Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 5:1—39

5  Bir dəfə İsa Gennesaret gölünün sahilində durub Allahın sözünü xalqa öyrədirdi. Camaat qulaq asır və get-gedə onu sıxışdırırdı.  İsa gölün qırağında iki qayıq gördü. Balıqçılar qayıqlardan düşüb torlarını yuyurdular.  O, qayıqlardan birinə mindi. Bu qayığın sahibi Şimon idi. İsa ondan xahiş etdi ki, qayığı sahildən bir az aralasın. Sonra qayıqda əyləşib camaatı öyrətməyə başladı.  İsa sözünü bitirib Şimona dedi: «Qayığı bir dərin yerə sürüb torları suya atın».  Şimon isə dedi: «Müəllim, bütün gecəni əlləşmişik, amma bir şey tutmamışıq. İndi ki sən deyirsən, baş üstə, torları ataram».  Doğrudan da, onlar belə etdikdə o qədər balıq tutdular ki, torları yırtılmağa başladı.  Onlar o biri qayıqdakı yoldaşlarını işarə ilə köməyə çağırdılar. Yoldaşları yaxınlaşıb hər iki qayığı balıqla doldurdular. Qayıqlar o qədər doldu ki, ağırlıqdan batmağa başladılar.  Bunu görən Şimon Peter İsanın ayaqlarına yıxılıb dedi: «Ağa, mən günahlı adamam, məni burax».  Çünki bir belə balıq tutduqlarına görə onu və yanındakıları heyrət bürümüşdü. 10  Şimonun şəriki olan Zebedeyin oğlanları Yaqub və Yəhya da heyrət içində idilər. Amma İsa Şimona dedi: «Qorxma! İndən belə diri adam ovlayacaqsan». 11  Onlar qayıqları sahilə çıxartdılar və hər şeyi qoyub İsanın ardınca getdilər. 12  Bir dəfə də İsa bir şəhərdə olanda başdan-ayağadək cüzam içində olan bir adamla rastlaşdı. Həmin adam İsanı görəndə onun qarşısında üzüqoylu yıxılıb yalvarmağa başladı: «Ağa, əgər istəsən, məni təmizləyə bilərsən». 13  İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm. Təmizlən». Həmin andaca o adamın cüzamı keçdi. 14  İsa ona tapşırdı ki, bunu heç kimə danışmasın və dedi: «Ancaq get, özünü kahinə göstər və onlara şəhadət olsun deyə, Musanın əmr etdiyi kimi, təmizləndiyin üçün qurban gətir». 15  Lakin İsanın sorağı daha çox yayılırdı, onu dinləmək və azar-bezardan şəfa tapmaq üçün onun yanına izdihamlar gəlirdi. 16  O isə çöllükdə qalır və dua edirdi. 17  Günlərin bir günü İsa xalqı öyrədirdi. Yerusəlimdən, Qalileyanın və Yəhudeyanın bütün kəndlərindən gəlmiş fəriseylər və qanun müəllimləri də orada əyləşmişdilər. Yehovanın gücü onun üzərində idi və o, adamlara şəfa verirdi. 18  Həmin vaxt bir neçə adam iflic olmuş bir xəstəni yataqda ora gətirdilər və onu içəri salıb İsanın qarşısına qoymaq istədilər. 19  Lakin basabas olduğundan içəri girə bilmədilər, ona görə də dama çıxıb kirəmitləri qaldırdılar və xəstəni yatağındaca tavandan aşağı salladıb İsanın qarşısındakı adamların arasına qoydular. 20  Onların imanını görən İsa xəstəyə dedi: «Qardaş, günahların bağışlandı». 21  Mirzələr və fəriseylər isə öz aralarında düşünməyə başladılar: «Bu kimdir ki, belə küfr danışır? Allahdan başqa kim günah bağışlaya bilər?» 22  İsa onların fikirlərini başa düşüb dedi: «Ürəyinizdə nə fikirləşirsiniz? 23  “Günahların bağışlandı”, — demək asandır, yoxsa: “Ayağa qalx, yeri?” 24  Ancaq siz insan Oğlunun yerdə günahları bağışlamağa səlahiyyəti olduğunu biləsiniz deyə...» İflic adama dedi: «Dur, yatağını da götür, evinə get». 25  Həmin adam dərhal ayağa qalxdı və yatağını götürüb Allaha şükür edə-edə evinə yollandı. 26  Hamını heyrət bürüdü və onlar Allahı mədh etməyə başladılar. Onlar qorxu içində: «Biz hələ bu cür şey görməmişik!», — deyirdilər. 27  Bundan sonra İsa çölə çıxıb Levi adlı bir vergiyığanı gördü. O, vergi idarəsində oturmuşdu. İsa ona dedi: «Ardımca gəl*». 28  O, hər şeyi qoyub ayağa qalxdı və İsanın ardınca getdi. 29  Levi öz evində İsa üçün böyük ziyafət qurdu. Süfrə arxasında onlarla birlikdə çoxlu vergiyığan və başqa adamlar da var idi. 30  Fəriseylər və onların mirzələri İsanın şagirdlərinə deyinməyə başladılar: «Niyə siz vergiyığanlar və günahlılarla yeyib-içirsiniz?» 31  İsa onlara cavab verdi: «Sağlam adamların həkimə ehtiyacı olmur, həkimə xəstələr möhtacdır. 32  Mən salehləri yox, günahlıları tövbəyə çağırmağa gəlmişəm». 33  Onlar İsaya dedilər: «Yəhyanın və fəriseylərin şagirdləri tez-tez oruc tutur və dua edirlər, səninkilər isə yeyib-içirlər». 34  İsa onlara dedi: «Təzəbəy yanlarında olarkən məgər onun dostlarını oruc tutmağa məcbur etmək olar? 35  Amma gün gələcək, bəyi aralarından götürəcəklər, bax o günlərdə onlar oruc tutacaqlar». 36  Sonra İsa onlara bir misal çəkdi: «Heç kim təzə paltardan kəsib köhnə paltara yamaq tikmir, ona görə ki belə etsə, təzə yamaq qopar. Təzə paltardan kəsilmiş yamaq köhnə paltara yaramır. 37  Həmçinin heç kim təzə şərabı köhnə tuluqlara tökmür. Ona görə ki belə etsə, təzə şərab köhnə tuluqları yırtıb yerə töküləcək, tuluqlar da yararsız olacaq. 38  Təzə şərab təzə tuluqlara tökülməlidir. 39  Köhnə şərabı içən təzə şərab istəməz; “Köhnə şərab əladır”, — deyər».

Haşiyələr

«Ardımca gəl/ardı ilə getmək» ifadələri İsanın davamçısı olmaq mənasında işlədilir