Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 9:1—62

9  İsa on iki şagirdini yanına çağırıb bütün cinləri qovmaq və xəstəlikləri sağaltmaq üçün onlara güc və səlahiyyət verdi.  Sonra onları Allahın padşahlığını təbliğ etməyə və xəstələri sağaltmağa göndərdi.  İsa tapşırdı: «Özünüzlə yola heç nə götürməyin; nə əsa, nə heybə, nə çörək, nə gümüş pul, nə də dəyişək* köynək götürün.  Hansı evə girsəniz orada qalın və oradan da yola düşün.  Harada sizi qəbul etməsələr, həmin şəhərdən çıxanda onlara şəhadət olsun deyə, ayağınızın tozunu* çırpın».  Şagirdlər yola çıxdılar. Onlar kəndbəkənd gəzib hər yerdə xoş xəbəri təbliğ edir və xəstələrə şəfa verirdilər.  Vilayət hakimi Hirod* bu hadisələrdən xəbər tutanda çaş-baş qaldı, çünki bəziləri deyirdilər ki, Yəhya dirilib.  Digərləri İlyasın zühur etdiyini, başqaları isə hansısa bir qədim peyğəmbərin dirildiyini söyləyirdilər.  Hirod dedi: «Yəhyanın boynunu vurdurmuşam, bəs görəsən, barəsində bu qədər söhbət gedən bu adam kimdir?» Buna görə də İsanı görmək istəyirdi. 10  Həvarilər qayıdıb gördükləri işləri İsaya danışdılar. Onda İsa onlarla təklikdə qalmaq üçün onları götürüb Betsayda adlanan şəhərə getdi. 11  Camaat bundan xəbər tutub onun dalınca yollandı. İsa onları mehribanlıqla qəbul etdi, onlara Allahın padşahlığı haqqında danışmağa başladı və şəfaya ehtiyacı olanları sağaltdı. 12  Yavaş-yavaş qaş qaralırdı. Bu vaxt on iki şagirdi onun yanına gəlib dedilər: «Bura çöllükdür, camaatı burax ətrafdakı kəndlərə, obalara gedib yeməyə bir şey tapsınlar və gecələsinlər». 13  Lakin İsa onlara dedi: «Siz onlara yemək verin». Şagirdlər dedilər: «Beş çörəkdən və iki balıqdan savayı heç nəyimiz yoxdur, yoxsa gedib bu qədər camaata yemək alaq?» 14  Orada təxminən beş min nəfər kişi vardı. Onda İsa dedi: «Onları dəstələrə bölüb təxminən əlli-əlli oturdun». 15  Şagirdlər camaatı əyləşdirdilər. 16  İsa beş çörəyi və iki balığı əlinə götürdü; göyə baxdı və bərəkət dilədi. Sonra çörəyi böldü, camaata paylamaq üçün çörəyi və balığı şagirdlərinə verdi. 17  Hamı yeyib doydu və artıq qalmış tikələrdən on iki zənbil yığıldı. 18  Daha sonra İsa təklikdə dua edəndə şagirdləri yanına gəldilər. İsa onlardan soruşdu: «Camaatın dediyinə görə mən kiməm?» 19  Onlar cavab verdilər: «Kimisi deyir sən Vəftizçi Yəhyasan, kimisi deyir İlyassan. Başqaları isə deyir ki, qədimdə yaşamış hansısa peyğəmbərlərdən biri dirilib». 20  İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Mən kiməm?» Peter cavab verdi: «Allahın Məsihi». 21  İsa onlarla ciddi danışıb, bərk-bərk tapşırdı ki, bunu heç kəsə deməsinlər 22  və əlavə etdi: «İnsan Oğlu çoxlu əziyyət çəkməli, ağsaqqallar, böyük kahinlər və mirzələr onu rədd etməli, o ölməli və üçüncü gündə dirilməlidir». 23  Sonra o hamıya dedi: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini götürüb günbəgün daşısın və daima ardımca gəlsin. 24  Həyatını xilas etmək istəyən onu itirəcək, amma həyatını mənim uğrumda itirən onu xilas edəcək. 25  Doğrudan da, əgər insan dünya malını yığıb, həyatını itirər və ya zərər çəkərsə, bunun ona nə faydası? 26  Kim məndən və sözlərimdən utanarsa, insan Oğlu da özünün, Atasının və müqəddəs mələklərin əzəmətilə gələndə həmin adama görə utanacaq. 27  Eşidin və agah olun, burada duranlardan bəziləri Allahın padşahlığını görməmiş ölməyəcək». 28  Bu söhbətdən təxminən səkkiz gün sonra İsa Peteri, Yəhyanı və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı. 29  Dua etdiyi zaman onun sifəti dəyişdi və libası dümağ ağardı. 30  Birdən onunla iki adam danışmağa başladı; bunlar Musa və İlyas idi. 31  Onlar əzəmətlə peyda oldular və Yerusəlimdə baş verəcək hadisələrdən, İsanın dünyadan ayrılmasından söhbət etməyə başladılar. 32  Bu zaman Peter və onun yoldaşları mürgüləyirdilər. Onlar tam oyananda İsanın calalını və yanında duran iki adamı gördülər. 33  Bu iki nəfər İsadan ayrılanda Peter ona dedi: «Ustad, bizim bura gəlməyimiz nə yaxşı oldu! Qoy biz üç çadır quraq: birini sənə, birini Musaya, birini də İlyasa». O, nə dediyini özü də bilmirdi. 34  Peter hələ danışarkən, bir bulud topası gəldi və onları bürüdü. Onlar buludun içində qaldıqda bərk qorxdular. 35  Buluddan: «Bu, Mənim Oğlumdur, onu seçmişəm. Ona qulaq asın», — deyən bir səs gəldi. 36  Bu səs gələndə onlar gördülər ki, İsa təkdir. Onlar gördüklərini bir müddət gizli saxladılar və heç kəsə danışmadılar. 37  Ertəsi gün dağdan düşəndə onu böyük bir izdiham qarşıladı. 38  Camaatın içindən bir kişi qışqırdı: «Müəllim, sənə yalvarıram, nə olar, bir oğluma bax, o, mənim yeganə övladımdır. 39  Bir cin* ona hücum edir, oğlum qəflətən qışqırır, qıc olur, ağzı köpüklənir və cin onu tam üzəndən sonra handan-hana ondan əl çəkir. 40  Şagirdlərinə yalvardım ki, cini qovsunlar, amma bacarmadılar». 41  İsa dedi: «Ey imansız və pozğun nəsil! Nə vaxta qədər aranızda olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Oğlunu bura gətir». 42  Oğlan İsaya yaxınlaşanda cin onu yerə sərdi və o, şiddətlə çırpınmağa başladı. İsa murdar ruha hökm etdi, oğlanı sağaldıb atasına verdi. 43  Hamı Allahın möhtəşəm gücünə heyran qaldı. Camaat onun etdiklərinə heyran qalarkən o, şagirdlərinə dedi: 44  «Sözlərimi yadınızda yaxşı saxlayın: insan Oğlu ələ verilməlidir». 45  Lakin şagirdlər onun nə demək istədiyini başa düşmədilər. Bu onlardan gizlədilmişdi ki, deyilənlərin mənasını anlamasınlar. Amma deyilənlər haqqında soruşmağa da qorxurdular. 46  Bundan sonra onlar kimin ən böyük olacağı barədə mübahisə etməyə başladılar. 47  İsa onların ürəyindəkiləri bildiyindən balaca bir uşağı götürüb yanına qoydu 48  və belə dedi: «Bu balaca uşağı mənim xatirimə qəbul edən məni də qəbul edir; məni qəbul edən isə məni göndərəni də qəbul edir. Aranızda ən təvazökar kimdirsə*, böyük odur». 49  Onda Yəhya dedi: «Ustad, biz bir adam gördük. O, sənin adından istifadə edib cinləri qovurdu. Biz ona mane olmağa çalışdıq, çünki o, bizimlə gəzmir». 50  Lakin İsa dedi: «Ona mane olmayın, çünki sizə qarşı çıxmayan sizin tərəfinizdədir». 51  İsanın göyə götürülməsi vaxtı yaxınlaşırdı; o, Yerusəlimə getmək qətiyyətində idi 52  və qabağınca adamlarını göndərdi. Onlar İsa üçün hazırlıq görməkdən ötrü yola düşdülər və gəlib samariyalıların bir kəndinə çıxdılar. 53  Amma oranın camaatı onu qəbul etmədi, çünki o, Yerusəlimə getməyi qərarlaşdırmışdı. 54  Şagirdlərdən Yaqub və Yəhya bunu görəndə dedilər: «Ağa, istəyirsən deyək göydən alov gəlib bunları məhv etsin?» 55  İsa dönüb onları danladı. 56  Sonra başqa kəndə getdilər. 57  Onlar yolla gedərkən bir nəfər İsaya dedi: «Sən hara getsən, mən də sənin ardınca gedəcəyəm». 58  Lakin İsa ona dedi: «Tülkülərin də, göy quşlarının da yuvası var, amma insan Oğlunun başını qoymağa belə yeri yoxdur». 59  Başqa adama isə: «Ardımca gəl», — dedi. O adam cavab verdi: «İcazə ver, əvvəlcə gedim atamı dəfn edim». 60  Lakin İsa dedi: «Qoy ölülər öz ölülərini dəfn etsinlər, sən isə get hər yerdə Allahın padşahlığını təbliğ et». 61  Başqa birisi dedi: «Ağa, sənin ardınca gedəcəyəm, amma icazə ver gedim əvvəl evdəkilərlə sağollaşım». 62  İsa ona dedi: «Əlini xışın üstünə qoyub arxadakı şeylərə baxan adam Allahın padşahlığına layiq deyil».

Haşiyələr

Hərfən «iki köynək»
«Ayaqdan tozu çırpmaq» ifadəsi özünü məsuliyyətdən azad etmək mənasını daşıyır
Yəni Böyük Hirodun oğlu Hirod Antipa
Hərfən «ruh»
Yaxud «aranızda kim kiçik kimi davranırsa»