Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 6:1—49

6  Bir şənbə günü İsa zəmilərin arasından keçirdi və şagirdləri sünbülləri dərir, ovuclarında ovub yeyirdilər.  Onda bir neçə fərisey dedi: «Siz niyə şənbə günü qadağan olunmuş işi görürsünüz?»  İsa cavabında onlara dedi: «Məgər Davud özü və yoldaşları acanda onun nə etdiyi haqda heç oxumamısınız?  Onun Allahın evinə girib təqdim çörəklərini alıb yediyini və yoldaşlarına da verdiyini bilmirsiniz? Halbuki bu çörəkləri kahinlərdən başqa heç kim yeyə bilməzdi».  İsa əlavə etdi: «İnsan Oğlu şənbə gününün Ağasıdır».  Başqa bir şənbə günü İsa sinaqoqa girib təlim verməyə başladı. Orada sağ əli qurumuş bir adam vardı.  Mirzələr və fəriseylər İsanı ittiham etməyə bir bəhanə tapmaq üçün, onun şənbə günü adam sağaldıb-sağaltmayacağını diqqətlə izləyirdilər.  İsa onların fikirlərini bilirdi, bununla belə əli qurumuş adama dedi: «Dur, gəl ortaya». Adam ayağa qalxıb ortada durdu.  Sonra İsa onlara dedi: «Sizdən soruşuram: qanuna görə şənbə günü yaxşılıq etmək düzgündür, yoxsa pislik etmək? İnsanı xilas etmək düzgündür, yoxsa məhv etmək?» 10  İsa hamıya göz gəzdirəndən sonra həmin adama dedi: «Əlini uzat». O, belə də etdi və əli sağaldı. 11  Onlar bərk qəzəbləndilər və öz aralarında götür-qoy etməyə başladılar ki, İsaya nə etsinlər. 12  O günlərdə İsa dua etmək üçün dağa çıxdı və bütün gecəni Allaha dua etdi. 13  Səhər açılanda o, şagirdlərini çağırıb aralarından on iki nəfəri seçdi və onları «həvari» adlandırdı. 14  Onlar: Peter adlandırdığı Şimon və onun qardaşı Andreas, Yaqub və Yəhya, Filip və Bartolomey, 15  Matta və Tomas, Alfeyin oğlu Yaqub, «Qeyrətli» ləqəbi verilmiş Şimon, 16  Yaqubun oğlu Yəhuda və sonradan satqın çıxan Yəhuda İskariot idi. 17  İsa onlarla birlikdə aşağı enib bir yamacda dayandı. Orada onun çoxlu şagirdi və bütün Yəhudeya, Yerusəlim, Sur və Sidonun sahilboyu bölgələrindən gəlmiş xeyli adam vardı. Onlar İsanı dinləmək və xəstəliklərindən şəfa tapmaq üçün yığışmışdılar. 18  Hətta murdar ruhların incitdiyi adamlar da sağalırdılar. 19  Camaat ona toxunmağa çalışırdı, çünki ondan güc çıxır və onları sağaldırdı. 20  İsa şagirdlərinə baxıb dedi: «Ey yoxsullar, siz necə də xoşbəxtsiniz, çünki Allahın padşahlığı sizindir. 21  Ey indi aclıq çəkənlər, siz necə də xoşbəxtsiniz, çünki doyacaqsınız. Ey indi ağlayanlar, siz necə də xoşbəxtsiniz, çünki güləcəksiniz. 22  İnsan Oğlundan ötrü adamlar sizə nifrət edəndə, sizi qovanda, təhqir edəndə və adınızı bədnam edəndə siz necə də xoşbəxtsiniz. 23  O gün sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir, axı onların ataları da peyğəmbərlərlə bu cür rəftar etmişdilər. 24  Ancaq ey varlılar, vay halınıza! Çünki siz təsəllinizi artıqlaması ilə almısınız. 25  Ey qarnı toxlar, vay halınıza! Çünki siz aclıq çəkəcəksiniz. İndi gülənlər, vay halınıza! Çünki siz yas tutub ağlayacaqsınız. 26  Hamı sizi tərifləyəndə vay halınıza! Çünki onların ataları eyni şeyi saxta peyğəmbərlərlə də edirdilər. 27  Məni dinləyənlərə isə deyirəm: düşmənlərinizi həmişə sevin, sizə nifrət edənlərə həmişə yaxşılıq edin, 28  sizə lənət yağdıranlara həmişə xeyir-dua verin, sizi təhqir edənlər üçün həmişə dua edin. 29  Bir yanağına vurana, o biri yanağını da çevir və əbanı götürəndən köynəyini də əsirgəmə. 30  Kimsə səndən bir şey istəyəndə ver; götürülmüş şeyi geri istəmə. 31  İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. 32  Təkcə sizi sevənləri sevirsinizsə, məgər böyük iş görürsünüz? Günahlılar da onları sevənləri sevirlər. 33  Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, məgər böyük iş görürsünüz? Günahlılar da eyni şeyi edirlər. 34  Həmçinin əgər borcunuzu geri almağa arxayın olduğunuz adamlara sələmsiz borc verirsinizsə, nə böyük iş görürsünüz? Günahlılar da günahlılara sələmsiz borc verirlər ki, sonra eyni məbləği geri alsınlar. 35  Amma siz həmişə düşmənlərinizi sevin, yaxşılıq edin, sələmsiz borc verin və verdiyiniz borcu geri gözləməyin. Onda mükafatınız böyük olacaq və siz Allah-Taalanın oğulları olacaqsınız, çünki O, naşükürlərə və pislərə qarşı xeyirxahdır. 36  Atanız mərhəmətli olduğu kimi, siz də həmişə mərhəmətli olun. 37  Bəsdirin insanları mühakimə etdiniz, onda insanlar da sizi mühakimə etməyəcəklər. Bəsdirin insanları məhkum etdiniz, onda insanlar da sizi məhkum etməyəcəklər. İnsanları bağışlayın, onda sizi də bağışlayacaqlar. 38  Həmişə verin, onda sizə də verəcəklər. Qoynunuza silkələnib-basılmış, ağzınacan doldurulmuş, dopdolu bir ölçü tökəcəklər. Çünki hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər». 39  Sonra İsa onlara bir misal çəkdi: «Heç kor kora bələdçilik edə bilər? Məgər ikisi də çuxura düşməzlər? 40  Şagird müəllimindən üstün deyil, amma mükəmməl təlim almış adam öz müəllimi kimi olacaq. 41  Niyə qardaşının gözündəki çöpə baxırsan, amma öz gözündəki tiri görmürsən? 42  Öz gözündəki tirə baxmayıb, qardaşına necə: “Qardaş, gəl gözündəki çöpü çıxarım”, — deyirsən? Ey ikiüzlü insan! Sən əvvəl öz gözündəki tiri çıxart, sonra qardaşının gözündəki çöpü necə çıxartmağı aydın görərsən. 43  Yaxşı ağac çürük meyvə verməz, çürük ağac da yaxşı meyvə verməz. 44  Hər ağac gətirdiyi meyvəsindən tanınar. Misal üçün, tikanlı kollardan əncir, göyəm kolundan üzüm yığılmaz. 45  Yaxşı adam ürəyindəki yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ağız ürəkdəki fikirlərin bolluğundan danışar. 46  Mənə: “Ağa, Ağa”, — deyirsiniz, bəs niyə dediyimi etmirsiniz? 47  Yanıma gəlib sözlərimi eşidən və onlara əməl edən bilirsiniz kimə bənzəyir? 48  O, ev tikərkən dərin qazıb evin təməlini daş üzərində qoyan adama bənzəyir. Daşqın zamanı sel evin üzərinə gəldi, amma evi tərpədə bilmədi, çünki o, yaxşı tikilmişdi. 49  Sözlərimi eşidib onlara əməl etməyənsə, evini torpağın üstündə təməlsiz tikmiş adama bənzəyir. Sel evin üstünə gələndə o ev dərhal uçdu və tamamilə dağıldı».

Haşiyələr