Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 1:1—80

1  Möhtərəm Teofil! Sənə bir çoxlarının təsvir etməyə çalışdığı və hamımızın doğruluğuna tam əmin olduğumuz hadisələrdən yazıram.  Bu hadisələri başlanğıcdan onların şahidi olmuş və xoş xəbəri bəyan edən xidmətçilər bizə söyləmişlər.  Mən də hər şeyi lap başdan dəqiqliklə araşdırıb onları sənə ardıcıllıqla yazmaq qərarına gəldim.  Beləliklə, sən öyrəndiyin şeylərin doğruluğuna tam əmin ola bilərsən.  Yəhudeya padşahı Hirodun* günlərində Abiya dəstəsinə mənsub olan Zəkəriyyə adlı bir kahin vardı. Onun arvadı Elizabet Harun nəslindən idi.  Onların ikisi də Allahın qarşısında saleh idi, çünki Yehovanın bütün əmr və qanunlarına riayət edib təmiz həyat sürürdülər.  Amma uşaqları yox idi; Elizabet sonsuz idi və hər ikisi artıq qocalmışdı.  Bir gün Zəkəriyyə öz dəstəsinin növbətçiliyi zamanı Allah qarşısında kahinlik xidmətini icra edirdi  və kahinlik qaydası üzrə Yehovanın məbədinə girib buxur yandırmaq şərəfi ona düşdü; 10  buxur yandırılan vaxt bütün camaat bayırda dua edirdi. 11  Birdən Yehovanın mələyi Zəkəriyyəyə göründü və buxur qurbangahının sağ tərəfində durdu. 12  O, mələyi görəndə təşvişə düşüb bərk qorxdu. 13  Lakin mələk ona dedi: «Zəkəriyyə, qorxma, çünki Allah sənin yalvarışını eşitdi. Arvadın Elizabet sənə bir oğul doğacaq və onun adını Yəhya* qoyacaqsan. 14  Sən sevinib şadlanacaqsan; onun doğulmasına çoxları sevinəcək, 15  çünki o, Yehovanın gözündə böyük olacaq. Amma onun dilinə şərab və ya digər kefləndirici içki dəyməməlidir. O, hələ anasının bətnində ikən müqəddəs ruhla dolacaq. 16  İsrail oğullarının bir çoxunu onların Allahı Yehovaya tərəf döndərəcək. 17  Həmçinin ataların ürəyini uşaqlara, itaətsizləri salehlərin hikmətinə yönəltmək və xalqı Yehovaya hazırlamaq üçün Onun qarşısında İlyasın ruhu və gücü ilə yeriyəcək». 18  Zəkəriyyə mələyə dedi: «Bu necə ola bilər? Axı mən də, arvadım da çox qocayıq». 19  Mələk cavabında ona dedi: «Mən Allahın hüzurunda duran Cəbrayılam və bu xoş xəbəri sənə söyləmək üçün göndərilmişəm. 20  Amma bunlar baş verənə qədər dilin tutulacaq və danışa bilməyəcəksən, ona görə ki təyin olunmuş vaxtda yerinə yetəcək sözlərimə inanmadın». 21  Bu arada camaat Zəkəriyyəni gözləyir və onun məbəddə ləngidiyinə təəccüblənirdi. 22  O, çölə çıxanda camaatla danışa bilmədi və adamlar onun məbəddə qeyri-adi bir şey gördüyünü başa düşdülər; Zəkəriyyənin dili açılmırdı, o, camaatla işarələrlə danışırdı. 23  Məbəddə xidməti qurtarandan sonra o, evinə qayıtdı. 24  Bundan sonra onun arvadı Elizabet hamilə qaldı və beş ay evdən bayıra çıxmadı. O belə deyirdi: 25  «Görün Yehova mənə necə yaxşılıq etdi! O, üzümə baxdı və məni el içində rüsvayçılıqdan qurtardı». 26  Elizabetin hamiləliyinin altıncı ayında, Allah Cəbrayıl mələyi Qalileyanın Nazaret şəhərinə, 27  Davudun nəslindən olan Yusif adlı adamın nişanlısının yanına göndərdi. Qızın adı Məryəm idi. 28  Mələk qızın yanına gəlib dedi: «Salam, ey Allahın mübarək bəndəsi! Yehova səninlədir!» 29  Bu sözlərdən bərk həyəcanlanan Məryəm bu salamın nə demək olduğunu fikirləşməyə başladı. 30  Onda mələk dedi: «Məryəm, qorxma, sən Allahın gözündə lütf tapmısan. 31  Sən hamilə qalıb oğul doğacaqsan və adını İsa qoyacaqsan. 32  O, böyük olacaq və Allah-Taalanın Oğlu adlanacaq; Yehova Allah ona atası Davudun taxtını verəcək. 33  O, Yaqubun evi üzərində əbədiyyən hökmranlıq edəcək, onun padşahlığının sonu olmayacaq». 34  Məryəm isə mələyə dedi: «Bu necə ola bilər? Axı mənim kişi xeylağı ilə yaxınlığım olmayıb?» 35  Mələk cavabında ona dedi: «Müqəddəs ruh üzərinə gələcək, Allah-Taalanın gücü sənin üstündə kölgə kimi olacaq. Buna görə də doğacağın uşağa müqəddəs deyiləcək, o, Allahın Oğlu adlanacaq. 36  Bax, sonsuz adlandırılan qohumun Elizabet də qoca yaşında bir oğlan uşağına hamilə qalıb və artıq altıncı ayındadır. 37  Çünki Allahın dediyi hər bir söz mütləq yerinə yetir». 38  Onda Məryəm dedi: «Mən Yehovanın kəniziyəm! Qoy sən deyən kimi olsun» və mələk qızdan ayrıldı. 39  Bundan sonra Məryəm dərhal yığışıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə getdi, 40  Zəkəriyyənin evinə girib Elizabeti salamladı. 41  Elizabet Məryəmin salamını eşidəndə bətnindəki uşaq bərk tərpəndi, Elizabet müqəddəs ruhla doldu və 42  ucadan dedi: «Qadınlar arasında nə bəxtiyarsan, bətnindəki uşaq da nə bəxtiyardır! 43  Gör mənə necə böyük şərəf nəsib olub! Ağamın anası yanıma gəlib! 44  Bax, salamını eşidən kimi, qarnımdakı uşaq sevincindən tərpəndi. 45  İman gətirdiyin üçün xoşbəxtsən, çünki Yehovanın sənə söylədiyi hər şey yerinə yetəcək». 46  Məryəm dedi: «Qəlbim Yehovanı ucaldır, 47  ruhum Allahıma, Xilaskarıma görə cuşa gəlir, 48  çünki O, kənizinin fağırlığına fikir verdi. Bundan sonra bütün nəsillər mənə bəxtiyar deyəcəklər. 49  Qüdrətli Allahım mənim üçün böyük işlər etdi, Onun adı müqəddəsdir, 50  Ondan qorxanlara nəsildən-nəslə mərhəmət göstərir. 51  Qolunun qüvvəti ilə böyük işlər gördü, ürəyində təkəbbürlü niyyət tutanları pərən-pərən etdi. 52  O, hakimləri taxtdan saldı, fağırları yüksəltdi; 53  acları bol nemətlərlə doydurdu, varlıları əliboş qaytardı. 54  O, qulu İsrailin imdadına çatdı, 55  çünki İbrahimə və onun nəslinə əbədiyyən mərhəmət göstərəcəyini atalarımıza vəd etmişdi». 56  Məryəm Elizabetin yanında təqribən üç ay qaldı və sonra evinə qayıtdı. 57  Elizabetin doğmaq vaxtı gəldi və o, bir oğlan uşağı doğdu. 58  Qohum-qonşu Yehovanın ona böyük mərhəmət göstərdiyini eşidib onunla birgə sevindi. 59  Səkkizinci gün onlar uşağı sünnət etməyə gəldilər və ona atası Zəkəriyyənin adını qoymaq istədilər. 60  Lakin uşağın anası: «Yox! Onun adı Yəhya olacaq», — dedi. 61  Ona dedilər: «Axı qohumlarınız arasında bu adda adam yoxdur». 62  Sonra gedib uşağa hansı ad qoymaq istədiyini işarə ilə atasından soruşdular. 63  O, bir lövhəcik istədi və orada: «Uşağın adı Yəhyadır», — yazdı. Hamını heyrət bürüdü. 64  O anda Zəkəriyyənin dili açıldı, danışıq qabiliyyəti özünə qayıtdı və o, Allaha şükür etməyə başladı. 65  Onlarla qonşuluqda yaşayanların hamısı qorxuya düşdü. Bu hadisələrin sorağı Yəhudeyanın bütün dağlıq bölgəsinə yayıldı. 66  Bütün bunları eşidənlər: «Görəsən, bu uşaq nəçi olacaq?», — deyə düşünürdülər, çünki Yehova onunla idi. 67  Uşağın atası Zəkəriyyə müqəddəs ruhla dolub peyğəmbərlik etməyə başladı: 68  «İsrailin Allahı Yehovaya şükürlər olsun! Çünki Onun Öz xalqına rəhmi gəldi, ona nicat yolunu açdı. 69  Qulu Davudun evindən bizə güclü bir xilaskar* verdi, 70  ona görə ki qədim dövrlərdə yaşamış müqəddəs peyğəmbərləri vasitəsilə 71  bizi düşmənlərimizin və bizə nifrət edənlərin əlindən qurtaracağı haqqında danışmışdı. 72  Beləliklə, O, atalarımıza mərhəmət göstərəcək və müqəddəs əhdini, 73  atamız İbrahimə verdiyi andı yadına salacaq ki, 74  bizi düşmənlərin əlindən qurtardıqdan sonra Ona ömür boyu cəsarətlə, 75  sədaqət və salehlik içində ibadət etmək* şərəfini bizə nəsib etsin. 76  Ey körpə, sən isə Allah-Taalanın peyğəmbəri adlanacaqsan, ona görə ki Yehovanın qarşısında gedib Onun yollarını hazırlayacaqsan, 77  Allahımızın rəhmi sayəsində, günahların bağışlanması vasitəsilə Onun xalqına xilas haqqında bilik verəcəksən. 78  Bu rəhmin sayəsində göydən gələn şəfəq üzərimizə nur saçacaq, 79  zülmətdə və ölüm kölgəsində oturanlara işıq verəcək, addımlarımızı sülh yoluna istiqamətləndirəcək və bizə bu yolda xeyir-dua verəcək». 80  Uşaq böyüyür, ruhən möhkəmlənir və İsrail xalqının qarşısına çıxmaq vaxtı gələnə qədər çöllükdə yaşayırdı.

Haşiyələr

Yəni Böyük Hirodun
İbranicə «Yehohanan». Mənası «Yehova xeyirxahlıq göstərdi; Yehova lütfkardır»
Hərfən «xilas buynuzu». Müqəddəs Kitabda buynuz güc və hakimiyyət rəmzi mənasında işlədilir
Hərfən «müqəddəs xidməti icra etmək»