Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Mark 11:1—33

11  Onlar Yerusəlimə, Zeytun dağında yerləşən Betfagiya və Betaniyaya yaxınlaşanda İsa iki şagirdini qabağınca göndərib  dedi: «Qarşıdakı kəndə gedin. Kəndə girən kimi payaya bağlanmış, heç kimin minmədiyi bir qoduq görəcəksiniz. Onu açıb mənə gətirin.  Əgər sizdən soruşsalar ki, nə edirsiniz, belə deyin: “Ağaya lazımdır, sonra dərhal geri qaytaracaq”».  Beləliklə, şagirdlər yola düşdülər və gəlib bir küçədə çöl tərəfdən qapıya bağlanmış bir qoduq tapdılar və onu açdılar.  Orada duranlardan bəziləri onlara dedi: «Heyvanı niyə açırsınız?»  Şagirdlər İsanın öyrətdiyi kimi cavab verdilər. Onda adamlar onlara mane olmadılar.  Şagirdlər heyvanı İsanın yanına gətirib əbalarını heyvanın belinə qoydular. İsa qoduğa mindi.  Bir çoxları əbalarını, digərləri isə çöldən kəsdikləri yaşıl budaqları yola sərirdilər.  İsanın qabağınca və arxasınca gedən adamlar ucadan deyirdilər: «Yalvarırıq, xilas et! Yehovanın adı ilə gələnə eşq olsun! 10  Atamız Davudun qarşıdan gələn padşahlığına eşq olsun! Ey göylərdə yaşayan Rəbbimiz, yalvarırıq, xilas et!» 11  İsa Yerusəlimə daxil olub məbədə girdi. O, ətrafa göz gəzdirdi və artıq gec olduğundan on iki həvarisi ilə Betaniyaya getdi. 12  Ertəsi gün onlar Betaniyadan çıxanda İsa acdı. 13  Uzaqdan onun gözünə yamyaşıl bir əncir ağacı sataşdı. İsa ağaca yaxınlaşdı ki, görsün ağacda meyvə var, ya yox. Lakin ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki hələ əncirin vaxtı deyildi. 14  İsa ağaca dedi: «Qoy bundan sonra heç kəs səndən meyvə yeməsin». Bu sözü şagirdlər də eşitdilər. 15  Onlar Yerusəlimə gəldilər. İsa məbədə girdi, oradakı alverçiləri və müştəriləri qovdu, pul dəyişənlərin masalarını və göyərçin satanların kətillərini çevirdi 16  və bir kimsəni məbədin içindən bir şey keçirməyə qoymadı. 17  O, həmçinin xalqı öyrədərək deyirdi: «Məgər yazılmayıb ki: “Mənim evim bütün millətlər üçün dua evi adlanacaq”? Siz isə onu quldur yuvasına döndərmisiniz». 18  Böyük kahinlər və mirzələr də bunu eşitdilər və İsanı öldürmək üçün bir yol axtarmağa başladılar. Onlar İsadan qorxurdular, çünki camaat onun necə öyrətdiyinə valeh idi. 19  Axşam İsa həmişəki kimi şagirdləri ilə şəhərdən çıxdı. 20  Səhər tezdən həmin yerdən keçəndə gördülər ki, əncir ağacı qupquru quruyub. 21  Peter dünənki hadisəni yadına salıb İsaya dedi: «Müəllim, bir bax! Lənətlədiyin əncir ağacı quruyub!» 22  İsa onlara dedi: «Allaha iman edin. 23  Bunu bilin ki, kim bu dağa: “Qalx, dənizə atıl”, — deyib ürəyində şübhə etməsə, əksinə, sözünün mütləq yerinə yetəcəyinə inansa, elə də olacaq. 24  Buna görə əmin olun. Dua edib xahiş etdiyiniz hər şeyi hökmən alacağınıza inansanız, alacaqsınız. 25  Durub dua edəndə ürəyinizdə kimə qarşı kin varsa, bağışlayın ki, göydəki Atanız da sizin təqsirlərinizi bağışlasın». 26  * —— 27  Onlar yenidən Yerusəlimə gəldilər. İsa məbəddə gəzərkən böyük kahinlər, mirzələr və ağsaqqallar ona yaxınlaşıb 28  dedilər: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?» 29  İsa onlara dedi: «Mən də sizə bir sual verəcəyəm. Cavab versəniz, onda bu işləri hansı ixtiyarla gördüyümü sizə deyəcəyəm. 30  Deyin görüm, Yəhyaya vəftiz etmə ixtiyarını Allah vermişdi, yoxsa insanlar?» 31  Onlar öz aralarında götür-qoy etməyə başladılar: «Əgər desək ki, “Allah verib”, o qayıdıb deyəcək: “Bəs onda niyə ona inanmadınız?” 32  Bəlkə “insanlar”, — deyək?...» Onlar xalqdan qorxurdular, çünki hamı Yəhyanı əsil peyğəmbər hesab edirdi. 33  Onlar İsaya cavab verdilər: «Bilmirik». İsa da onlara dedi: «Onda mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm».

Haşiyələr

Mark 7:16 haşiyəsinə bax