Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 17:1—37

17  Sonra İsa şagirdlərinə dedi: «İman yolunda mütləq maneələr olacaq. Amma vay səbəbkarın halına!  Bu kiçiklərdən birini büdrətməkdənsə, onun üçün daha yaxşı olardı ki, boynuna dəyirman daşı asıb onu dənizə atsınlar.  Ehtiyatlı olun. Qardaşın günah işləsə, onu məzəmmət et, tövbə etsə, bağışla.  Hətta bir gündə sənə qarşı yeddi dəfə günah işləsə və hər dəfə yanına gəlib: “Tövbə edirəm”, — desə, onu bağışlamalısan».  Sonra həvarilər Ağamıza dedilər: «İmanımızı artır».  Ağamız isə dedi: «Əgər sizdə bir xardal toxumu boyda iman olsaydı, bu tut ağacına: “Kökündən qop və dənizdə bit”, — deyərdiniz və ağac sizə itaət edərdi.  Tutalım nökəriniz var. O, yer şumlamaqdan və ya sürünü otarmaqdan qayıdanda hansınız ona: “Tez süfrəyə keç, əyləş”, — deyər?  Məgər: “Şam yeməyimi hazırla, önlüyünü tax və mən yeyib qurtaranadək mənə qulluq et, sonra özün də yeyərsən”, — deməz?  Tapşırığını yerinə yetirdiyinə görə məgər ağası nökərə minnətdar olacaq? 10  Sizə tapşırılmış işləri görüb qurtaranda deyin: “Biz heç nəyə yaramayan nökərlərik. Biz sadəcə işimizi gördük”». 11  Yerusəlimə gedərkən İsa Samariyadan və Qalileyadan keçirdi. 12  Bir kəndə girəndə onu on nəfər cüzamlı kişi gördü. Onlar uzaqda durub 13  qışqırdılar: «İsa, Ustad, bizə rəhm et!» 14  İsa onları görəndə: «Gedin özünüzü kahinlərə göstərin», — dedi. Bu adamlar yolda ikən cüzamdan təmizləndilər. 15  Onlardan biri sağaldığını görüb Allaha ucadan şükür edə-edə geri qayıtdı. 16  O, üzüqoylu İsanın ayaqlarına yıxılıb ona təşəkkür etdi. Bu adam samariyalı idi. 17  O zaman İsa dedi: «Məgər on nəfər təmizlənmədi? Bəs qalan doqquz nəfər hanı? 18  Allaha həmd etmək üçün bu yadellidən savayı heç kim qayıdıb gəlmədi?» 19  Sonra həmin adama dedi: «Dur get, imanın səni sağaltdı». 20  Fəriseylər ondan Allahın padşahlığının nə vaxt gələcəyini soruşanda İsa belə cavab verdi: «Allahın padşahlığı açıq-aşkar tərzdə gəlməyəcək. 21  Onun barəsində: “Baxın, buradadır” və ya: “Oradadır”, — deməyəcəklər. Çünki Allahın padşahlığı aranızdadır». 22  Sonra şagirdlərinə dedi: «Elə bir vaxt gələcək ki, insan Oğlunun günlərindən birini görməyi möhkəm arzulayacaqsınız, amma görməyəcəksiniz. 23  Sizə: “Oradadır!”, yaxud: “Buradadır!”, — deyəcəklər. Onların dalınca düşüb getməyin. 24  Çünki şimşək çaxanda göyün bir ucundan o biri ucuna qədər necə parlayırsa, insan Oğlunun zühur günündə də belə olacaq. 25  Ancaq əvvəlcə o, çoxlu əzablara qatlaşmalı, bu nəsil tərəfindən rədd olunmalıdır. 26  Nuhun günlərində olduğu kimi, insan Oğlunun günlərində də elə olacaq: 27  Nuh gəmiyə girən günə qədər insanlar yeyir-içir, evlənir, ərə gedirdilər. Sonra daşqın gəlib onların hamısını tələf etdi. 28  Lutun günlərində də belə idi: insanlar yeyir-içir, alır-satır, əkir, ev tikirdilər. 29  Amma Lut Sodomdan çıxdığı gün göydən atəş və kükürd yağıb hamını məhv etdi. 30  İnsan Oğlunun zühur günündə də belə olacaq. 31  O gün kim damda olarsa, əşyalarının dalınca evə düşməsin; tarlada olan da geri qayıtmasın. 32  Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın. 33  Kim həyatını qorumağa çalışırsa, onu itirəcək; amma həyatını itirən, onu qoruyacaq. 34  Bunu bilin: həmin gecə iki nəfər bir yataqda olacaq. Biri götürüləcək, o birisi qalacaq. 35  Bir dəyirmanda iki qadın dən üyüdəcək. Biri götürüləcək, o birisi qalacaq». 36  * —— 37  Şagirdləri ondan soruşdu: «Ağa, hara?» O cavab verdi: «Cəsəd haradadırsa, qartallar da ora yığışacaq».

Haşiyələr

Bu ayəyə Müqəddəs Kitabın bəzi tərcümələrində rast gəlinir, lakin ən qədim yunan əlyazmalarına uyğun gələn Uestkot və Hortun yunanca mətnində rast gəlinmir