Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 18:1—43

18  Sonra İsa həmişə dua etməyin və təslim olmamağın vacibliyi barəsində onlara bir məsəl çəkdi:  «Bir şəhərdə Allahdan qorxmayan və insanları saymayan bir hakim vardı.  Orada həmçinin bir dul qadın da yaşayırdı. Bu qadın daima hakimin yanına gedib: “Mənimlə rəqibim arasında ədalətli hökm çıxar”, — deyirdi.  Hakim bir müddət ona kömək etmirdi, amma sonradan öz-özünə dedi: “Düzdür, Allahdan qorxmuram, insanları da saymıram,  amma bu dul qadının gəlib-getməyi məni lap boğaza yığdı. Gərək onun işi ilə əlaqədar ədalətli hökm çıxarım ki, daha gəlib baş-beynimi aparmasın”».  Ağamız dedi: «Görürsünüz, haqq-nahaq tanımayan hakim nə dedi?!  Əgər o belə etdisə, məgər səbirli Allah Ondan gecə-gündüz imdad diləyən seçilmişləri üçün ədaləti bərpa etməyəcək?  Bunu bilin ki, Allah onlar üçün ədaləti tezliklə bərpa edəcək. Bəs görəsən, insan Oğlu gələndə yer üzündə belə iman tapacaqmı?»  Öz gözündə saleh olan və heç kəsi saymayan adamlar üçün İsa bu məsəli çəkdi: 10  «İki adam dua etmək üçün məbədə girdi. Onlardan biri fərisey, digəri vergiyığan idi. 11  Fərisey durub ürəyində belə dua etdi: “Şükür Sənə, İlahi! Mən qalan adamlar kimi — soyğunçu, haqsız, zinakar və ya bu vergiyığan kimi deyiləm. 12  Həftədə iki dəfə orucumu tuturam, aldığım hər şeyin onda birini verirəm”. 13  Vergiyığan isə uzaqda durub gözlərini də göyə qaldırmağa cürət etmirdi, amma peşmançılıqdan sinəsinə vurub deyirdi: “Ya Allah, mən günahkara rəhmin gəlsin”. 14  Bunu bilin ki, bu adam Allahın gözündə o birisindən daha saleh çıxdı. Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək». 15  Camaat öz körpələrini İsanın yanına gətirirdi ki, İsa onlara toxunsun. Şagirdlər isə onları danlayırdı. 16  Amma İsa uşaqları yanına çağırdı və dedi: «Qoyun uşaqlar yanıma gəlsinlər, onlara mane olmayın. Çünki Allahın padşahlığı belələrinə məxsusdur. 17  Bilin və agah olun: Allahın padşahlığını balaca uşaq kimi qəbul etməyən əsla ora girməyəcək». 18  Rəhbərlərdən biri ondan soruşdu: «Yaxşı Müəllim, əbədi həyatı almaq üçün mən nə edim?» 19  İsa ona dedi: «Məni niyə “Yaxşı” adlandırırsan? Allahdan başqa Yaxşı şəxsiyyət yoxdur. 20  Sən ki: “Zina etmə, qətl etmə, oğurluq etmə, yalan şəhadət vermə, atana və anana hörmət et”, — əmrlərini bilirsən». 21  O adam cavab verdi: «Bütün bunlara ta uşaqlıqdan əməl edirəm». 22  İsa onu dinləyib dedi: «Amma bir şey də etməlisən. Nəyin varsa, hamısını sat və kasıblara payla. Onda göydə xəzinən olacaq. Sonra mənim ardımca gəl». 23  O, bunu eşidəndə bərk kədərləndi, çünki çox varlı idi. 24  İsa ona baxıb dedi: «Pullu adamlara Allahın padşahlığına girmək necə də çətin olacaq! 25  Dəvənin iynə deşiyindən keçməsi, varlı adamın Allahın padşahlığına girməyindən daha asandır». 26  Bu sözləri eşidənlər: «Bəs onda kim xilas ola bilər?», — deyə soruşdular. 27  İsa cavab verdi: «İnsan üçün mümkün olmayan şey Allah üçün mümkündür». 28  Onda Peter dedi: «Bax, nəyimiz vardısa, qoyub sənin ardınca gəldik». 29  İsa onlara dedi: «Əmin olun, kim Allahın padşahlığı uğrunda evini, arvadını, qardaşlarını, valideynlərini və ya uşaqlarını qoyubsa, 30  bu dövrdə onları artıqlaması ilə və gələcək dövrdə əbədi həyatı alacaq». 31  Sonra İsa on iki şagirdini kənara çəkib onlara dedi: «İndi Yerusəlimə gedirik və peyğəmbərlərin insan Oğluna aid bütün yazdıqları yerinə yetəcək. 32  Məsələn, o, başqa millətlərdən olan adamların əlinə veriləcək; onu lağa qoyacaq, təhqir edəcək və üzünə tüpürəcəklər. 33  Onu qamçı ilə döyəcək, sonra öldürəcəklər, amma o, üçüncü gün diriləcək». 34  Ancaq şagirdlər bu sözlərdən bir şey başa düşmədilər, çünki bunların mənası onlardan gizlədilmişdi, buna görə də onun dediklərini dərk etmirdilər. 35  İsa Yerixoya yaxınlaşanda yolun qırağında bir kor dilənçi oturmuşdu. 36  Yoldan çoxlu adamın keçdiyini eşidəndə, o, nə baş verdiyini soruşdu. 37  Ona dedilər: «Nazaretli İsadır, keçir!» 38  Kor bunu eşidəndə qışqırdı: «Ey Davud Oğlu İsa, mənə rəhm et!» 39  Qabaqda gedənlər ona susmağı əmr etdilər, amma o, daha da bərkdən qışqırmağa başladı: «Davud Oğlu, mənə rəhm et!» 40  İsa ayaq saxladı və əmr etdi ki, o adamı yanına gətirsinlər. O yaxınlaşanda İsa soruşdu: 41  «Nə istəyirsən? Sənin üçün nə edim?» O cavab verdi: «Ağa, gözlərimə şəfa ver». 42  İsa ona dedi: «Qoy gözlərin görsün, imanın səni sağaltdı». 43  Həmin andaca o adamın gözləri açıldı və o, Allaha şükür edə-edə İsanın ardınca getdi. Bunu görən camaat da Allaha həmd etdi.

Haşiyələr