Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 13:1—35

13  Həmən vaxt oradakılardan bəziləri qalileyalıların başına gəlmiş müsibəti İsaya danışdılar: Pilat onların qanını gətirdikləri qurbanların qanına qatmışdı.  İsa onlara dedi: «Elə bilirsiniz ki, bu qalileyalılar digər qalileyalılardan daha günahlı olduqları üçün onların başına belə müsibət gəlib?  Xeyr! Bilin və agah olun, əgər tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız.  Yaxud Siloam qülləsinin altında qalıb ölmüş on səkkiz nəfər Yerusəlimin bütün digər sakinlərindən daha günahlı* idi?  Xeyr! Bilin və agah olun, əgər tövbə etməsəniz, hamınız beləcə məhv olacaqsınız».  Sonra onlara bir məsəl çəkdi: «Bir adamın üzümlüyündə əncir ağacı var idi. Bir gün o, ağacdan əncir dərməyə gəldi, amma heç nə tapmadı.  Onda bağbana dedi: “Düz üç ildir gəlirəm, lakin bu ağacda bir dənə də olsun əncir tapmamışam. Kəs onu getsin! Nə üçün torpağı boş yerə tutsun?”  Bağban cavab verdi: “Ağa, qoy bir il də qalsın. Onun dibini belləyərəm, peyinləyərəm.  Gələn il bar verər, lap yaxşı; verməzsə, onda kəsərsən”». 10  İsa bir şənbə günü sinaqoqların birində təlim verirdi. 11  Orada bir qadın var idi. O, düz on səkkiz il idi ki, naxoşluq cininə tutulmuşdu. Bu qadının beli tam bükülmüşdü və dikəlmirdi. 12  İsa ona baxıb dedi: «Bacım, xəstəliyindən qurtuldun». 13  İsa əllərini onun üzərinə qoydu. Qadın həmin andaca dikəldi və Allaha şükür etməyə başladı. 14  Lakin sinaqoq rəisi İsanın şənbə günündə adam sağaltdığına hirslənib xalqa dedi: «İşləmək üçün altı gün var, həmin günlərdə gəlib sağalın, daha şənbə günü yox». 15  Ağamız ona cavab verdi: «İkiüzlülər! Məgər şənbə günü siz öz öküzünüzü və ya eşşəyinizi axurdan açıb suvarmağa aparmırsınız? 16  Bəs düz on səkkiz ildir ki, Şeytanın bağlı saxladığı bu qadını, İbrahimin qızını şənbə günü azad etmək lazım deyildi?» 17  İsa bu sözləri deyəndən sonra onun əleyhdarları utandılar, bütün camaat isə onun möhtəşəm işlərinə şadlandı. 18  İsa sözünə davam etdi: «Allahın padşahlığını nəyə bənzətmək olar? Onu nə ilə müqayisə edim? 19  O, xardal toxumuna bənzəyir. Bir adam bu toxumu götürüb öz bağında əkdi. O böyüyüb ağac oldu və göy quşları onun budaqlarında yuva saldılar». 20  O, təkrarən dedi: «Allahın padşahlığını nə ilə müqayisə edim? 21  O, mayaya bənzəyir. Bir qadın mayanı götürüb üç təknə una qatdı* və bütün xəmir acıdı». 22  İsa Yerusəlimə gedərkən şəhərlərdən, kəndlərdən keçir və Allahın sözünü xalqa öyrədirdi. 23  Bir nəfər ondan soruşdu: «Ağa, doğrudan da, az adam xilas olacaq?» İsa belə cavab verdi: 24  «Dar qapıdan girmək üçün var gücünüzlə çalışın, çünki çoxları girməyə çalışacaq, lakin bacarmayacaqlar. 25  Ev yiyəsi durub qapını bağlayanda siz bayırda qalacaqsınız və qapını döyüb: “Ağa, bizə qapını aç”, — deyəcəksiniz. O isə cavab verəcək: “Mən sizi tanımıram”. 26  Onda siz deyəcəksiniz: “Biz səninlə bir yerdə çörək kəsmişik, sən şəhərimizin baş küçələrində camaatı öyrədirdin”. 27  Amma ev yiyəsi sizə deyəcək: “Mən sizi tanımıram. Məndən əl çəkin, bədəməllər!” 28  Siz İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın padşahlığında, özünüzün isə bayırda qaldığını görəndə dişlərinizi qıcayacaq və hönkür-hönkür ağlayacaqsınız. 29  İnsanlar şərqdən və qərbdən, şimaldan və cənubdan gəlib Allahın padşahlığında süfrəyə əyləşəcəklər. 30  Axırıncılardan kimisi birinci, birincilərdən kimisi axırıncı olacaq». 31  Bu dəm bir neçə fərisey İsanın yanına gəlib dedilər: «Buradan çıx get, Hirod* səni öldürmək istəyir». 32  O dedi: «Gedin, o tülküyə deyin ki, bu gün və sabah cinləri qovub insanlara şəfa verəcəyəm və üçüncü gün işimi bitirəcəyəm. 33  Amma mən bu gün, sabah və birigün yoluma davam etməliyəm. Ola bilməz ki, peyğəmbər Yerusəlimdən kənarda qətlə yetirilsin. 34  Eh, Yerusəlim, Yerusəlim! Peyğəmbərləri qətlə yetirən və sənə göndərilənləri daşa basan Yerusəlim! Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də sənin övladlarını neçə dəfə bu cür yığmaq istədim. Heyf, istəmədiniz! 35  Bu Ev* tərk edilib sizə boş qalacaq. Baxın, sizə deyirəm, siz: “Yehovanın adı ilə gələnə eşq olsun!”, — deyənə qədər məni görməyəcəksiniz».

Haşiyələr

Hərfən «borclu»
Hərfən «üç təknə unda gizlətdi»
Yəni Böyük Hirodun oğlu Hirod Antipa
Hərfən «sizin eviniz», yəni məbəd