Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Koloslulara 3:1—25

3  Əgər siz Məsihlə birlikdə dirilmisinizsə, onda göylərə aid şeylərə can atın, çünki Məsih göydə, Allahın sağında əyləşib.  Bəli, həmişə göyə aid şeylər haqqında düşünün, yerə aid şeylər haqqında yox.  Çünki siz artıq ölmüsünüz; indi sizin həyatınız Allahla vəhdətdə olan Məsihdədir.  Bizi yaşadan Məsih zühur edəndə siz də onun şöhrətinə şərik olub onunla birlikdə zühur edəcəksiniz.  Buna görə də torpaqdan yaradılmış bədəninizin üzvlərindəki meyilləri — cinsi əxlaqsızlığa, natəmizliyə, şəhvətə, ehtirasa və bütpərəstlik olan tamahkarlığa meyilləri öldürün.  Bütün bunlardan ötrü Allahın qəzəbi tezliklə gələcək.  Vaxtilə siz özünüz də bu cür yaşayır və belə işlər görürdünüz.  Ancaq indi bütün bunları — qəzəbi, hirsi, pisliyi, təhqiramiz danışığı kənara qoyun və dilinizə nalayiq sözlər gətirməyin.  Bir-birinizə yalan danışmayın. Köhnə şəxsiyyəti və onun əməllərini əyninizdən çıxarın, 10  dəqiq bilik sayəsində yeniləşən və Yaradanının şəxsiyyətini əks etdirən yeni şəxsiyyəti geyinin. 11  Burada yunan və ya yəhudi, sünnətli və ya sünnətsiz, əcnəbi, skif, qul, azad yoxdur. Yalnız Məsih var. O, hər şeydir və hamısındadır. 12  Beləliklə, ey Allahın seçilmişləri, müqəddəs və sevimli bəndələri, daxildən gələn şəfqəti, həmçinin xeyirxahlığı, təvazökarlığı, həlimliyi və səbiri geyinin. 13  Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olarsa, bir-birinizi ürəkdən bağışlayın. Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlayın. 14  Bütün bunlardan ziyadə, məhəbbətə bürünün, çünki yalnız məhəbbət insanlar arasında kamil birlik yaratmağa qadirdir. 15  Qoy Məsihin verdiyi qəlb rahatlığı ürəyinizə hakim olsun, çünki siz bu qəlb rahatlığına bir bədən olmaq üçün çağırılmısınız. Beləliklə, minnətdar olduğunuzu göstərin. 16  Qoy Məsihin sözü bütün hikməti və zənginliyi ilə ürəyinizdə məskən salsın. Bir-birinizə məzmurlar, mədhiyyələr və gözəl ruhani mahnılarla öyüd-nəsihət verin, Yehovanı ürəyinizdə tərənnüm edin. 17  Hər nə danışırsınızsa və hər nə edirsinizsə, Ağamız İsanın adı ilə edin və onun vasitəsilə Atamız Allaha həmd edin. 18  Ey arvadlar, ərlərinizə Ağanın davamçılarına yaraşan tərzdə tabe olun. 19  Ey ərlər, arvadlarınızı həmişə sevin və onlarla kobud davranmayın. 20  Ey uşaqlar, valideynlərinizin sözünə qulaq asın, çünki bu, Ağaya xoş gedir. 21  Ey atalar, uşaqlarınızı əsəbiləşdirməyin, yoxsa onlar ruhdan düşərlər. 22  Ey qullar, yerdəki ağalarınıza hər bir məsələdə itaət edin və bunu insanların rəğbətini qazanmaq istəyənlər kimi, gözdən pərdə asmaq üçün yox, sidqi-ürəkdən, Yehovadan qorxaraq edin. 23  Hər nə edirsinizsə, canla-başla edin, sanki insanlar üçün deyil, Yehova üçün edirsiniz. 24  Axı bilirsiniz ki, Yehova sizə mükafat olaraq miras verəcək. Ağamız Məsihə xidmət edin. 25  Günah işləyənə isə əvəzi veriləcək, çünki Allah ayrı-seçkiliyi sevmir.

Haşiyələr