Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 21:1—38

21  İsa ətrafa göz gəzdirəndə varlıların xəzinə qablarına ianə* saldıqlarını gördü.  Sonra kasıb bir dul qadın da qaba iki xırda* pul saldı.  İsa dedi: «İnanın ki, bu dul qadın kasıb olsa da, onların hamısından daha çox pul saldı.  Çünki onlar var-dövlətlərinin artığından ianə verdilər, bu qadın isə yoxsul ola-ola, dolanmaq üçün nəyi vardısa, hamısını verdi».  Daha sonra bəziləri məbədin gözəl daşlarla və həsr edilmiş əşyalarla bəzədildiyi haqqında danışanda  o dedi: «Elə vaxt gələcək ki, burada gördüklərinizdən daş daş üstə qalmayacaq, hamısı dağılacaq».  Onda İsadan soruşdular: «Müəllim, bunlar nə vaxt olacaq? Bunların baş verəcəyi vaxtı hansı əlamətdən bilmək olar?»  İsa cavab verdi: «Diqqətli olun ki, sizi aldatmasınlar. Çünki bir çoxları mənim adımla gəlib: “Məsih mənəm” və “Vaxtdır”, — deyəcəklər. Onların ardınca getməyin.  Bundan əlavə, müharibələr və çaxnaşmalar barəsində eşidəndə dəhşətə gəlməyin. Çünki əvvəlcə bunlar baş verməlidir, ancaq son dərhal gəlməyəcək». 10  Sonra əlavə etdi: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. 11  Güclü zəlzələlər, bir çox yerlərdə epidemiyalar və qıtlıqlar olacaq. İnsanlar dəhşətli mənzərələr və göydə böyük əlamətlər görəcəklər. 12  Lakin bütün bunlardan əvvəl sizi tutacaq və təqib edəcəklər, sinaqoqlara verəcək və həbsxanalara atacaqlar, mənim adıma görə sürüyüb padşahların və valilərin önünə gətirəcəklər. 13  Bu, şəhadət vermək üçün bir fürsət olacaq. 14  Buna görə də özünüzü müdafiə etmək üçün nə deyəcəyinizi qabaqcadan düşünməyin, 15  çünki mən sizə elə bir hikmətli dil verəcəyəm ki, düşmənlərinizdən heç birinin qarşınızda dayanmağa və sizə etiraz etməyə cürəti çatmayacaq. 16  Bundan başqa valideynləriniz, qohum-qardaşınız, dostlarınız sizi ələ verəcək, hətta bəzilərinizi öldürəcəklər. 17  Mənim adıma görə hamı sizə nifrət edəcək. 18  Bunlara baxmayaraq, başınızdan bir tük belə əskik olmayacaq. 19  Dözümlə həyatınızı xilas edəcəksiniz. 20  Yerusəlimi hərbi düşərgələrin mühasirəsində görəndə bilin ki, o, tezliklə viran olacaq. 21  Onda qoy Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdəkilər oradan çıxsın və ətraf kəndlərdə olanlar şəhərə girməsin. 22  Çünki o günlər qisas günləri* olacaq və beləliklə, bütün yazılanlar yerinə yetəcək. 23  O günlərdə hamilə qadınların və südəmizdirən anaların vay halına! Çünki bu torpağın başına böyük müsibət gələcək. Bu xalq Allahın qəzəbinə tuş olacaq, 24  qılıncdan keçiriləcək, bütün ölkələrə əsir aparılacaq. Millətlər üçün təyin olunmuş vaxt qurtarana qədər Yerusəlim millətlərin tapdağı altında qalacaq. 25  Həmçinin günəşdə, ayda, ulduzlarda əlamətlər olacaq. Yerdə dənizin nəriltisindən və çalxalanmasından çıxış yolu tapmayan millətlər əzab çəkəcək. 26  İnsanlar qorxudan və yerin üzərinə gələcək hadisələri gözləməkdən huşunu itirəcəklər, çünki göylərin qüdrəti sarsılacaq. 27  O zaman insan Oğlunun qüdrət və cah-calalla buludda gəldiyini görəcəklər. 28  Bunlar yerinə yetməyə başlayanda qamətinizi düzəldib başınızı dikəldin, çünki qurtuluşunuz yaxındır». 29  Sonra İsa onlara bu məsəli çəkdi: «Əncir ağacına və başqa ağaclara fikir verin. 30  Onların tumurcuqlandığını görəndə bilirsiniz ki, tezliklə yay gələcək. 31  Eləcə də bütün bunların baş verdiyini görəndə bilin ki, Allahın padşahlığı yaxındadır. 32  Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil yox olmamış baş verəcək. 33  Göy və yer yox olub gedəcək, mənim sözlərim isə qalacaq. 34  Özünüzə fikir verin, ürəyinizi qarınqululuq, sərxoşluq və həyatın qayğıları ilə yükləməyin ki, o gün 35  üstünüzə tor kimi qəflətən, bir an içində gəlməsin. Çünki o gün yer üzündə yaşayan hər kəs üçün gələcək. 36  Buna görə də oyaq durun və hər vaxt Allaha yalvarın ki, mütləq baş verəcək hadisələrdən qurtulasınız və insan Oğlunun qarşısında dura biləsiniz». 37  O, gündüzlər məbəddə Allahın sözünü xalqa öyrədir, gecələr isə gedib Zeytun dağında qalırdı. 38  Bütün xalq onu dinləmək üçün sübh tezdən məbədə gəlirdi.

Haşiyələr

Hərfən «bəxşiş»
Hərfən «iki lepta». Lepton misdən və ya tuncdan düzəldilən ən xırda yəhudi pulu idi və bir günlük əmək haqqının altmış dörddə birinə bərabər idi. 10–cu Əlavəyə bax
Yaxud «o günlərdə ədalət yerini tutacaq»