Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 10:1—42

10  Bütün bunlardan sonra Ağamız daha yetmiş şagird təyin edib onları özünün getmək istədiyi hər şəhərə, hər yerə iki-iki göndərdi.  O, şagirdlərə dedi: «Doğrudan da, məhsul boldur, amma biçinçilər azdır. Buna görə də biçinin Sahibindən diləyin ki, məhsulu yığmağa biçinçi göndərsin.  Gedin. Mən sizi canavarlar arasına quzu kimi göndərirəm.  Özünüzlə kisə, heybə, səndəl götürməyin və yolda heç kəslə qucaqlaşmayın, öpüşüb-görüşməyin.  Hansı evə girsəniz, əvvəlcə: “Bu evə salam olsun!”, — deyin.  O evdə sülhsevər bir adam yoxdursa, dilədiyiniz sülh sizə qayıdacaq; əgər varsa, onun üzərində qalacaq;  O evdə qalıb qabağınıza qoyulan nemətləri yeyin və için, çünki zəhmətkeş əmək haqqına layiqdir. Bir evi qoyub başqa evə keçməyin.  Hər hansı bir şəhərə girəndə sizi orada qəbul etsələr, qabağınıza qoyulan şeyləri yeyin,  o şəhərdəki xəstələri sağaldın və onlara: “Allahın padşahlığı yaxındır”, — deyin. 10  Hansı şəhərdə ki sizi qəbul etmədilər, onun baş küçələrinə çıxıb deyin: 11  “Hətta şəhərinizdən ayağımıza yapışan tozu da, sizə şəhadət olsun deyə, qarşınızda çırpırıq. Ancaq yadınızda qalsın, Allahın padşahlığı yaxındır”. 12  Bilin və agah olun, Hökm günü Sodom şəhəri üçün tab gətirmək həmin şəhərə nisbətən daha asan olacaq. 13  Vay halına, Xorazin! Vay halına, Betsayda! Çünki sizdə edilmiş qüdrətli işlər Sur və Sidon şəhərlərində edilsəydi, onlar çula bürünüb kül içində oturaraq çoxdan tövbə etmişdilər. 14  Buna görə də Hökm günü Surla Sidon şəhərləri üçün tab gətirmək sizə nisbətən daha asan olacaq. 15  Ey Kapernahum, elə bilirsən göylərə qədər yüksələcəksən? Xeyr! Birbaşa Məzara* uğrayacaqsan! 16  Sizə qulaq asan mənə də qulaq asır. Sizi rədd edən məni də rədd edir. Məni rədd edən isə məni göndərəni də rədd edir». 17  Bundan bir qədər sonra yetmiş şagird sevinc içində qayıdıb dedilər: «Ağa! Cinlər də sənin adını eşidəndə bizə boyun əyirlər!» 18  İsa dedi: «Şeytanın göydən ildırım kimi düşdüyünü gördüm. 19  Mən sizə ilanları və əqrəbləri tapdalamaq hökmü, həmçinin düşmənin bütün gücü üzərində səlahiyyət vermişəm. Sizə heç bir şey zərər vura bilməz. 20  Ancaq ruhların sizə boyun əydiyinə görə yox, adınızın göylərdə yazıldığına görə sevinin». 21  O an İsa müqəddəs ruhla doldu və sevincdən cuşa gəlib dedi: «Ata, ey göyün və yerin Ağası! Hamının qarşısında Sənə şükür edirəm, çünki bunları hikmətli və ağıllı adamlardan bərk-bərk gizlədib körpələrə açdın. Bəli, Ata, Sən bunu münasib bildin. 22  Hər şeyi Atam mənə verdi və Oğulu Atadan savayı heç kim tanımır. Atanı da Oğuldan savayı və Oğulun tanıtmaq istədiyi adamdan savayı heç kəs tanımır». 23  İsa bunu deyib şagirdlərinə tərəf döndü və dedi: «Sizin gördüyünüzü görən gözlər necə də xoşbəxtdir. 24  İnanın, bir çox peyğəmbər və padşah sizin gördüklərinizi görmək arzusunda idi, amma görmədi; eşitdiklərinizi eşitmək arzusunda idi, amma eşitmədi». 25  Bir qanunşünas İsanı sınamaq üçün ayağa qalxıb soruşdu: «Müəllim, əbədi həyatı almaq üçün nə etməliyəm?» 26  İsa cavab verdi: «Qanunda nə yazılıb? Necə başa düşürsən?» 27  O, cavabında dedi: «“Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və var gücünlə sev” və: “Yaxınını özünü sevdiyin kimi sev”». 28  İsa ona dedi: «Düz dedin: “Həmişə belə et və yaşayacaqsan”». 29  Lakin bu adam özünə bəraət qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim yaxınım kimdir?» 30  İsa cavab verdi: «Bir adam Yerusəlimdən Yerixoya düşürdü və yolda quldurların əlinə keçdi. Quldurlar onu soyundurub döydülər və ölümcül halda qoyub getdilər. 31  Bu vaxt oradan bir kahin keçirdi, lakin onu gördükdə yolun o biri tayına keçib getdi. 32  Habelə bir Levili də həmin yerə çatıb onu görəndə yolun o biri tərəfinə keçib getdi. 33  Ancaq o yol ilə gedən bir samariyalı həmin yerə çatıb bu adamı görəndə yazığı gəldi. 34  Ona yaxınlaşdı, yaralarına yağ və şərab töküb sarıdı. Sonra onu öz eşşəyinə mindirib bir karvansaraya gətirdi və orada onun qayğısına qaldı. 35  Ertəsi gün samariyalı iki dinar çıxarıb karvansara sahibinə verdi və dedi: “Bu adama yaxşı bax, əgər artıq xərcin çıxarsa, qayıdanda ödəyərəm”. 36  Səncə, bu üç nəfərdən kim quldurların əlinə düşmüş adamın yaxını kimi davrandı?» 37  O cavab verdi: «Onunla şəfqətlə davranan». İsa ona dedi: «Get, sən də belə et». 38  Onlar yollarına davam edərkən İsa bir kəndə girdi. Burada Marta adlı bir qadın onu evinə dəvət etdi. 39  Bu qadının bacısı Məryəm, Ağamızın ayaqlarının yanında oturub ona qulaq asırdı. 40  Martanın isə başı biş-düşə bərk qarışmışdı. O yaxınlaşıb dedi: «Ağa, bacım məni tək qoyub kömək eləmir, niyə ona bir söz demirsən? Ona de ki, durub mənə kömək etsin». 41  Ağa ona dedi: «Marta, Marta, sən çox şey üçün narahat olub özünü yorursan. 42  Əslində insana az şey lazımdır, hətta bir şey də kifayət edər. Məryəm özünə yaxşı pay seçib və bu, ondan alınmayacaq».

Haşiyələr

Hərfən «hadesə». Yəni bəşəriyyətin ümumi məzarına. 7–ci Əlavəyə bax