Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Filimon 1:1—25

 Məsih İsa uğrunda məhbus olan Paveldən və qardaşımız Timoteydən sənə — əziz qardaşımız və əməkdaşımız Filimona,  həmçinin bacımız Apfiyaya, silahdaşımız Arxipə və sənin evindəki yığıncağa məktub.  Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.  Dualarımda nə vaxt sənin adını çəksəm, həmişə Allahıma şükür edirəm,  çünki Ağamız İsaya və bütün müqəddəslərə olan məhəbbətin və inamın barədə daima eşidirəm.  Buna görə dualarımda diləyirəm ki, Məsihin sayəsində hər bir yaxşı şeyə sahib olduğunu dərk edərək, bizimlə eyni imana şərik olduğunu əməllərinlə göstərəsən.  Qardaşım, sənin məhəbbətin mənə böyük sevinc və təsəlli gətirdi, çünki sənin sayəndə müqəddəslərin könlü şad oldu*.  Məhz bu səbəbdən Məsihin bir həvarisi kimi, düzgün bir işi görməyin üçün sənə əmr etməyə ixtiyarım olsa da,  mən Pavel, yaşlı bir adam, hələ üstəlik Məsih İsa uğrunda məhbus, məhəbbətinə güvənib səndən rica edirəm. 10  Həbsdə ikən ruhani atası olduğum övladımla, Onisimlə əlaqədar səndən bir xahişim var. 11  Hərçənd bir vaxt onun sənə bir faydası yox idi, indi isə həm sənə, həm də mənə faydası var. 12  Bax onu, ürəyimin parasını sənə geri göndərirəm. 13  Açığı, onu yanımda saxlamaq istərdim ki, xoş xəbər uğrunda əliqandallı olduğum müddətdə sənin əvəzinə mənə xidmət etsin. 14  Amma sənin razılığın olmadan heç bir şey etmək istəmirəm, əksinə, istəyirəm ki, bu yaxşılığı məcburi yox, öz xoşunla edəsən. 15  Bəlkə də, o, səndən qısa müddətə elə bunun üçün ayrılmışdı ki, sən onu həmişəlik geri ala biləsən, 16  artıq bir qul kimi yox, quldan qat-qat üstün əziz bir qardaş kimi. Əgər o, mənim üçün bu qədər əzizdirsə, gör şəxsən sənə və Ağamıza xidmətdə nə qədər qiymətli olacaq! 17  Buna görə də məni özünə yoldaş hesab edirsənsə, onu mehribanlıqla qarşıla, sanki məni qarşılayırsan. 18  Lakin əgər o, sənə qarşı pis bir iş görmüş və ya sənə borcludursa, onları məndən çıxarsan. 19  Mən, Pavel, öz əlimlə yazıram: əvəzini ödəyəcəyəm. Hələ demirəm ki, həyatın üçün də mənə borclusan. 20  Bəli, qardaşım, izin ver Ağamız yolunda səndən xeyir görüm: Məsih xatirinə könlümü şad elə. 21  Mənə qulaq asacağına güvənib bunları sənə yazıram və əminəm ki, dediklərimdən də artığını edəcəksən. 22  Bir xahişim də var, qalmaq üçün mənə bir yer hazırla; ümid edirəm ki, dualarınız sayəsində sizin üçün azadlığa çıxacağam. 23  Məsih İsa uğrunda məhbus yoldaşım Epafras sənə salam göndərir. 24  Həmçinin əməkdaşlarım Mark, Aristarx, Dimas və Lukanın da sənə salamı var. 25  Qoy Ağamız İsa Məsih öz lütfü ilə ovqatınıza xeyir-dua versin.  

Haşiyələr

Yaxud «ruhu təzələndi». Hərfən «bağırsaqları», ən dərin hisslərə aiddir