Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 7:1—50

7  İsa onu dinləyənlərə sözünü deyib qurtardı və Kapernahuma gəldi.  Bir yüzbaşının sevimli nökəri xəstələnmişdi və artıq ölüm ayağında idi.  Yüzbaşı İsa haqqında eşidəndə yəhudi ağsaqqallarını onun yanına göndərdi və xahiş etdi ki, gəlib onun nökərini sağaltsın.  Onlar İsanın yanına gəlib yalvar-yaxar etməyə başladılar: «O, belə yaxşılığa layiq adamdır,  çünki xalqımızı sevir və sinaqoqu da bizim üçün o tikib».  İsa bu adamlarla getdi. Amma evə yaxınlaşanda yüzbaşı dostlarını onun qabağına göndərib belə dedi: «Ağa, zəhmət çəkmə. Mən layiq deyiləm ki, sən mənim evimə girəsən.  Buna görə də sənin yanına gəlməyə özümü layiq bilmədim. Sən bircə kəlmə söz de, nökərim sağalacaq.  Elə mən özüm də qulluq adamıyam, mənim də tabeliyimdə əsgərlər var. Birinə: “Get”, — deyirəm, gedir, o birisinə: “Gəl”, — deyirəm, gəlir, nökərə: “Filan şeyi elə”, — deyirəm, eləyir».  İsa bu sözləri eşidəndə o adama valeh oldu. O çönüb ardınca gələn camaata dedi: «İnanın, mən hələ İsraildə belə güclü imana rast gəlməmişəm». 10  Yüzbaşının göndərdiyi adamlar evə qayıtdıqda gördülər ki, nökər sapsağlamdır. 11  Bu hadisədən sonra İsa Nain şəhərinə getdi. Onu şagirdləri və xeyli adam müşayiət edirdi. 12  İsa şəhərin darvazasına yaxınlaşanda gördü ki, oradan bir cənazə çıxarırlar. Mərhum, anasının yeganə oğlu idi. Üstəlik, qadın dul idi. Qadının yanında şəhər camaatından çoxlu adam var idi. 13  Ağamız ananı görəndə ona yazığı gəldi və dedi: «Ağlama». 14  O yaxınlaşıb mafəyə toxundu. Mafəni aparanlar ayaq saxladılar və İsa dedi: «Ey cavan, səninləyəm, ayağa qalx!» 15  Ölən oğlan qalxıb oturdu və danışmağa başladı. İsa onu anasına verdi. 16  Hamının canına vahimə düşdü. Onlar Allahı mədh etməyə və: «Aramızda böyük bir peyğəmbər zühur edib», «Allahın öz xalqına rəhmi gəlib», — deməyə başladılar. 17  İsanın sorağı bütün Yəhudeyaya və ətraf bölgələrə yayıldı. 18  Yəhyanın şagirdləri bütün bu hadisələri ona danışdılar. 19  Onda Yəhya iki şagirdini çağırıb: «Gəlişini gözlədiyimiz Məsih sənsən, yoxsa başqasını gözləyək?», — sualı ilə Ağamızın yanına göndərdi. 20  Şagirdlər İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi sənin yanına göndərdi ki, soruşaq: “Gəlişini gözlədiyimiz Məsih sənsən, yoxsa başqa birisini gözləyək?”» 21  Həmin vaxt İsa bir çox adamı naxoşluqdan, ağır xəstəliklərdən və cinlərdən sağaltdı, korların gözlərini açdı. 22  Sonra bu iki şagirdə dedi: «Gedin, görüb-eşitdiklərinizi Yəhyaya çatdırın: korların gözləri açılır, axsaqlar düz gəzir, cüzamlılar təmizlənir, karlar eşidir, ölülər dirilir və yoxsullara xoş xəbər bildirilir. 23  Mənə görə şübhələrə qapılmayan necə də xoşbəxtdir». 24  Yəhyanın şagirdləri çıxıb getdikdən sonra İsa camaata Yəhya haqqında bunları söylədi: «Çöllüyə nə görməyə getmişdiniz? Küləyin əsdirdiyi qamışı? 25  Onda ora nə görməyə getmişdiniz? Zərif libas geymiş adamı? Bəs bilmirsiniz ki, yaraşıqlı libas geyənlər, dəbdəbəli həyat sürənlər padşah saraylarında olurlar? 26  Yaxşı, bəs ora nə görməyə getmişdiniz? Peyğəmbər? Bəli, bunu bilin ki, bu adam peyğəmbərdən də üstündür. 27  “Sənin qabağınca Öz elçimi göndərirəm, o, qarşında gedib sənin yolunu hazırlayacaq”, — sözləri onun haqqında yazılmışdır. 28  Sizə deyirəm: bəşər övladları arasında Yəhyadan böyüyü yoxdur, amma Allahın padşahlığında ən kiçiyi ondan böyükdür». 29  (Yəhyanın vəftiz etdiyi bütün camaat və vergiyığanlar bunu eşidəndə Allahın saleh olduğunu təsdiq etdilər. 30  Ancaq Yəhya tərəfindən vəftiz edilməmiş fəriseylər və qanunşünaslar Allahın onlarla bağlı iradəsini rədd etdilər.) 31  «Bu nəslin adamlarını kimlə müqayisə edim? Onlar kimə bənzəyir? 32  Bu adamlar bazar meydanında oturub bir-birilərinə: “Biz sizin üçün tütək çaldıq, amma siz oynamadınız; biz ağı dedik, amma siz ağlamadınız”, — deyə qışqıran uşaqlara bənzəyirlər. 33  Siz də onlar kimi; Vəftizçi Yəhya gəlib çörək yemir, şərab içmir, deyirsiniz ki: “Onda cin var”. 34  İnsan Oğlu gəlib yeyir də, içir də, siz isə deyirsiniz: “Budur ha, qarınqulu və şərab düşkünü, vergiyığanların və günahlıların dostu!” 35  Siz nə deyirsiniz deyin, hikmətin doğruluğu əməllərindən* bəlli olur». 36  Neçə vaxt idi ki, bir fərisey İsanı nahara dəvət edirdi. İsa onun evinə gəlib süfrəyə əyləşdi. 37  Şəhərdə günahkar kimi tanınan bir qadın biləndə ki, İsa fəriseyin evində nahar edir, bir qab* ətirli yağ götürüb ora gəldi. 38  Qadın İsanın ayaqları yanında durub ağlayır və göz yaşları ilə onun ayaqlarını isladıb saçı ilə silirdi. O, İsanın ayaqlarını nəvazişlə öpür və onların üstünə ətirli yağ tökürdü. 39  İsanı evinə dəvət etmiş fərisey bunu görəndə ürəyində dedi: «Bu adam peyğəmbər olsaydı, ona toxunan qadının nə yolun yolçusu, günahkar olduğunu bilərdi». 40  İsa ona dedi: «Şimon, sənə sözüm var». O dedi: «Buyur, Müəllim!» 41  «Bir sələmçiyə iki nəfər adam borclu idi. Birinin borcu beş yüz dinar*, o birisininki isə əlli dinar idi. 42  Borcu qaytarmağa heç bir şeyləri olmadığından, sələmçi alicənablıqla onları bağışladı. İndi necə bilirsən, onlardan kim o kişini daha çox sevəcək?» 43  Şimon cavab verdi: «Belə düşünürəm ki, borcu daha böyük olan». İsa təsdiq etdi: «Düz dedin». 44  Sonra üzünü qadına tərəf çevirib Şimona dedi: «Bu qadını görürsən? Sənin evinə gəldim, ayaqlarımı yumağa mənə su vermədin. Amma bu qadın ayaqlarımı göz yaşları ilə yuyub, saçı ilə sildi. 45  Sən məni öpmədin, amma bu qadın, mən gələndən bəri ayaqlarımı nəvazişlə öpür. 46  Sən başıma yağ sürtmədin, bu qadın isə ayaqlarıma ətirli yağ sürtdü. 47  Buna görə, onun günahları çox olsa da, bağışlandı, çünki o, çox sevdi. Az bağışlanan isə az sevir». 48  Sonra İsa qadına dedi: «Günahların bağışlandı». 49  Bunu eşidəndə onunla süfrə arxasında olanlar dedilər: «Bu kimdir ki, günahları da bağışlayır?!» 50  Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Salamat get».

Haşiyələr

Hərfən «övladlarından»
Matta 26:7 haşiyəsinə bax
Bir günlük əmək haqqına bərabər 3,85 qr ağırlığında olan Roma gümüş pulu