Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 22:1—71

22  Pasxa adlanan Mayasız Çörək bayramı yaxınlaşırdı.  Böyük kahinlər və mirzələr İsanı aradan götürmək üçün əlverişli üsul axtarırdılar, çünki xalqdan qorxurdular.  Onda Şeytan, on iki şagirddən biri olan Yəhuda İskariotun ürəyinə girdi.  Yəhuda böyük kahinlərin və məbəd rəislərinin yanına gedib İsanı ələ vermək barəsində onlarla sözləşdi.  Onlar çox sevindilər və ona gümüş pul verməyi vəd etdilər.  Yəhuda razılaşdı və İsanı xalqdan xəlvət ələ vermək üçün fürsət axtarmağa başladı.  Mayasız Çörək bayramının ilk günü gəldi. Həmin gün pasxa qurbanı kəsilirdi.  İsa Peterlə Yəhyanı göndərib dedi: «Gedin və bizə pasxa yeməyi hazırlayın».  Onlar soruşdular: «Harada hazırlayaq?» 10  İsa cavab verdi: «Şəhərə girəndə saxsı səhəngdə su aparan bir adam görəcəksiniz. Onun girdiyi evə gedin 11  və ev sahibinə belə deyin: “Bizi Müəllim göndərib. O bilmək istəyir ki, şagirdləri ilə pasxa yeməyini hansı qonaq otağında yeyəcək”. 12  O adam sizə yuxarı mərtəbədə hazırlanmış böyük bir otaq göstərəcək. Yeməyi orada hazırlayın». 13  Şagirdlər getdilər və doğrudan da, hər şey İsanın dediyi kimi oldu. Onlar pasxa yeməyini hazırladılar. 14  Nəhayət, vaxt yetişəndə İsa həvariləri ilə süfrəyə əyləşib 15  onlara dedi: «Əzab çəkməzdən əvvəl bu pasxa yeməyini sizinlə yeməyi çox arzulayırdım. 16  Çünki pasxanın daşıdığı məna Allahın padşahlığında gerçəkləşməyincə bir daha onu yeməyəcəyəm». 17  Sonra bir cam götürdü və Allaha şükür edib dedi: «Bu camı alıb bir-birinizə ötürün. 18  Çünki Allahın padşahlığı gəlməyincə mən bir daha üzüm meynəsinin məhsulundan içməyəcəyəm». 19  Sonra çörək götürdü, Allaha şükür edib çörəyi böldü və şagirdlərinə verib dedi: «Bu çörək sizin uğrunuzda fəda ediləcək bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin». 20  Şam yeməyini yeyəndən sonra eynilə də camı götürüb dedi: «Bu cam sizin uğrunuzda axıdılacaq qanım əsasında bağlanan yeni əhdi təmsil edir. 21  Lakin xain mənimlə birlikdə əlini süfrəyə uzadır. 22  İnsan Oğlu onun üçün təyin edilmiş yolla gedir. Buna baxmayaraq, vay onu satanın halına!» 23  Onlar aralarında danışmağa başladılar ki, görəsən, bu işi kim edəcək. 24  Sonra onların arasında qızğın mübahisə düşdü: onlardan kim ən böyük sayılmalıdır. 25  İsa onlara dedi: «Xalqların hökmdarları onlara ağalıq edir, onların üzərində hakimiyyət sürənləri Hami* kimi göylərə ucaldırlar. 26  Siz isə belə olmamalısınız. Qoy aranızda böyük sayılan kiçik kimi olsun, başçılıq edən sizə xidmət etsin. 27  Kim daha böyükdür: süfrədə oturan, yoxsa qulluq edən? Məgər böyük, süfrədə oturan deyil? Mən isə aranızda qulluq edirəm. 28  Amma siz bütün sınaqlarım boyu mənimlə olmusunuz. 29  Buna görə Atam mənimlə padşahlığa aid əhd bağladığı kimi, mən də sizinlə padşahlığa aid əhd bağlayıram ki, 30  mənim padşahlığımda süfrəmdə yeyəsiniz, içəsiniz və taxtda oturub İsrailin on iki qəbiləsini mühakimə edəsiniz. 31  Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdə ələməyi tələb edirdi. 32  Amma mən sənin üçün Allaha yalvarmışam ki, imanın tükənməsin. Sən də qayıdanda qardaşlarına ürək-dirək ver». 33  Peter isə dedi: «Ağa, mən səninlə zindana da, ölümə də getməyə hazıram». 34  Ancaq o dedi: «Peter, bunu bil ki, bu gün xoruz banlamamış sən məni üç dəfə danacaqsan». 35  Sonra İsa şagirdlərinə dedi: «Mən sizi xidmətə göndərəndə özünüzlə pul kisəsi, heybə və səndəl götürməmişdiniz. Bir şeydə korluq çəkdiniz?» Onlar dedilər: «Xeyr!» 36  Onda İsa dedi: «İndi isə pul kisəsi olan kisəsini, həmçinin heybəsini də götürsün. Qılıncı olmayan əbasını satıb qılınc alsın. 37  Bunu bilin ki, mənim haqqımda yazılmış: “Cinayətkarlara tay tutuldu”, — sözləri yerinə yetməlidir. Çünki haqqımda yazılanlar artıq həyata keçir». 38  Onlar dedilər: «Ağa, burada iki qılınc var». İsa dedi: «Kifayətdir». 39  İsa oradan çıxıb həmişəki kimi Zeytun dağına getdi. Şagirdləri də dalınca getdilər. 40  Ora çatanda İsa onlara dedi: «Sınaqlara tab gətirmək üçün dua edin». 41  Özü isə onlardan bir qədər* aralandı, diz çöküb dua etməyə başladı: 42  «Ata, əgər istəyirsənsə, bu camı məndən uzaqlaşdır. Amma yenə də, qoy mənim yox, Sənin istəyincə olsun». 43  Bu zaman göydən bir mələk peyda olub onu ürəkləndirdi. 44  İsa şiddətli iztirab çəkərək daha da hərarətlə dua edirdi və təri qan damlaları kimi yerə düşürdü. 45  İsa duasını qurtarıb ayağa qalxdı, şagirdlərinin yanına qayıtdı və gördü ki, onlar kədərdən üzülüb yuxuya gediblər. 46  İsa onlara dedi: «Niyə yatırsınız? Qalxın və durmadan dua edin ki, sınaqlara tab gətirəsiniz». 47  O hələ danışarkən oraya bir izdiham gəldi. On iki həvaridən biri olan Yəhuda bu izdihamın önündə idi. Yəhuda İsanı öpmək üçün ona yaxınlaşdı. 48  İsa ona dedi: «Yəhuda, insan Oğlunu öpüşlə satırsan?» 49  İsanın yanındakılar vəziyyəti başa düşüb ona dedilər: «Ağa, qılıncları işə salaq?» 50  Hətta onlardan biri qılıncla baş kahinin nökərini vurub onun sağ qulağını kəsdi. 51  Ancaq İsa dedi: «Yetər, qurtarın!» Sonra nökərin qulağına toxunub onu sağaltdı. 52  İsa onu tutmağa gələn böyük kahinlərə, məbəd rəislərinə və ağsaqqallara dedi: «Məgər mən qulduram ki, üstümə qılınc və dəyənəklə gəlirsiniz? 53  Hər gün məbəddə sizin yanınızda olanda heç mənə əl qaldırmırdınız?! Amma indi sizin saatınızdır, indi zülmətin hakimiyyətidir». 54  Onlar İsanı tutub baş kahinin evinə apardılar. Peter isə bir qədər aralıdan onların dalınca gedirdi. 55  Adamlar həyətin ortasında tonqal qalayıb dövrəsində oturdular. Peter də onların arasında oturdu. 56  Bu zaman qarabaşlardan biri tonqalın yanında oturan Peteri görüb onu başdan-ayağa süzdü və dedi: «Bu da onlarla idi». 57  Lakin Peter danmağa başladı: «Ay bacı, mən onu tanımıram». 58  Bir az sonra başqa bir adam onu görüb dedi: «Sən də onlardansan». Lakin Peter dedi: «Xeyr!» 59  Təqribən bir saatdan sonra başqa bir adam israrla dedi: «Bu adam onunla idi! Bu da qalileyalıdır». 60  Peter qayıdıb dedi: «Ay qardaş, mən sənin nə dediyini başa düşmürəm». Elə həmin andaca, söz hələ onun ağzında ikən xoruz banladı. 61  Ağamız dönüb Peterə baxdı. Peter də Ağanın dediyi: «Bu gün xoruz banlamamış sən məni üç dəfə danacaqsan», — sözlərini xatırladı. 62  O, çölə çıxıb acı-acı ağladı. 63  İsanın keşiyini çəkənlər isə onu lağa qoyub döyməyə başladılar. 64  Onlar İsanın üzünü örtüb ondan soruşurdular: «Hə, peyğəmbər, tap görək səni kim vurdu?» 65  Ona çoxlu başqa təhqiramiz sözlər də deyirdilər. 66  Nəhayət, səhər açılanda xalqın ağsaqqalları, böyük kahinlər və mirzələr yığışdılar və İsa Sinedrion zalına gətirildi. Onlar dedilər: 67  «Əgər Məsihsənsə, de, biz də bilək». Ancaq İsa dedi: «Desəm də inanmayacaqsınız. 68  Sizdən soruşsam, cavab verməyəcəksiniz. 69  Lakin indən belə, İnsan Oğlu qüdrətli Allahın sağında oturacaq». 70  Bunu eşidəndə onların hamısı dedi: «Deməli, sən Allahın Oğlusan?» O cavab verdi: «Özünüz deyirsiniz ki, mən Allahın Oğluyam». 71  Onlar dedilər: «Daha başqa şəhadət nəyimizə lazımdır? Bunu onun öz dilindən eşitdik».

Haşiyələr

«Hami» fəxri titul idi
Yaxud «bir daş atımı məsafəsinə»