Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 8:1—56

8  Bundan bir qədər sonra İsa şəhərbəşəhər, kəndbəkənd gəzib Allahın padşahlığı haqqında xoş xəbəri təbliğ edirdi. On iki şagirdi,  həmçinin cinlərdən qurtulmuş və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar: yeddi cindən azad edilmiş Məcdəlli adlanan Məryəm,  Hirodun evində nökərbaşı olan Xuzanın arvadı Yohanna, Suzanna və bir çox başqa qadınlar onunla idi. Qadınlar onların qulluğunda durub, nələri vardısa, onlarla bölüşürdülər.  İsanın ətrafına çoxlu adam, o cümlədən başqa şəhərlərdən gələnlər də yığışanda, o danışmağa başladı və bir məsəl çəkdi:  «Bir əkinçi toxum səpməyə çıxdı. Toxum səpərkən, bəzi toxumlar yol kənarına düşdü, ayaq altında qalıb tapdalandı və göyün quşları onları dənlədi.  Başqaları daşlığa düşüb bitdi, amma rütubət olmadığından qurudu.  Digərləri tikanlığa düşdü. Tikan kolları onlarla birgə boy atıb onları boğdu.  Bəzi toxumlar isə münbit torpağa düşdü və böyüyüb yüzqat bar verdi». Məsəli qurtarandan sonra İsa ucadan dedi: «Qulağı olan eşitsin!»  Onda şagirdləri İsadan bu məsəlin mənasını soruşdular. 10  O dedi: «Sizə Allahın padşahlığının müqəddəs sirlərini başa düşmək qabiliyyəti verilib, başqalarına isə bunlar məsəllərlə söylənilir ki, baxanda heç nə görməsinlər, eşidəndə mənasını dərk etməsinlər. 11  Məsəlin mənası isə budur: toxum Allahın sözüdür. 12  Yolun kənarına düşənlər Allahın sözünü eşidən adamlardır. Sonra İblis gəlir və sözü onların ürəyindən götürüb aparır ki, onlar inanıb xilas olmasınlar. 13  Daşlığa düşənlər Allahın sözünü eşidib sevinclə qəbul edən adamlardır, amma onların kökü yoxdur. Onlar bir müddət inanır, sınağa düşən kimi imandan dönürlər. 14  Tikanlığa düşənlər Allahın sözünü eşidir, amma həyatın qayğıları, var-dövlət və eyş-işrət onların başını qatıb tamamilə boğur və onların bəhrəsi yetişmir. 15  Münbit torpağa düşənlər isə yaxşı və gözəl ürəkli insanlardır. Onlar Allahın sözünü eşidib onu ürəyində qoruyur və dözümlə bəhrə gətirirlər. 16  Heç kəs çırağı yandırıb üstünü qabla örtmür və ya onu çarpayının altına qoymur. Əksinə, onu açıq bir yerə qoyur ki, içəri girənlər işığı görsün. 17  Çünki elə bir sirr yoxdur ki, bir gün aşkar olunmasın; elə bir gizli şey yoxdur ki, bir gün üstü açılmasın, aşkar edilməsin. 18  Buna görə də necə qulaq asdığınıza fikir verin, çünki kimin varıdırsa, ona daha çox veriləcək; kimin yoxudursa, ondan varıdır deyə zənn etdiyi şey belə, alınacaq». 19  Bu vaxt İsanın anası və qardaşları onun yanına gəldilər, lakin basabas olduğundan onun yanına keçə bilmədilər. 20  Onda İsaya dedilər: «Anan və qardaşların bayırdadırlar, səni görmək istəyirlər». 21  İsa onlara dedi: «Mənim anam və qardaşlarım Allahın sözünü dinləyib ona əməl edənlərdir». 22  Bir gün İsa şagirdləri ilə qayığa minib dedi: «Gəlin gölün o biri tərəfinə üzək». Onlar sahildən aralandılar. 23  Onlar üzərkən İsa yuxuya getdi. Birdən göldə güclü bir fırtına qopdu və qayığa su dolmağa başladı. Onlar böyük təhlükədə idilər. 24  Şagirdlər İsaya yaxınlaşıb onu oyadaraq: «Ustad, ustad, batırıq!», — dedilər. İsa durub küləyi və coşmuş dalğaları ram etdi. Külək dayandı, su sakitləşdi. Ətrafa sükut çökdü. 25  İsa onlara dedi: «Hanı sizin imanınız?» Amma şagirdləri qorxu bürümüşdü və onlar çaşqınlıq içində bir-birinə deyirdilər: «Bu kimdir ki, hətta küləyə və suya əmr edir, onlar da itaət edirlər?!» 26  Onlar Qalileya ilə üzbəüz olan gerasalıların torpağına yan aldılar. 27  İsa sahilə çıxanda o şəhərin bir sakini ilə rastlaşdı. Bu adam cinlərə tutulmuşdu və uzun müddət idi ki, çılpaq gəzir və evdə yox, sərdabələrin arasında yaşayırdı. 28  O, İsanı görən kimi bağırdı və qarşısında yerə sərilib: «Ey Allah-Taalanın Oğlu İsa! Məndən nə istəyirsən? Yalvarıram sənə, mənə əzab vermə», — deyə bərkdən qışqırdı. 29  (Çünki İsa murdar ruha ondan çıxmağı əmr edirdi. Bu adam artıq xeyli vaxtdır ki, murdar ruhun əsarətində idi. Onu dəfələrlə zəncirləyib qandallamış və keşiyini çəkmişdilər. O isə buxovları qırırdı və cin onu çöl-biyabana qovurdu.) 30  İsa ondan soruşdu: «Adın nədir?» O cavab verdi: «Legion»*. Çünki onun içinə çoxlu cin girmişdi. 31  Cinlər İsaya yalvarırdılar ki, onları dibsiz ümmana göndərməsin. 32  Bu vaxt dağda böyük donuz sürüsü otlayırdı. Cinlər İsaya yalvardılar ki, onlara donuzlara girməyə icazə versin. İsa icazə verdi. 33  Cinlər o adamdan çıxıb donuzlara girdilər və bütün sürü uçurumdan gölə atılıb boğuldu. 34  Bunu görən çobanlar qaçıb baş verənləri şəhərdə və kəndlərdə danışdılar. 35  Camaat nə baş verdiyini görmək üçün oraya axışdı. İsanın yanına gələndə gördülər ki, içindən cin çıxmış adam əynində paltar, ağlı başında İsanın ayaqlarının yanında oturub. Onlar bərk qorxdular. 36  Hadisəni öz gözləri ilə görənlər bu adamın cinlərdən necə azad olub sağaldığını onlara danışdılar. 37  Gerasa torpağının camaatı İsadan xahiş etdi ki, çıxıb getsin, çünki onları dəhşət bürümüşdü. İsa qayığa mindi və sahildən aralanmaq istəyəndə 38  cinlərdən azad edilmiş adam onu özü ilə götürməyi xahiş etdi. Amma İsa etiraz edib dedi: 39  «Evinə qayıt və Allah sənin üçün nə edibsə, hamısını camaata danış». Onda həmin adam gedib İsanın onun üçün nələr etdiyini bütün şəhər əhlinə danışdı. 40  İsa geri qayıdanda camaat onu sevinclə qarşıladı, çünki hamı onun yolunu gözləyirdi. 41  Bu zaman sinaqoqun rəisi, Yair adında bir adam gəlib İsanın ayaqlarına düşdü və yalvar-yaxar edib ondan evinə gəlməyini xahiş etdi. 42  Onun on iki yaşında olan yeganə qızı ölüm ayağında idi. İsa yolla gedərkən camaat onu sıxışdırırdı. 43  Düz on iki il idi ki, qanaxmadan əziyyət çəkən və heç kimin sağalda bilmədiyi bir qadın 44  arxadan yaxınlaşıb İsanın əbasının saçağına toxundu və o andaca qanaxması dayandı. 45  İsa soruşdu: «Mənə kim toxundu?» Heç kim boynuna almayanda Peter dedi: «Ustad, camaat səni dövrəyə alıb sıxışdırır». 46  Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki daxilimdən qüvvə çıxdığını hiss etdim». 47  Gizlin qala bilmədiyini başa düşən qadın titrəyə-titrəyə gəlib İsanın ayaqlarına yıxıldı və ona nə üçün toxunduğunu və dərhal sağaldığını hamının qarşısında danışdı. 48  İsa ona dedi: «Bacım*, imanın səni sağaltdı. Salamat get». 49  İsa hələ danışarkən sinaqoq rəisinin yaxın adamlarından biri gəlib dedi: «Qızın öldü. Daha müəllimə əziyyət vermə». 50  İsa bunu eşidən kimi, Yairə dedi: «Qorxma, sən bircə inan. Qızın xilas olacaq». 51  Onlar evə çatanda İsa Peter, Yəhya, Yaqub və qızın ata-anasından başqa heç kimə özü ilə içəri girməyə icazə vermədi. 52  Hamı kədər içində idi; qız üçün ağlayır, başına vururdu. İsa onlara dedi: «Bəsdir ağladınız, qız ölməyib, yatır». 53  Onda camaat ona gülməyə başladı, çünki qızın öldüyünü bilirdilər. 54  İsa qızın əlindən tutub çağırdı: «Qızım, dur!» 55  O dirildi* və dərhal ayağa qalxdı. İsa göstəriş verdi ki, qıza yemək versinlər. 56  Ata ilə ananın sevincinin həddi-hüdudu yox idi, lakin İsa onlara tapşırdı ki, bu hadisəni heç kimə danışmasınlar.

Haşiyələr

Qədim Roma ordusunun baş hərbi hissəsi «legion» adlanırdı. Bu söz burada çoxluq mənasında işlənir
Hərfən «qızım»
Yaxud «ruhu (həyat qüvvəsi) özünə qayıtdı»