Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 20:1—47

20  Bir gün İsa məbəddə insanlara Allahın sözünü öyrədir və xoş xəbəri təbliğ edirdi. Böyük kahinlər və mirzələr ağsaqqallarla birlikdə onun yanına gəlib  soruşdular: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?»  İsa dedi: «Mən də sizə bir sual verəcəyəm: deyin görüm  Yəhyaya vəftiz etmə ixtiyarını Allah vermişdi, yoxsa insanlar?»  Onlar öz aralarında götür-qoy edib belə qənaətə gəldilər: «Əgər desək ki, “Allah verib”, o qayıdıb deyəcək: “Bəs niyə ona inanmadınız?”  Əgər desək ki, “insanlar veriblər”, onda camaat bizi daşa basar, çünki hamı Yəhyanın peyğəmbər olduğuna inanır».  Onlar belə dedilər: «Bilmirik kim verib».  İsa onlara dedi: «Onda mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm».  Sonra İsa camaata belə bir məsəl çəkdi: «Bir adam üzüm bağı saldı və bağı bağbanlara icarəyə verib uzun müddətə başqa bir ölkəyə yollandı. 10  Məhsul yığımı mövsümündə öz nökərini bağbanların yanına göndərdi ki, bağın məhsulundan ona bir pay versinlər. Bağbanlar isə nökəri döyüb əliboş geri qaytardılar. 11  Bağın sahibi yenidən bir nökər göndərdi. Bağbanlar onu da döyüb təhqir etdilər və əliboş qaytardılar. 12  O, üçüncü dəfə nökər göndərdi. Bağbanlar onu da şil-küt edib çölə atdılar. 13  Onda bağın sahibi belə dedi: “Mən nə edim? Gəl, sevimli oğlumu göndərim, yəqin ona hörmətlə yanaşarlar”. 14  Lakin bağbanlar oğulu görəndə bir-birinə: “Bu varisdir. Gəlin onu öldürək ki, miras bizim olsun”, — dedilər. 15  Bağbanlar oğulu bağdan çölə atıb öldürdülər. Görəsən, bağın sahibi onlara nə edəcək? 16  O gəlib bu bağbanları öldürəcək, üzüm bağını isə başqalarına verəcək». Bunu eşidəndə onlar dedilər: «Allah göstərməsin!» 17  İsa onlara baxıb dedi: «Bəs onda: “Bənnaların rədd etdikləri daş əsas guşədaşı oldu”, — ayəsi nə deməkdir? 18  Onun üstünə yıxılan hər bir kəs əzilib öləcək. Bu daş kimin üstünə düşsə, onu tələf edəcək». 19  Mirzələr və böyük kahinlər İsanın bu məsəli onlara aid etdiyini başa düşüb onu dərhal tutmaq istədilər, amma camaatdan qorxdular. 20  Onu yaxşıca müşahidə etdikdən sonra bir neçə adam öyrədib yanına göndərdilər. Bu adamlar özlərini saleh göstərməklə onu sözdə tutmalı idilər. Mirzələr və böyük kahinlər İsanı hökumətə və valinin əlinə vermək istəyirdilər. 21  Həmin adamlar gəlib İsaya dedilər: «Müəllim, biz bilirik ki, sən düz danışır və doğru təlim verirsən, səndə tərəfkeşlik yoxdur, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən. 22  Necə bilirsən, padşaha* vergi vermək düzgündür, ya yox?» 23  İsa onların kələyini dərhal anlayıb dedi: 24  «Mənə bir dinar göstərin. Bu dinarın üzərində kimin surəti və titulu həkk olunub?» Onlar cavab verdilər: «Padşahın». 25  İsa onlara dedi: «Belə isə, padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin». 26  Onlar xalqın qarşısında İsanı sözdə tuta bilmədilər və onun cavabına mat qalıb susdular. 27  Dirilməyə inanmayan sadukeylərdən bir neçəsi onun yanına gəlib 28  soruşdular: «Müəllim, Musa bizə belə yazıb: “Bir kişi övladsız ölərsə, onun qardaşı dul qalmış arvada evlənib qardaşının nəslini davam etdirməlidir”. 29  Yeddi qardaş var idi: böyük qardaş evləndi, amma övladsız öldü. 30  İkincisi də o qadınla evləndi və sonra öldü, 31  üçüncüsü də elə; beləliklə, qardaşların yeddisi də onunla evləndilər, amma özlərindən sonra övlad qoymayıb öldülər. 32  Axırda o qadın da öldü. 33  Görəsən, dirilmə vaxtı həmin qadın bu qardaşlardan hansının arvadı olacaq? Axı yeddisi də ona evlənmişdi». 34  İsa onlara dedi: «Bu zəmanənin övladları evlənir və ərə gedirlər, 35  lakin ölülərdən dirilməyə və gələcək dövrdə yaşamağa layiq görülənlər nə evlənəcək, nə də ərə gedəcəklər. 36  Onlar artıq ölməyəcəklər, çünki mələk kimi olacaq və dirildikləri üçün Allahın övladları olacaqlar. 37  O ki qaldı ölülərin dirilməyinə, bunu hətta Musa göyəm kolu haqqındakı əhvalatı danışarkən Yehovanı “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandırmaqla göstərib. 38  O, ölülərin yox, dirilərin Allahıdır, çünki Onun üçün onların hamısı sağdır». 39  Mirzələrdən bir neçəsi dedi: «Müəllim, yaxşı dedin». 40  Onlar artıq bir söz belə soruşmağa cürət etmirdilər. 41  İsa onlara dedi: «Necə olur ki, Məsihi Davudun oğlu adlandırırlar? 42  Axı Davud özü Məzmurlar kitabında belə deyir: “Yehova Ağama dedi: 43  «Düşmənlərini kətil kimi ayaqlarının altına qoyanadək sağımda otur»”. 44  Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?» 45  Bütün camaat ona qulaq asarkən o, şagirdlərinə dedi: 46  «Özünüzü mirzələrdən gözləyin. Onlar uzun xələtlərdə gəzməyi, bazar meydanlarında camaatdan salam almağı, sinaqoqlarda qabaq cərgələrdə və ziyafətlərdə yuxarı başda oturmağı sevirlər. 47  Onlar dul qadınların evlərini talayır və özlərini mömin göstərmək üçün uzun-uzadı dua edirlər. Onlara daha ağır hökm kəsiləcək».

Haşiyələr

Hərfən «sezara»