Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 4:1—44

4  İsa müqəddəs ruhla dolaraq İordan çayını tərk etdi və Allahın ruhu onu çöllüyə apardı.  İsa çöllükdə qırx gün qaldı. Orada İblis onu imtahana çəkirdi. Bu müddət ərzində İsa heç bir şey yemədi və qırx gün başa çatanda acdı.  Onda İblis belə dedi: «Əgər sən Allahın oğlusansa, bu daşa de, çörəyə dönsün».  Lakin İsa ona dedi: «Yazılıb: “İnsan yalnız çörəklə yaşamamalıdır”».  Sonra İblis İsanı yüksək bir yerə qaldırdı və bir göz qırpımında dünyanın bütün padşahlıqlarını ona göstərdi  və dedi: «Bunların üzərində hakimiyyəti və onların şöhrətini sənə verəcəyəm, çünki bu hakimiyyət mənə verilib və mən onu kimə istəsəm, ona da verirəm.  Əgər sən mənə səcdə qılsan, bütün bunlar sənin olacaq».  İsa ona cavab verdi: «Yazılıb: “Allahın Yehovaya səcdə qıl və yalnız Ona ibadət et”».  Sonra İblis onu Yerusəlimə gətirib məbəd hasarının üstünə qoydu və dedi: «Əgər sən Allahın oğlusansa, özünü buradan aşağı at, 10  axı yazılıb: “O, mələklərinə səni qorumağı əmr edəcək” 11  və “Ayağın daşa dəyməsin deyə onlar səni əlləri üstündə aparacaqlar”». 12  Cavabında İsa dedi: «Yazılıb: “Allahın Yehovanı sınama”». 13  Beləliklə, İblis imtahanı qurtarıb başqa bir fürsət tapana qədər ondan ayrıldı. 14  Ruhun qüdrəti ilə dolmuş İsa Qalileyaya qayıtdı. Onun xoş sorağı bütün ətrafa yayıldı. 15  İsa oradakı sinaqoqlarda təlim verməyə başladı və hamının hörmətini qazandı. 16  O, boya-başa çatdığı Nazaret şəhərinə gəldi və şənbə günü adəti üzrə sinaqoqa girdi. Sonra oxumaq üçün ayağa qalxdı. 17  Ona Yeşaya peyğəmbərin tumarını verdilər. İsa tumarı açıb bu yeri tapdı: 18  «Yehovanın ruhu üzərimdədir, çünki O, məni yoxsullara xoş xəbəri bəyan etmək üçün məsh etdi. O, məni əsirlərə azadlığı və korlara işığı təbliğ etmək, məzlumlara qurtuluş vermək, 19  Yehovanın iltifat ilini təbliğ etmək üçün göndərdi». 20  Bundan sonra o, tumarı bürmələyib xidmətçiyə verdi və oturdu. Sinaqoqda olanların gözü ona zillənmişdi. 21  İsa onlara dedi: «Eşitdiyiniz bu ayələr bu gün yerinə yetdi». 22  Hamı onu tərifləməyə başladı və ağzından çıxan xoş sözlərə heyran qaldı. Onlar bir-birindən soruşurdular: «Məgər bu, Yusifin oğlu deyil?» 23  İsa onlara dedi: «Yəqin siz “Təbib, əvvəlcə özünü sağalt” məsəlini mənə aid edəcəksiniz. “Kapernahumda gördüyün işlərin sorağı qulağımıza çatıb, onlardan öz vətənində də elə”, — deyəcəksiniz». 24  Sonra əlavə etdi: «Əslində heç bir peyğəmbəri öz vətənində qəbul etmirlər. 25  Misal üçün, İlyasın günlərində İsraildə çoxlu dul qadın vardı. O zaman üç il altı ay yağış yağmadığından böyük qıtlıq oldu, 26  amma İlyas bu qadınlardan heç birinin yanına göndərilmədi. O, yalnız Sidon torpağındakı Sarepat şəhərində yaşayan dul qadının yanına göndərildi. 27  Həmçinin Elişa peyğəmbərin günlərində İsraildə çoxlu cüzamlı vardı, amma onlardan heç biri təmizlənmədi. Yalnız suriyalı Naaman təmizləndi». 28  Sinaqoqdakılar bu sözləri eşidəndə bərk qəzəbləndilər 29  və ayağa qalxıb tez onu şəhərdən kənara çıxartdılar. Onu şəhərin tikildiyi dağın sıldırımına gətirib aşağı atmaq istədilər. 30  İsa onların arasından çıxıb yoluna davam etdi. 31  Sonra o, Qalileyanın Kapernahum şəhərinə getdi və orada şənbə günləri təlim verməyə başladı. 32  Adamlar onun öyrətmək tərzinə heyran qalırdılar, çünki onun sözlərində hökm vardı. 33  Sinaqoqda murdar ruhun təsiri altında olan, cinə tutulmuş bir adam var idi. Bu adam ucadan qışqıraraq dedi: 34  «Ey nazaretli İsa! Bizdən nə istəyirsən? Bizi məhv etməyə gəlmisən? Sənin kim olduğunu yaxşı bilirəm, sən Allahın Müqəddəsisən». 35  Lakin İsa ona zəhmlə: «Səsini kəs və ondan çıx», — dedi. Cin hamının qabağında o adamı yerə sərdi və heç bir xətər yetirmədən ondan çıxdı. 36  Bunu görənlərin matı-qutu qurudu. Onlar bir-birinə deyirdilər: «Onun sözlərindəki hökmə, qüdrətə bir bax! Hətta murdar ruhlar onun əmrinə tabe olub adamlardan çıxırlar!» 37  Beləcə, İsanın sorağı bütün o ətrafa yayılırdı. 38  İsa sinaqoqdan çıxıb Şimonun evinə gəldi. Şimonun qayınanası qızdırma içində yatırdı. İsadan xahiş etdilər ki, onu sağaltsın. 39  O, xəstəyə yaxınlaşıb qızdırmanı ram etdi və qızdırma keçdi. Qadın dərhal ayağa qalxıb onlara qulluq etməyə başladı. 40  Günəş batanda camaat müxtəlif azarı olan xəstələrini onun yanına gətirdi. İsa əllərini hər birinin üzərinə qoyaraq onları sağaldırdı. 41  Bir çox adamdan cinlər çıxır və qışqırırdı: «Sən Allahın Oğlusan!» Lakin İsa onlara hökm edərək danışmağı qadağan edirdi, çünki cinlər onun Məsih olduğunu bilirdilər. 42  Səhər açılanda İsa çölə çıxdı və tənha bir yerə getdi. Camaat isə onu axtarmağa başladı və tapanda yalvar-yaxar edib onu saxlamaq istədi. 43  Lakin İsa onlara dedi: «Mən Allahın padşahlığı haqqında xoş xəbəri başqa şəhərlərə də bəyan etməliyəm, axı Allah məni bu iş üçün göndərib». 44  Beləliklə, o, Yəhudeyadakı sinaqoqlarda təbliğ edirdi.

Haşiyələr