Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 16:1—31

16  Sonra İsa öz şagirdlərinə müraciət edərək dedi: «Bir dövlətli adamın evində nökərbaşı vardı. Bir gün ona xəbər çatdı ki, nökərbaşı onun malını israf edir.  Onda o, nökərbaşını yanına çağırıb dedi: “Bu nədir sənin haqqında eşidirəm? İşin barədə hesabat ver, çünki sən artıq bu evi idarə etməyəcəksən”.  Nökərbaşı öz-özünə dedi: “Ağam vəzifəmi əlimdən alır, bəs mən nə edəcəyəm? Torpaq qazmağa qüvvəm yox, dilənməyə də utanıram.  Aha! Bilirəm nə etmək lazımdır ki, işdən qovulandan sonra adamlar məni öz evlərində qəbul etsinlər”.  O, ağasına borcu olanları bir-bir yanına çağırdı. Birincisindən soruşdu: “Ağama nə qədər borclusan?”  O cavab verdi: “Yüz bat* zeytun yağı”. Nökərbaşı ona dedi: “Qəbzini al və otur, cəld əlli bat yaz”.  Sonra digərindən soruşdu: “Bəs sənin borcun nə qədərdir?” O cavab verdi: “Yüz kor* buğda”. Nökərbaşı ona: “Qəbzini götür və səksən kor yaz”, — dedi.  Nadürüst nökərbaşının ağılla tərpəndiyini görən ağası onu təriflədi. Doğrudan da, bu zəmanənin oğulları nurun oğullarına nisbətən öz dövrünün adamları ilə daha ağılla davranırlar.  Baxın sizə deyirəm: özünüzə dünya malı* ilə dost qazanın ki, bu mal qurtaranda onlar sizi əbədi məskənlərə qəbul etsinlər. 10  Xırda bir işdə sadiq olan böyük işdə də sadiqdir, xırda işdə dürüst olmayan böyük işdə də dürüst olmur. 11  Beləliklə, əgər siz dünya malı ilə rəftarda sadiq olmasanız, kim sizə həqiqi sərvəti etibar edər? 12  Özgəsinin malına qarşı sadiq olmasanız, kim sizə sizin üçün hazırlanmış mükafatı verər? 13  Heç bir nökər iki ağaya qulluq edə bilməz, çünki ya birinə nifrət edib, o birini sevəcək, ya da birinə sadiq qalıb digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin nökəri ola bilməzsiniz». 14  Bu sözləri eşidən pulgir fəriseylər ona istehza etməyə başladılar. 15  Buna görə də İsa onlara dedi: «Siz insanların qarşısında özünüzü saleh göstərirsiniz, lakin Allah ürəyinizi bilir. İnsanların gözündə uca sayılan şey Allahın gözündə iyrəncdir. 16  Qanun və Peyğəmbərlər Yəhyaya qədər idi. Ondan başlayaraq Allahın padşahlığı haqqında xoş xəbər təbliğ edilir və hər cür adam var gücü ilə ora girməyə can atır. 17  Yerlə göy yox olsa belə, Qanundan bir hərfin nöqtəsi də boşa çıxmaz. 18  Arvadını boşayıb başqasına evlənən zina edir, boşanmış qadına evlənən də zina edir. 19  Bir varlı adam var idi. O, kətan və bənövşəyi libas geyinir, günlərini dəbdəbə içində və keflə keçirirdi. 20  Bir də Lazar adlı bir dilənçi vardı. Onun bədəni büsbütün yara içində idi. Adətən onu varlının qapısına qoyardılar. 21  O, varlının süfrəsindən düşən qırıntılarla qarnını doydurmaq istərdi. İtlər də gəlib onun yaralarını yalayırdılar. 22  Bir gün dilənçi öldü və mələklər onu İbrahimin yanına* apardılar. Varlı adam da öldü və dəfn edildi. 23  O, Məzarda əzab çəkən vaxt başını qaldırıb uzaqda İbrahimi və yanındakı Lazarı gördü. 24  Varlı çağırıb dedi: “İbrahim ata! Mənə rəhm et. Lazarı göndər, barmağının ucunu suya batırıb dilimi sərinlətsin, çünki alovun içində əzab çəkirəm”. 25  Lakin İbrahim ona dedi: “Bala, unutma ki, sən bütün ömrün boyu firavan yaşamısan, Lazar isə bir xoş gün görməyib. İndi o, burada təsəlli tapır, sən isə əzab çəkirsən. 26  Üstəlik, aramızda dərin uçurum qoyulub ki, nə bizdən sizə, nə də sizdən bizə keçmək istəyənlər keçə bilməsin”. 27  Bunun müqabilində varlı adam dedi: “Ata, onda səndən xahiş edirəm, Lazarı atamın evinə göndər, 28  çünki mənim beş qardaşım var. Qoy onlara ətraflı şəhadət versin ki, onlar da bu əzab məkanına düşməsinlər”. 29  Lakin İbrahim dedi: “Onlarda Musa və Peyğəmbərlər var, qoy onları dinləsinlər”. 30  Varlı isə dedi: “Xeyr, dinləmirlər, ay İbrahim ata! Amma ölülərdən kimsə gəlsə, tövbə edərlər”. 31  Onda İbrahim dedi: “Əgər Musaya və Peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən kiminsə dirilməsi də onları inandırmaz”».

Haşiyələr

Müasir ölçü ilə iki min iki yüz litr. Bir bat 22 litrə bərabərdir
Müasir ölçü ilə on yeddi ton buğda. Bir kor 170 kq bərabərdir
Hərfən «qeyri-saleh mal»
Hərfən «qoynuna». Xüsusi rəğbət mövqeyini bildirir