Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 11:1—54

11  Günlərin bir günü İsa dua edirdi. Duasını qurtaranda bir şagirdi ondan xahiş etdi: «Ağa, Yəhya şagirdlərinə öyrətdiyi kimi, sən də bizə dua etməyi öyrət».  İsa onlara dedi: «Dua edəndə deyin: “Ata, qoy adın müqəddəs tutulsun; qoy padşahlığın gəlsin.  Bizə bu günə lazım olan ruzini* ver  və günahlarımızı bağışla, çünki özümüz də bizə qarşı günah iş tutmuş* hər kəsi bağışlayırıq. Qoyma biz sınaqlar qarşısında yıxılaq”».  Sonra İsa onlara belə dedi: «Tutaq ki, bir adamın dostu var və o, gecə yarısı dostunun yanına gəlib deyir: “Dostum, mənə üç çörək ver,  indicə yoldan bir dostum gəlib, onun qabağına qoymağa heç nəyim yoxdur”.  Ev sahibi içəridən deyir: “Məni narahat eləmə. Qapı bağlıdır, uşaqlarım da yanımda yatırlar. Mən durub sənə heç nə verə bilmərəm”.  Sizə onu deyim ki, bu adam dostluq xatirinə durub ona heç nə verməsə də, dostu israr etdiyi üçün duracaq və lazım olan şeyləri ona verəcək.  Beləliklə, durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün və sizə açacaqlar. 10  Çünki diləyən istədiyini alır, axtaran tapır və qapını döyənə açırlar. 11  Doğrudan da, məgər aranızda elə bir ata var ki, oğlu balıq istəyəndə balıq əvəzinə ona ilan versin? 12  Yaxud yumurta istəyəndə ona əqrəb versin? 13  Beləliklə, əgər siz pis olduğunuz halda uşaqlarınıza yaxşı nemətlər verə bilirsinizsə, məgər göydəki Ata ondan istəyənlərə müqəddəs ruhundan verməyəcək?» 14  Daha sonra İsa bir nəfərdən insanı lal edən cini qovdu. Cin çıxandan sonra həmin adam danışmağa başladı. Camaatı heyrət bürüdü. 15  Amma bəziləri dedilər: «Bu adam cinlərin hökmdarı Beelzebubun əli ilə cinləri qovur». 16  Başqaları isə onu sınamaq üçün göydən bir əlamət göstərməsini istədilər. 17  Onların ürəyindəkiləri bilən İsa dedi: «Daxildən parçalanmış hər bir padşahlıq viran qalacaq və daxildən parçalanmış ev uçacaq. 18  Əgər Şeytan da içəridən parçalanıbsa, onun padşahlığı necə davam gətirəcək? Axı deyirsiniz ki, mən cinləri Beelzebubun əli ilə qovuram. 19  Əgər mən cinləri Beelzebubun əli ilə qovuramsa, onda sizin davamçılarınız onları kimin əli ilə qovur? Buna görə də sizi onlar məhkum edəcəklər. 20  Yox əgər mən cinləri Allahın gücü* ilə qovuramsa, deməli, Allahın padşahlığı gəlib, sizin isə xəbəriniz yoxdur. 21  Güclü, yaraq-yasaqlı bir adam imarətinin keşiyini çəkirsə, onun əmlakı üçün qorxu yoxdur. 22  Amma ondan daha güclüsü evinə basqın edib onu üstələyərsə, onun güvəndiyi yaraq-yasağı götürür və qarət etdiyi şeyləri başqaları ilə bölüşür. 23  Kim mənim tərəfimdə deyil, mənim əleyhimədir; mənimlə toplamayan dağıdır. 24  Bir murdar ruh adamdan çıxanda özünə rahat yer tapmaq üçün quraqlıq yerlərdə gəzib-dolaşır. Lakin bir yer tapmayanda: “Çıxdığım evə qayıdım”, — deyir. 25  Geri qayıdanda həmin evi səliqə-sahman və bərbəzək içində tapır. 26  Onda o gedir və özündən də pis yeddi başqa ruh götürüb gəlir. Onlar o evə girib orada məskunlaşırlar. O adamın axırı əvvəlindən də pis olur». 27  İsa danışarkən camaatın arasından bir qadın ucadan dedi: «Səni bətnində daşıyan və döşləri ilə əmizdirən qadın nə xoşbəxtdir!» 28  Ancaq İsa dedi: «Əksinə, Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» 29  İsanın ətrafına daha çox adam yığışanda o dedi: «Bu nəsil pis nəsildir. O, əlamət axtarır, amma ona Yunusun əlamətindən savayı başqa bir əlamət verilməyəcək. 30  Yunus ninevalılar üçün bir əlamət olduğu kimi, insan Oğlu da bu nəsil üçün bir əlamət olacaq. 31  Hökm günü cənub məlikəsi bu nəslin adamları ilə birlikdə dirildiləcək və onları məhkum edəcək. Çünki o, dünyanın o biri ucundan Süleymanın hikmətini dinləmək üçün gəlmişdi, hərçənd Süleymandan daha hikmətlisi burada durub. 32  Hökm günü ninevalılar bu nəslin adamları ilə birlikdə dirildiləcək və onları məhkum edəcəklər. Çünki ninevalılar Yunusun təbliğ etdiyi hökmü eşidəndə tövbə etdilər, hərçənd burada Yunusdan daha böyük peyğəmbər durub. 33  Çırağı yandırıb zirzəmiyə və ya səbət altına qoymurlar. Əksinə, onu açıq yerə qoyurlar ki, otağa girən işığı görsün. 34  Bədənin çırağı gözdür. İnsanın gözü toxdursa, deməli, bütün bədəni nur içindədir. Yox əgər gözü acdırsa, deməli, bütün bədəni zülmət içindədir. 35  Buna görə də ayıq ol. Ola bilsin, içindəki işıq zülmətdir. 36  Əgər bədənin büsbütün nur içindədirsə və onun heç bir hissəsində zülmətdən əsər-əlamət yoxdursa, çıraq səni işıqlandırdığı kimi, bədənin də tamamilə nura qərq olacaq». 37  İsa sözünü qurtaranda, bir fərisey onu nahara dəvət etdi. İsa onun evinə girib süfrə arxasında əyləşdi. 38  Fərisey İsanın nahardan əvvəl yuyunmadığını* görəndə təəccübləndi. 39  Ağamız ona dedi: «Siz fəriseylər, camı və nimçəni üzdən təmizləyirsiniz, amma daxiliniz soyğunçuluq və pisliklə doludur. 40  Ağılsızlar! Məgər üz tərəfi yaradan, daxili də yaratmayıb? 41  Siz daxildən gələn sədəqələr verin, onda sizin üçün hər şey təmiz olacaq. 42  Vay halınıza, fəriseylər! Çünki siz nanə, sədəfotu və digər göyərtilərin onda birini verirsiniz, amma ədalətə və Allaha qarşı məhəbbətə barmaqarası baxırsınız. Ondabiri vermək borcunuzdur, amma gərək qalan şeylərə də etinasız yanaşmayaydınız. 43  Vay halınıza, fəriseylər! Çünki siz sinaqoqlarda yuxarı başda oturmağı və bazar meydanlarında camaatdan salam almağı sevirsiniz. 44  Vay halınıza, çünki siz adamların bilmədən üstündə gəzdikləri gözə çarpmayan qəbirlər kimisiniz». 45  Onda bir qanunşünas İsaya dedi: «Müəllim, bu sözlərlə sən bizi də təhqir edirsən». 46  İsa ona cavab verdi: «Ey qanunşünaslar, vay sizin də halınıza! Çünki siz camaatın boynuna ağır yük qoyursunuz, özünüz isə barmağınızı da o yükə vurmaq istəmirsiniz. 47  Vay halınıza, çünki siz peyğəmbərlər üçün məqbərələr ucaldırsınız, halbuki onları öldürən elə sizin atalarınız olub. 48  Deməli, siz atalarınızın əməllərindən xəbərdar olduğunuzu göstərirsiniz, bununla belə onların etdiklərini dəstəkləyirsiniz; onlar peyğəmbərləri öldürüblər, siz isə həmin peyğəmbərlər üçün məqbərələr ucaldırsınız. 49  Buna görə də Allahın hikməti demişdir: “Mən onlara peyğəmbər və həvari göndərəcəyəm. Onlardan bəzisini öldürəcək, bəzilərinə zülm edəcəklər. 50  Beləcə, bəşər nəsli dünyaya gələndən* bəri bütün peyğəmbərlərin axıdılmış qanı bu nəsildən tələb ediləcək; 51  Habildən tutmuş, qurbangahla Allahın evi arasında öldürülmüş Zəkəriyyənin qanına görə” bax bu nəsil cavabdehdir. 52  Vay halınıza, ey qanunşünaslar! Çünki siz bilik qapısını açan açarı götürmüsünüz. Nə özünüz içəri girdiniz, nə də girmək istəyənləri qoydunuz». 53  İsa oradan çıxanda mirzələr və fəriseylər onu dövrəyə aldılar və sıxışdıraraq sual yağdırmağa başladılar; 54  onu sözdə tutmaq üçün fürsət axtarırdılar.

Haşiyələr

Hərfən «çörəyi»
Hərfən «bizə borcu olan»
Hərfən «barmağı»
Burada mərasim qaydalarına uyğun yuyunma nəzərdə tutulur. Mark 7:3 bax
Hərfən «toxum axıdılandan bəri». Adəmlə Həvvanın dünyaya uşaq gətirməsi nəzərdə tutulur