Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 12:1—59

12  Bir gün İsanın başına minlərlə adam toplaşmışdı, insan əlindən tərpənmək olmurdu. İsa əvvəlcə öz şagirdlərinə müraciət edərək sözə başladı: «Özünüzü fəriseylərin mayasından, yəni ikiüzlülükdən gözləyin.  Elə gizli şey yoxdur ki, bir gün üzə çıxmasın; elə bir sirr yoxdur ki, sonradan üstü açılmasın.  Buna görə də qaranlıqda dediyiniz işıqda eşidiləcək, dörd divar arasında pıçıldadığınız evlərin damından vəz ediləcək.  Dostlar, bədəni öldürüb ondan sonra heç nə bacarmayanlardan qorxmayın.  Sizə deyim kimdən qorxmaq lazımdır: bədəni öldürəndən sonra onu Hinnom dərəsinə* atmağa qadir olandan qorxun. Bəli, sizə deyirəm, Ondan qorxun.  Məgər beş sərçəni ikicə qara qəpiyə* satmırlar? Amma onlardan heç biri Allahın yadından çıxmır.  Sizin isə başınızın saçı belə, bir-bir sayılıb. Odur ki, qorxmayın, siz sərçələrdən qat-qat qiymətlisiniz.  Bunu bilin ki, kim insanların qarşısında mənimlə vəhdətdə olduğunu açıq-aşkar söyləyirsə, insan Oğlu da Allahın mələklərinin qarşısında onunla vəhdətdə olduğunu açıq-aşkar söyləyəcək.  Kim insanların qarşısında məni danarsa, mən də Allahın mələkləri qarşısında onu danacağam. 10  İnsan Oğluna qarşı bir söz deyən adam bağışlanacaq, lakin müqəddəs ruha qarşı küfr danışan adam bağışlanmayacaq. 11  Sizi xalq məclislərinə, hakimlərin və dövlət adamlarının qarşısına çəkib gətirəndə özünüzü müdafiə etmək üçün nə və necə deyəcəyiniz, nə danışacağınız haqqında narahat olmayın. 12  Çünki müqəddəs ruh sizə nə demək lazım olduğunu həmin an öyrədəcək». 13  Bundan sonra camaat arasından bir adam ona dedi: «Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün». 14  İsa ona cavab verdi: «Ay kişi, məni aranızda hakimlik etməyə və ya malınızı bölməyə kim təyin edib?» 15  Sonra əlavə etdi: «Gözlərinizi dörd açın və özünüzü hər cür tamahkarlıqdan qoruyun, çünki insanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil». 16  Sonra onlara bir məsəl çəkdi: «Bir varlının torpağı bol məhsul verdi. 17  Bu adam ürəyində düşünməyə başladı: “Mən indi necə edim? Məhsulu yığmağa yerim yoxdur”. 18  Sonra dedi: “Bilirəm nə edəcəyəm! Anbarlarımı söküb, yerinə daha böyüklərini tikəcəyəm. Bütün taxılımı, sərvətimi ora yığacağam. 19  Sonra özümə deyəcəyəm: «Canım, dincəl, ye, iç, kef elə, çünki topladığın bu var-dövlət sənə ömrünün axırına kimi bəsdir»”. 20  Ancaq Allah ona dedi: “Ey ağılsız, elə bu gecə sənin canını alacaqlar. Bəs bu topladığın sərvət kimə qalacaq?” 21  Allahın gözündə varlanmaq əvəzinə, özünə var-dövlət toplayanların aqibəti belə olur». 22  Sonra o, şagirdlərinə dedi: «Buna görə də sizə deyirəm: “Nə yeyəcəyik?”, — deyə canınızdan ötrü və: “Nə geyəcəyik?”, — deyə bədəninizdən ötrü qayğı çəkməyi qurtarın. 23  Çünki can qidadan, bədən isə geyimdən daha qiymətlidir. 24  Quzğunlara baxın: onlar nə əkir, nə biçir, nə zirzəmiləri var, nə anbarları. Buna baxmayaraq, Allah onları yedizdirir. Siz isə quşlardan qat-qat qiymətlisiniz! 25  Hansınız qayğı çəkməklə həyatını bir qarış da olsa uzada bilər? 26  Əgər sizin belə kiçicik bir işə gücünüz çatmırsa, nəyə görə qalan şeylərdən ötrü qayğı çəkəsiniz? 27  Zanbaqların necə boy atdığına baxın: onlar nə zəhmət çəkir, nə ip əyirir, amma inanın ki, hətta Süleyman, bütün cah-calalında bunlardan biri kimi geyinməmişdir. 28  Əgər Allah, bu gün var olub sabah ocağa atılacaq çöl otunu belə geyindirirsə, ey imanı az olanlar, məgər sizi geyindirməyəcək?! 29  Buna görə də yemək-içmək dərdi çəkməyi və həddindən artıq narahat olmağı qurtarın, 30  çünki bütün bu şeylərin dalınca dünya millətləri düşür. Amma sizin Atanız bunlara ehtiyac duyduğunuzu bilir. 31  Onun padşahlığını həyatınızda həmişə birinci yerə qoyun, onda bunlar da sizə veriləcək. 32  Qorxma kiçik sürü, çünki Atanız padşahlığı sizə verməyi münasib bildi. 33  Hər nəyiniz varsa, satın və sədəqə verin. Özünüzə yırtılmayan pul kisələri düzəldin, göydə heç vaxt tükənməyən xəzinə yığın. Orada xəzinənizə oğrunun əli çatmaz və onu güvə yeməz. 34  Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaqdır. 35  Qoy beliniz qurşaqlı olsun və çırağınız həmişə yansın. 36  Siz ağasının toy ziyafətindən qayıtmasını gözləyən, ağa gəlib qapını döyəndə qapını dərhal açan adamlar kimi olun. 37  Ağa gələndə oyaq tapdığı nökərlər necə də xoşbəxtdirlər! İnanın ki, ağa qurşaqlanıb, onları süfrə arxasında əyləşdirəcək və özü durub onlara qulluq edəcək. 38  Əgər ağa çox gec*, hətta gecə yarısından* sonra da gəlib onları oyaq taparsa, o nökərlər necə də xoşbəxtdirlər! 39  Bunu bilin, ev yiyəsi oğrunun nə vaxt gələcəyini bilsəydi, onda oyaq qalıb oğrunun evə girməsinə yol verməzdi. 40  Siz də hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək». 41  Peter soruşdu: «Ağa, sən bu məsəli təkcə bizim üçün çəkirsən, yoxsa hamı üçün?» 42  Ağamız cavab verdi: «Öz qulluqçularına vaxtlı-vaxtında yemək paylarını vermək üçün onların üzərində ağanın qoyacağı sadiq və ağıllı* nökərbaşı kimdir? 43  Ağası gələndə iş başında olan nökər necə də xoşbəxtdir! 44  İnanın, ağası bütün əmlakının idarəsini ona tapşıracaq. 45  İşdir, əgər o nökər ürəyində: “Ağamın gəlməyinə hələ var”, — deyib nökərləri və qulluqçu qızları döyür, yeyib-içib sərxoş olursa, 46  ağası onun gözləmədiyi gün və bilmədiyi saatda gəlib ona ağır cəza verəcək və onun aqibəti sədaqətsiz adamlarla eyni olacaq. 47  Ağasının istəyini başa düşüb, amma yerinə yetirməyən və ya onun gəlişinə hazır olmayan nökər çoxlu kötək yeyəcək. 48  Amma ağasının istəyini başa düşməyən və buna görə də kötəklənməyə layiq iş görən nökər az kötək yeyəcək. Kimə çox verilibsə, ondan çox tələb olunacaq. Kimə çox şey etibar edilibsə, ondan daha çox şey tələb olunacaq. 49  Mən yer üzündə alov yandırmağa gəlmişəm və alov artıq yanırsa, mənə bundan başqa nə lazımdır ki? 50  Mən başqa bir vəftizlə də vəftiz olunmalıyam və onun tamam olmasını gözləyərkən ürəyim bərk sıxılır! 51  Siz elə bilirsiniz ki, mən yerə sülh gətirməyə gəlmişəm? Xeyr! Mən sülh yox, ixtilaf gətirmişəm. 52  Bundan sonra evlərdə ziddiyyət olacaq: beş adamın yaşadığı bir evdə üç adam iki nəfərə qarşı, iki adam üç nəfərə qarşı çıxacaq. 53  Ata oğula, oğul ataya qarşı, ana qıza, qız anaya qarşı, qayınana gəlinə, gəlin isə qayınanaya qarşı çıxacaq». 54  Sonra İsa camaata müraciət etdi: «Qərbdən qalxan bir bulud görəndə deyirsiniz: “Tufan olacaq”. Belə də olur. 55  Cənub küləyinin əsdiyini görəndə deyirsiniz: “Bərk isti olacaq”. Belə də olur. 56  İkiüzlülər! Yerin və göyün görünüşündən havanın necə olacağını müəyyən edə bilirsiniz. Bəs necə olur ki, indi baş verənlərin mənasını bilmirsiniz? 57  Nəyin saleh olub-olmadığına niyə özünüz qərar vermirsiniz? 58  Misal üçün, rəqibinlə hakimin yanına gedəndə, hələ yolda ikən çalış onunla mübahisəni həll et ki, o səni hakimin qarşısına aparmasın. Yoxsa hakim səni məhkəmə icraçısına təhkim edəcək, o da səni zindana atacaq. 59  Sənə deyirəm, borcunu axırıncı qəpiyinə* qədər ödəməyincə, oradan çıxmayacaqsan».

Haşiyələr

Yaxud gehenna. Tullantı yandırmaq üçün Yerusəlimdən kənarda yerləşən zibillik. Hinnom dərəsi əbədi məhvin simvoludur. 8–ci Əlavəyə bax
«Qəpik», yunanca assarion. Fəhlənin bir günlük əmək haqqı olan dinarın on altıda biri dəyərində mis pul. 10–cu Əlavəyə bax
Çox gec: Hərfən «ikinci növbə»
Gecə yarısından sonra: Hərfən «üçüncü növbə». Qədimdə gecə dörd hissəyə və ya növbəyə bölünürdü. Birinci növbə axşam saat altından doqquza kimi davam edir, ikinci növbə axşam doqquzdan gecə saat on ikiyə kimi, üçüncü növbə gecə on ikidən səhər saat üçə kimi, dördüncü növbə isə səhər saat üçdən altıya kimi davam edirdi
Yaxud müdrik, uzaqgörən, tədbirli, ehtiyatlı
Hərfən «axırıncı leptonuna kimi»