Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 23:1—56

23  Sonra hamısı qalxıb İsanı Pilatın yanına gətirdilər.  Onlar İsanı təqsirləndirərək deyirdilər: «Bu adam xalqımızı yoldan çıxarır, sezara vergi ödəməyi qadağan edir, üstəlik özünü Məsih, padşah adlandırır».  Pilat ondan soruşdu: «Sən yəhudilərin padşahısan?» İsa cavab verdi: «Bunu sən özün deyirsən».  Onda Pilat böyük kahinlərə və camaata dedi: «Mən bu adamda bir günah görmürəm».  Amma onlar təkidlə dedilər: «Bu adam bütün Yəhudeyada, Qalileyadan tutmuş ta buraya kimi təlimləri ilə xalqı qızışdırır».  Pilat bunu eşidəndə onun Qalileyadan olub-olmadığını soruşdu.  Biləndə ki, İsa Hirodun* tabeçiliyindəki bölgədəndir, onu Hirodun yanına göndərdi. Hirod həmin günlərdə Yerusəlimdə idi.  Hirod İsanı görəndə çox sevindi, çünki neçə vaxt idi onu görmək istəyirdi. İsanın sorağı onun qulağına çatmışdı və ümid edirdi ki, İsa ona bir möcüzə göstərəcək.  Hirod onu sorğu-suala tutdu, amma İsa cavab vermədi. 10  Böyük kahinlər və mirzələr ayağa qalxır, İsanı hiddətlə ittiham edirdilər. 11  Hirod da mühafizəçiləri ilə birlikdə onu lağa qoyurdu. Ona gözəl bir libas geydirib ələ salırdı. Sonra onu Pilatın yanına göndərdi. 12  Həmin gün Hirodla Pilat dost oldular, hərçənd o vaxta kimi bir-birini görməyə gözləri yox idi. 13  Pilat böyük kahinləri, rəhbərləri və xalqı yığıb 14  dedi: «Siz bu adamı yanıma gətirib dediniz ki, o, camaatı üsyana qaldırır. Mən onu sizin qarşınızda dindirdim, ancaq onda bir günah tapmadım. Sizin ittihamlarınız əsassızdır. 15  Hirod da onda bir təqsir tapmadığından onu geri qaytardı. Bu adam ölümə layiq bir iş görməyib. 16  Buna görə də onu cəzalandırıb buraxacağam». 17  * —— 18  Onlar isə bir ağızdan qışqırdılar: «Ona ölüm! Barabbanı burax!» 19  (Bu adam şəhərdə qiyam qaldırdığına və qətl törətdiyinə görə həbs edilmişdi.) 20  Pilat yenə də onlara müraciət etdi, çünki İsanı buraxmaq istəyirdi. 21  Onlarsa: «Onu dirəyə mıxla! Dirəyə mıxla!», — deyərək qışqırırdılar. 22  Pilat üçüncü dəfə onlara dedi: «Axı niyə? Bu adam nə pis iş görüb ki? Mən onda ölümə layiq bir şey tapmadım. Cəzasını verib buraxacağam». 23  Camaat isə daha bərkdən bağıraraq onu dirəyə mıxlamağı tələb edirdi. Onlar elə bağırırdılar ki,  24  Pilat təslim olub tələb etdikləri hökmü çıxardı. 25  Onların istədiyi kimi, qiyam və qətlə görə həbs edilmiş adamı buraxdı, İsanı isə onların ixtiyarına verdi. 26  Onu edama apararkən kənddən qayıdan kirenalı Şimonu tutdular, işgəncə dirəyini İsanın arxasınca aparmaq üçün onun belinə yüklədilər. 27  Camaat da İsanın ardınca gedirdi. Qadınlar kədərdən sinələrinə vurur, onun üçün ağlaşırdılar. 28  İsa çönüb onlara dedi: «Ey Yerusəlim qızları, mənim üçün ağlamayın. Özünüzün və uşaqlarınızın gününə ağlayın. 29  Çünki elə bir vaxt gəlir ki, onda insanlar deyəcəklər: “Sonsuz, uşaq doğmamış və döş əmizdirməmiş qadınlar nə xoşbəxtdir!” 30  O zaman insanlar dağlara: “Üstümüzə yıxılın!”, təpələrə: “Bizi örtün!”, — deyəcəklər. 31  Əgər ağacın canında su var ikən belə edirlərsə, görün o quruyanda nə olacaq!» 32  Onunla birlikdə iki nəfər cinayətkarı da edama aparırdılar. 33  Onlar Kəllə adlanan yerə gəlib çatdılar. Orada İsanı və cinayətkarları dirəyə mıxladılar. Birini İsanın sağında, o birini solunda asdılar. 34  [Lakin İsa deyirdi: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər».]* Sonra İsanın paltarlarını bölüşdürmək üçün püşk atdılar. 35  Camaat durub baxırdı, rəhbərlər isə rişxəndlə deyirdilər: «Bəs başqalarını xilas edirdi? Əgər o, Allahın seçilmiş Məsihidirsə, qoy özünü xilas etsin». 36  Hətta əsgərlər də onu ələ salırdılar. Onlar yaxınlaşıb İsaya turş şərab təklif edir 37  və deyirdilər: «Əgər sən yəhudilərin padşahısansa, özünü xilas et!» 38  İsanın başının üstündə belə yazı var idi: «Bu, yəhudilərin padşahıdır». 39  Dirəkdən asılmış cinayətkarlardan biri onu təhqir edərək dedi: «Məgər sən Məsih deyilsən? Özünü də xilas et, bizi də». 40  Amma o birisi ona acıqlanıb dedi: «Sən heç Allahdan qorxmursan? Axı özün də eyni cəzanı çəkirsən. 41  Bizə əməllərimizə görə cəza veriblər, düz də ediblər, bu adam isə heç bir pis iş görməyib». 42  Sonra üzünü İsaya tutub dedi: «İsa, padşahlığına gələndə məni yadına sal». 43  İsa ona cavab verdi: «Bunu bil*: sən mənimlə Cənnətdə olacaqsan!» 44  Günorta saat on iki* olardı. Bütün yer üzünə qaranlıq çökdü və saat üçədək* davam etdi. 45  Günəş işığı yox idi. O zaman məbədin* pərdəsi tən ortadan cırıldı 46  və İsa ucadan qışqırıb dedi: «Ata, ruhumu sənə tapşırıram». Bunu deyib öldü. 47  Yüzbaşı baş verənləri görəndə Allahı mədh edib dedi: «Bu adam, doğrudan da, saleh imiş». 48  Tamaşaya durmuş adamlar da baş verənləri görəndə sinələrinə vura-vura dağılışıb getdilər. 49  İsanı tanıyanlar isə kənarda durmuşdular. Onların arasında Qalileyadan onun ardınca gəlmiş qadınlar var idi, onlar da durub baş verənlərə baxırdılar. 50  Orada Yusif adlı saleh və xeyirxah bir adam vardı. O, Şuranın* üzvü idi. 51  Bu adam onların fikir və əməllərini dəstəkləmirdi. O, yəhudilərin şəhəri Arimateyadan idi və Allahın padşahlığını gözləyirdi. 52  Yusif Pilatın yanına gedib ondan İsanın cəsədini xahiş etdi. 53  O, cəsədi dirəkdən düşürüb zərif kətan parçaya sarıdı və qayada oyulmuş, təzə bir sərdabəyə qoydu. 54  Həmin gün Hazırlıq günü idi və artıq şənbə qabağı qaş qaralırdı. 55  İsa ilə Qalileyadan gəlmiş qadınlar da gedib sərdabəyə və cəsədin necə qoyulduğuna baxdılar. 56  Onlar qayıdıb xoş iyli ot və ətirli yağlar hazırladılar. Ertəsi gün şənbə olduğundan Qanuna əsasən onlar istirahət edirdilər.

Haşiyələr

Luka 3:1-in haşiyəsinə bax
Luka 17:36 haşiyəsinə bax
Kvadrat mötərizədəki mətn bəzi qədim əlyazmalarda var, bəzilərində isə yoxdur
Orijinal mətndə deyilir: «Bu gün sənə deyirəm»
Hərfən «altıncı saat»
Hərfən «doqquzuncu saatadək»
Bu pərdə Müqəddəs Yeri Ən Müqəddəs Yerdən ayırırdı
Yaxud «Sinedrionun»