr

Hərfən «doğum sancılarının»
Orijinalda «indiyədək»
Yunanıstan və Romada gecə dörd növbəyə bölünürdü: «axşam» — gün batandan axşam saat doqquza kimi birinci növbə, «gecə yarısı» — axşam saat doqquzdan on ikiyə kimi ikinci növbə, «xoruz banı» — gecəyarısından səhər saat üçə qədər üçüncü növbə, «səhər tezdən» — səhər saat üçdən saat altıya kimi dördüncü növbə hesab edilirdi