Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 14:1—35

14  Bir şənbə günü İsa fəriseylərin rəhbərlərindən birinin evinə nahara getdi. Oradakılar İsaya göz qoyurdular.  İsanın qarşısında bədəninə su yığılan xəstə bir adam vardı.  İsa bu adamı görəndə qanunşünaslardan və fəriseylərdən soruşdu: «Necə bilirsiniz, qanuna görə şənbə günü adam sağaltmaq olar, ya yox?»  Amma onlar dinmədilər. Onda İsa xəstəyə toxunub onu sağaltdı və yola saldı.  Sonra onlara dedi: «Hansınızın oğlu və ya öküzü şənbə günü quyuya düşsə, dərhal onu oradan dartıb çıxarmaz?»  Onlar cavab verə bilmədilər.  İsa qonaqların yuxarı başa keçməyə çalışdığını görəndə onlara bir məsəl çəkdi:  «Kimsə səni toy məclisinə dəvət edəndə yuxarı başa keçmə. Ola bilsin, məclisə səndən daha adlı-sanlı bir adam çağırılıb.  Belə olduqda toy yiyəsi gəlib sənə deyəcək: “Yerini bu adama ver”. Onda sən xəcalətlə aşağı başa keçməli olacaqsan. 10  Amma səni bir yerə çağıranda, aşağı başda otur. Məclis yiyəsi gəlib sənə deyəcək: “Qardaş, keç yuxarı başa”. Onda bütün qonaqların qarşısında hörmətin birə-beş artacaq. 11  Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək». 12  Sonra İsa onu dəvət etmiş adama dedi: «Qonaqlıq verəndə evinə dostlarını, qohum-qardaşını və ya varlı-hallı qonşularını çağırma. Gün gələr, onlar da səni öz evlərinə dəvət edərlər, onda əvəz-əvəz olarsınız. 13  Qonaqlıq verəndə evinə kasıbları, şikəstləri, çolaqları, korları çağır. 14  Bax, onda ürəyin şad olacaq, çünki bu adamların sənə verməyə heç nələri yoxdur. Salehlər diriləndə əvəzini alacaqsan». 15  Bunu eşidəndə qonaqlardan biri dedi: «Allahın padşahlığında çörək yeyən nə xoşbəxtdir!» 16  İsa ona dedi: «Bir adam böyük bir ziyafət düzəldirdi və evinə çoxlu qonaq dəvət etmişdi. 17  Ziyafət vaxtı gələndə bu adam nökərini göndərdi ki, onlara desin: “Hər şey hazırdır, gəlin”. 18  Amma onların hamısı bir nəfər kimi bəhanə gətirməyə başladı. Biri belə dedi: “Mən bir tarla almışam, gərək gedib ona baxım. Xahiş edirəm, məni üzürlü hesab et”. 19  Başqası belə dedi: “Beş cüt kəl almışam, onları yoxlamağa gedirəm. Allah xatirinə, məni üzürlü say”. 20  Başqa birisi dedi: “Təzəcə evlənmişəm, buna görə də gələ bilmərəm”. 21  Nökər qayıdıb onların sözlərini ağasına çatdırdı. Onda ev yiyəsi qəzəblənib nökərinə dedi: “Durma, tez şəhərin baş küçələrinə və dalanlarına çıx, kasıbları, şikəstləri, korları və axsaqları yığ bura gətir”. 22  Bir azdan nökər gəlib dedi: “Ağa, əmrini yerinə yetirdim, amma hələ bir az da yer qalıb”. 23  Ağa nökərə dedi: “Yollarda, cığırlarda kimi tapsan hamını məcbur edib bura gətir ki, evim dolsun. 24  Bunu bilin ki, əvvəldən dəvət etdiyim qonaqlardan heç biri mənim axşam yeməyimin dadına baxmayacaq”». 25  İsa ilə çoxlu adam gedirdi. O çönüb onlara dedi: 26  «Yanıma gəlib, amma ata-anasını, arvadını, uşaqlarını, bacı-qardaşını, bəli, hətta həyatını məndən çox sevən* mənim şagirdim ola bilməz. 27  İşgəncə dirəyini götürüb mənim arxamca gəlməyən mənim şagirdim ola bilməz. 28  Misal üçün, sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər tikintini qurtarmağa gücünün çatıb-çatmayacağını bilmək üçün əvvəlcə oturub vəsaitini hesablamaz? 29  Əks təqdirdə, bünövrəni qoyacaq, amma qurtarmağa vəsaiti çatmayacaq, onda: 30  “Bu adam tikməyə başladı, amma qurtara bilmədi”, — deyə camaatı özünə güldürəcək. 31  Yaxud hansı padşah digər padşaha qarşı müharibəyə çıxanda əvvəlcə oturub məsləhətçiləri ilə məşvərət etməz ki, görsün on min əsgərilə düşmənin iyirmi min əsgərinə qalib gələ biləcək, ya yox? 32  Əgər gücü çatmırsa, düşmən padşah hələ uzaqda ikən, elçilərini göndərib onunla sülh bağlamağa çalışacaq. 33  Əmin ola bilərsiniz, əmlakından əl çəkməyən adam mənim şagirdim ola bilməz. 34  Duz, əlbəttə ki, yaxşı şeydir. Amma o öz xassəsini itirsə, ona nə ilə dad vermək olar? 35  O, artıq nə torpağa, nə də gübrəyə yarayır. Onu tullayırlar. Qulağı olan, qoy eşitsin».

Haşiyələr

Hərfən «nifrət etməyən»