Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 19:1—48

19  İsa Yerixo şəhərindən keçirdi.  Orada Zakkay adında varlı bir adam vardı. Bu adam vergiyığanların rəisi idi.  O, İsanı görmək istəyirdi, lakin görə bilmirdi, çünki adam çox, özü isə balacaboy idi.  Buna görə də Zakkay qabağa qaçıb İsanı görmək üçün bir əncir ağacına dırmaşdı, çünki İsa həmin yoldan keçməli idi.  İsa o yerə çatanda başını qaldırıb ona dedi: «Zakkay, tez aşağı düş. Mən bu gün sənin evində qalmalıyam».  Zakkay tez aşağı düşdü və onu sevinclə qəbul etdi.  Adamlar bunu görəndə: «Siz bir buna baxın, günahkarın evinə qonaq gedir», — deyə deyinməyə başladılar.  Zakkay isə ayağa qalxıb Ağamıza dedi: «Ağa, malımın yarısını yoxsullara verəcəyəm, kimdən haqsızlıqla nə isə almışamsa, dördqat qaytaracağam».  İsa bunu eşidəndə dedi: «Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. 10  İnsan Oğlu yolundan azanları tapıb xilas etməyə gəlib». 11  Bu sözlərdən sonra İsa şagirdlərinə bir məsəl çəkdi, çünki onlar elə düşünürdülər ki, Yerusəlimə gələn kimi Allahın padşahlığını görəcəklər. 12  O dedi: «Kübar ailədən olan bir adam padşahlıq hakimiyyətini alıb geri qayıtmaq üçün uzaq bir ölkəyə yollanırdı. 13  O, yanına on nökər çağırıb onlara on mina* verdi və tapşırdı: “Mən gələnə kimi bu pulu dövriyyəyə buraxın”. 14  Lakin ölkəsinin vətəndaşları ona nifrət edirdilər və ardınca bir neçə elçi göndərib dedilər: “Biz bu adamın üzərimizdə hökmranlıq etməsini istəmirik”. 15  Padşahlıq hakimiyyətini alıb geri qayıdandan sonra o, həmin nökərləri yanına çağırtdırdı ki, görsün onlara verdiyi gümüş pulun dövriyyəsindən nə qədər gəlir əldə ediblər. 16  Birinci nökər gəlib dedi: “Ağam, verdiyin mina on mina gətirdi”. 17  Ağası ona dedi: “Afərin, qoçaq nökər! Xırda bir işdə sadiq olduğun üçün sənə on şəhər üzərində hakimiyyət verirəm”. 18  Sonra ikinci nökər gəlib dedi: “Ağam, verdiyin mina beş mina gətirdi”. 19  Ağası bu nökərə də dedi: “Sənə də beş şəhər üzərində hakimiyyət verirəm”. 20  Lakin başqa birisi gəlib belə dedi: “Ağam, al, bu da sənin pulun. Onu yaylığa büküb saxlamışam. 21  Səndən qorxdum, çünki sən insafsız adamsan; qoymadığını götürürsən, əkmədiyini biçirsən”. 22  Ağası ona dedi: “Yaramaz nökər! Sən öz dilinlə özünü məhkum etdin. Axı sən mənim qoymadığını götürən, əkmədiyini biçən insafsız adam olduğumu bilirdin! 23  Belə isə, nə üçün gümüş pulu dövriyyəyə buraxmadın ki, qayıdanda onu faizlə geri alım?” 24  Onda ağa yanındakılara dedi: “Pulu bundan alıb on minası olana verin”. 25  Ona dedilər: “Ağa, axı onun artıq on minası var!” 26  “Bunu bilin ki, kimdə varsa, ona daha çox veriləcək, kimdə yoxdursa, əlindəki də alınacaq. 27  Üzərlərində padşahlıq etməyimi istəməyən düşmənlərimi isə bura gətirib gözümün qabağında öldürün”». 28  İsa bunları deyəndən sonra yoluna davam edib Yerusəlimə qalxdı. 29  O, Zeytun dağında yerləşən Betfagiya və Betaniyaya yaxınlaşanda qabağınca iki şagirdini göndərib 30  dedi: «Qarşıdakı kəndə gedin, orada payaya bağlanmış və heç kimin minmədiyi bir qoduq görəcəksiniz. Onu açıb mənə gətirin. 31  Əgər kimsə sizdən onu niyə açdığınızı soruşsa, deyin ki, Ağaya lazımdır». 32  Onlar gedib hər şeyi onun dediyi kimi tapdılar. 33  Heyvanı açarkən onun yiyələri dedilər: «Onu niyə açırsınız?» 34  Şagirdlər cavab verdilər: «Ağamıza lazımdır». 35  Onlar heyvanı İsanın yanına gətirdilər, özlərinin əbalarını çıxarıb belinə sərdilər və İsanı ona mindirdilər. 36  İsa yolla gedərkən adamlar əbalarını yerə sərirdilər. 37  O, Zeytun dağından enən yola yaxınlaşan zaman çoxsaylı şagirdlərinin hamısı sevinməyə başladı və gözləri ilə gördükləri əzəmətli işlərə görə ucadan Allaha şükür edərək 38  dedilər: «Yehovanın adı ilə Padşah kimi gələnə eşq olsun! Göydə sülh və yüksəklərdə Yaşayana eşq olsun!» 39  Lakin bəzi fəriseylər camaatın arasından qışqırıb dedilər: «Müəllim, şagirdlərini susdur». 40  İsa onlara dedi: «Bunu bilin ki, onlar sussa, daşlar dilə gəlib qışqıracaq». 41  İsa şəhərə yaxınlaşanda ona baxıb ağladı 42  və dedi: «Kaş sən sülhə aparan yolu bu gün dərk edəydin... Amma gözlərin bağlanıb. 43  Çünki elə bir vaxt gəlir ki, düşmənlərin ətrafında ucu şiş payalarla istehkam quracaq, səni mühasirəyə alıb hər tərəfdən sıxışdıracaq. 44  Onlar səni və uşaqlarını yerə çırpacaq, səndə daşı daş üstə qoymayacaq, çünki sən yoxlanma vaxtını sezmədin». 45  Sonra o, məbədə girib oradakı alverçiləri qovmağa başladı. 46  İsa deyirdi: «Yazılıb: “Mənim evim dua evi olacaq”. Siz isə onu quldur yuvasına döndərmisiniz». 47  İsa hər gün məbəddə Allahın sözünü öyrədirdi. Böyük kahinlər, mirzələr və xalqın içindən nüfuzlu adamlar onu öldürmək istəyirdilər, 48  amma bilmirdilər bunu necə etsinlər, çünki bütün xalq onu diqqətlə dinləyib ondan ayrılmırdı.

Haşiyələr

Yunan minası: həm çəki vahidi, həm də pul vahidi idi. Bu gümüş pul 100 draxma dəyərində olub üç aylıq əmək haqqına bərabər idi