Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Mark 12:1—44

12  İsa sözünə məsəllərlə davam etdi: «Bir adam üzüm bağı saldı. O, bağı çəpərlədi, üzüm sıxmaq üçün çala qazdı, bir qüllə tikdi və bağı bağbanlara icarəyə verib başqa ölkəyə yollandı.  Məhsul yığımı mövsümündə o öz nökərini göndərdi ki, bağbanlar bağın məhsulundan onun payını versinlər.  Bağbanlar isə nökəri qamarlayıb döydülər və əliboş geri qaytardılar.  Bağın sahibi onların yanına başqa bir nökər göndərdi, lakin bağbanlar onun başını yarıb təhqir etdilər.  O, bir nökərini də göndərdi, bağbanlar onu öldürdülər. Bağ sahibi ora çoxlu nökər göndərdi, lakin bağbanlar bəzilərini döydülər, o birilərini öldürdülər.  Bağ sahibinin bir sevimli oğlu da var idi. O: “Hər halda oğluma hörmətlə yanaşarlar”, — deyib lap axırda bağbanların yanına oğlunu göndərdi.  Ancaq bağbanlar bir-birilərinə dedilər: “Bu varisdir. Gəlin onu öldürək, onda miras bizim olar”.  Bağbanlar onu tutub öldürdülər və bağdan çölə atdılar.  Görəsən, bağın sahibi nə edəcək? O gəlib bağbanları öldürəcək, üzüm bağını isə başqalarına verəcək. 10  Məgər Müqəddəs Yazılarda: “Bənnaların rədd etdikləri daş əsas guşədaşı oldu. 11  Bunu edən Yehovadır və biz buna heyran qalmışıq”, — sözlərini heç oxumamısınız?» 12  Onlar İsanın bu məsəli onlara aid etdiyini başa düşüb onu tutmaq üçün fürsət axtarmağa başladılar. Ancaq xalqdan qorxdular. Buna görə də İsadan ayrılıb getdilər. 13  Sonra onlar İsanı sözdə tutmaq üçün yanına bir neçə fəriseyi və Hirodun ardıcılını göndərdilər. 14  Onlar gəlib dedilər: «Müəllim, biz bilirik ki, sən düz adamsan, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən, heç kəsin fikri sənə təsir göstərmir, çünki insanın hansı vəzifə sahibi olması səni maraqlandırmır. Səncə, padşaha* can vergisi ödəmək düzgündür, ya yox? 15  Nə deyirsən, ödəyək, ödəməyək?» İsa onların riyakarlığını görüb dedi: «Məni niyə sınayırsınız? Bir dinar gətirin görüm». 16  Ona bir dinar verdilər. İsa soruşdu: «Burada kimin surəti və titulu həkk olunub?» Onlar cavab verdilər: «Padşahın». 17  Onda İsa dedi: «Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin». Onlar İsanın sözlərinə mat qaldılar. 18  Sonra onun yanına dirilməyə inanmayan sadukeylər gəldilər və dedilər: 19  «Müəllim, Musa bizə yazıb ki, əgər bir adam özündən sonra övlad qoymayıb ölərsə, onun qardaşı dul qalmış arvadı almalı və həmin arvad vasitəsilə qardaşının nəslini davam etdirməlidir. 20  Yeddi qardaş var idi: böyük qardaş evləndi, amma övlad qoymayıb öldü. 21  Sonra o qadını ikinci qardaş aldı. O da övladsız öldü. Üçüncüsü də eləcə. 22  Yeddi qardaşın heç biri özündən sonra uşaq qoymadı. Hamıdan axırda qadın öldü. 23  Dirilmə vaxtı bu qadın hansı qardaşın arvadı olacaq? Axı yeddisi də ona evlənmişdi». 24  İsa onlara cavab verdi: «Siz nə Müqəddəs Yazıları bilirsiniz, nə də Allahın qüdrətindən xəbəriniz var. Buna görə də yanılırsınız, məgər elə deyil? 25  Axı dirilmə zamanı kişilər evlənməyəcək, qadınlar da ərə getməyəcəklər. Onlar göydəki mələklər kimi olacaqlar. 26  O ki qaldı ölülərin dirilməyinə, məgər Musanın kitabında, göyəm kolu haqqındakı əhvalatda Allahın Musaya: “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”, — dediyini heç oxumamısınız? 27  O, ölülərin yox, dirilərin Allahıdır. Siz bərk yanılırsınız». 28  Orada bu mübahisəni eşidən bir mirzə var idi. Mirzə İsanın onlara yaxşı cavab verdiyini bildiyi üçün ondan soruşdu: «Bütün əmrlərin arasında ən birincisi hansıdır?» 29  İsa cavab verdi: «Ən birincisi budur: “Eşit, ey İsrail! Allahımız Yehovadır; Yehova yeganə Allahdır. 30  Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və var gücünlə sev”. 31  İkinci əmr isə budur: “Yaxınını özünü sevdiyin kimi sev”. Bunlardan böyük əmr yoxdur». 32  Mirzə ona dedi: «Müəllim, yaxşı dedin. Doğru deyirsən ki, “O, təkdir, Ondan başqası yoxdur” 33  və Onu bütün ürəklə, bütün düşüncə ilə, var qüvvə ilə sevmək və insanın yaxınını da özü kimi sevməsi, yandırılan və kəsilən qurbanlardan qat-qat qiymətlidir». 34  İsa onun ağıllı cavab verdiyini görüb dedi: «Sən Allahın padşahlığından uzaq deyilsən». Artıq heç kəs cürət edib ona sual vermədi. 35  Sonra İsa məbəddə öyrədərək bunları dedi: «Nə üçün mirzələr deyirlər ki, Məsih Davudun oğludur? 36  Davud özü müqəddəs ruhun təsiri altında demişdi: “Yehova Ağama dedi: «Düşmənlərini ayağının altına qoyanadək sağımda otur»”. 37  Əgər Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?» İzdiham onu böyük məmnuniyyətlə dinləyirdi. 38  İsa sözünə davam etdi: «Özünüzü mirzələrdən gözləyin. Onlar uzun xələtlərdə gəzməyi, bazar meydanlarında camaatdan salam almağı, 39  sinaqoqlarda qabaq cərgələrdə, ziyafətlərdə yuxarı başda oturmağı sevirlər. 40  Onlar dul qadınların evlərini talayır və özlərini mömin göstərmək üçün uzun-uzadı dua edirlər. Onlara daha ağır hökm kəsiləcək». 41  İsa əyləşdi. Həmin yerdən xəzinə qabları yaxşı görünürdü. O, camaatın qablara necə pul atmağına baxmağa başladı. Bir çox varlılar xəzinə qablarına çoxlu pul atırdılar. 42  Bir kasıb dul qadın gəlib qaba iki xırda* pul saldı. 43  İsa şagirdlərini yanına çağırıb dedi: «Bunu bilin ki, bu kasıb dul qadın xəzinə qablarına pul atanların hamısından daha çox atdı. 44  çünki onların hamısı var-dövlətlərinin artığından ianə verdilər, bu qadın isə yoxsul ola-ola, dolanmaq üçün nəyi vardısa, hamısını verdi».

Haşiyələr

Hərfən «sezara»
Hərfən «iki lepta». Lepton misdən və ya tuncdan düzəldilən ən xırda yəhudi pulu idi və bir günlük əmək haqqının altmış dörddə birinə bərabər idi. 10–cu Əlavəyə bax