Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 2:1—52

2  O günlərdə sezar Avqust bütün imperiyada* əhalinin siyahıya alınması üçün fərman verdi.  (Bu ilk siyahıyaalma idi və Kirini Suriyanın valisi olanda keçirilmişdi.)  Hər kəs qeydiyyatdan keçmək üçün öz şəhərinə getdi.  Yusif də Davud evindən və nəslindən olduğuna görə arvadı Məryəmi götürüb qeydiyyatdan keçmək üçün Qalileyanın Nazaret şəhərindən çıxdı və Yəhudeyaya, Davudun Betlehem adlanan şəhərinə yola düşdü.  Məryəm bir azdan doğmalı idi.  Onlar Betlehemdə olarkən Məryəmin doğmaq vaxtı gəldi.  Məryəm bir oğlan uşağı doğdu. Bu onun ilki idi. O, uşağı bələyib tövlədəki axura qoydu, çünki qalmağa bir yer tapa bilməmişdilər.  O yerlərdə çobanlar vardı, onlar çöldə yaşayıb gecələr sürülərinin keşiyini çəkirdilər.  Birdən Yehovanın mələyi onların qarşısında peyda oldu və Yehovanın calalı onların ətrafına nur ələdi. Çobanları qorxu bürüdü. 10  Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün insanları şad edəcək xoş xəbəri çatdırmağa gəlmişəm. 11  Bu gün Davudun şəhərində sizin Xilaskarınız, Ağamız Məsih doğulub. 12  Sizə nişan verirəm: axurda, qundağa bürünmüş bir körpə tapacaqsınız». 13  Qəflətən bu mələyin yanında saysız-hesabsız mələklər* göründü. Onlar Allahı mədh edərək deyirdilər: 14  «Göylərdəki Allahımıza eşq olsun! Yerdə Onun bəyəndiyi insanlara sülh nəsib olsun!» 15  Mələklər göyə qalxandan sonra çobanlar bir-birinə dedilər: «Gəlin elə bu saat durub Betlehemə gedək və Yehovanın bizə bildirdiyi bu hadisəni gözümüzlə görək». 16  Onlar dərhal yola düşdülər, gəlib Məryəmi, Yusifi və axurda yatan körpəni tapdılar. 17  Körpəni görəndə mələyin bu uşaq haqqında söylədiklərini onlara danışdılar. 18  Çobanları dinləyənlər onların sözlərinə mat-məəttəl qaldılar, 19  Məryəm isə eşitdiklərini ürəyində saxlayır, onların mənası üzərində düşünürdü. 20  Sonra çobanlar görüb-eşitdikləri hər şey üçün Allaha şükür edə-edə geri qayıtdılar, ona görə ki, hər şey, doğrudan da, mələklərin dediyi kimi idi. 21  Səkkizinci gün körpəni sünnət etmək vaxtı gəldi. Onun adını İsa qoydular. Bu adı Məryəm hamilə olmazdan əvvəl mələk söyləmişdi. 22  Onların Musanın qanununa əsasən pak olmaq vaxtları yetişəndə uşağı Yehovaya təqdim* etmək üçün Yerusəlimə gətirdilər. 23  Çünki Yehovanın qanununda: «İlk doğulan oğlan uşağı Yehovaya məxsusdur»,* — deyilmişdir. 24  Onlar həmçinin Yehovanın qanununda deyildiyi kimi, «bir cüt qumru quşu, ya da iki göyərçin balası»nı qurban gətirməli idilər. 25  Yerusəlimdə Şimeon adlı saleh və mömin bir kişi vardı. O, İsrailin təsəlli tapacağı günləri gözləyirdi və müqəddəs ruh onun üzərində idi. 26  Allah müqəddəs ruh vasitəsilə ona bildirmişdi ki, o, Yehovanın Məsihini görməyincə ölməyəcək. 27  Şimeon müqəddəs ruhun göstərişi ilə məbədə gəldi. Elə bu vaxt Yusif və Məryəm də qanunun tələblərini icra etmək üçün körpə İsanı məbədə gətirmişdilər. 28  Şimeon körpəni qucağına alıb Allaha şükür etdi və dedi: 29  «Pərvərdigara! Dediyin kimi, indi qulun məzara arxayınlıqla gedəcək, 30  çünki bütün millətlərin önündə hazırladığın 31  xilas yolunu öz gözlərimlə gördüm. 32  O, millətlərin gözündəki duvağı qaldıran işıqdır, xalqın İsrailin şərəfidir». 33  Uşağın atası ilə anası onun haqqında deyilənlərə təəccüblənirdilər. 34  Şimeon onlara xeyir-dua verib uşağın anası Məryəmə dedi: «Bax, o, İsraildə bir çoxlarının yıxılması və yenidən qalxması üçündür. O, bir nişanədir, ona həqarətlə yanaşacaqlar. 35  (Bu, sənin qəlbini bir qılınc kimi yarıb keçəcək.) Bununla bir çoxlarının ürəyinin düşüncələri üzə çıxacaq». 36  Aşer qəbiləsindən olan Fanuelin qızı peyğəmbər Anna da orada idi. (Artıq ahıl yaşına çatmış bu qadın qız ikən ərə getmiş və əri ilə cəmi yeddi il yaşamış, 37  və dul qalmışdı. İndi onun səksən dörd yaşı vardı.) O, heç vaxt məbəddən ayrılmır, oruc tutub dua etməklə gecə-gündüz ibadət edirdi. 38  Bu vaxt bu qadın onlara yaxınlaşıb Allaha şükür etməyə və Yerusəlimin qurtuluşunu gözləyənlərə uşaq haqqında danışmağa başladı. 39  Yusif və Məryəm Yehovanın qanununun tələb etdiyi hər şeyi icra etdikdən sonra Qalileyaya, öz şəhərləri Nazaretə qayıtdılar. 40  Uşaq isə yavaş-yavaş böyüyür, güclənir və hikmətlə dolurdu. Allahın lütfü də onunla idi. 41  Onun valideynləri hər il Yerusəlimə Pasxa bayramına gedirdilər. 42  İsanın on iki yaşı olanda valideynləri, həmişəki kimi, ora getdilər 43  və bayramı orada keçirtdilər. Amma qayıdan baş İsa Yerusəlimdə qaldı, valideynlərinin isə bundan xəbəri yox idi. 44  Valideynləri onun yol yoldaşlarının arasında olduğunu düşünüb bir gün yol getdilər, sonra onu qohumların və tanış-bilişin arasında axtarmağa başladılar. 45  Uşağı tapmayanda Yerusəlimə qayıdıb onu orada axtardılar. 46  Nəhayət, üç gündən sonra onu məbəddə tapdılar. O, müəllimlərin arasında oturub onlara qulaq asır və sual verirdi. 47  İsanı dinləyənlərin hamısı onun zəkasına və cavablarına valeh olurdu. 48  Valideynləri onu görəndə mat-məəttəl qaldılar. Anası ona dedi: «Oğlum, sən niyə belə elədin? Atanla mən səni çox axtardıq, səni tapana qədər ürəyimizi yedik». 49  Amma İsa onlara dedi: «Məni niyə axtarırdınız? Məgər bilmirdiniz ki, mən Atamın evində olmalıyam?» 50  Onlarsa İsanın nədən danışdığını başa düşmədilər. 51  İsa valideynləri ilə birlikdə Nazaretə gəldi; o, heç vaxt valideynlərinin sözündən çıxmırdı. Anası onun haqqındakı bütün sözləri ürəyində qoruyub saxlayırdı. 52  İsa böyüyür, hikmətlə dolur, Allahın və insanların hüsn-rəğbətini qazanırdı.

Haşiyələr

Yaxud «bütün yer üzündə»
Hərfən «böyük göylər ordusu»
Yaxud «Yehovaya uşağın əvəzini ödəmək üçün», «uşağı Yehovaya göstərmək üçün». Saylar 18:15, 16 bax
Hərfən «Yehova üçün müqəddəsdir»