Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 9:1—41

9  İsa yolla gedərkən anadangəlmə bir kor adam gördü.  Şagirdlər ondan soruşdular: «Müəllim, bu adam niyə kor doğulub? Bu, onun öz günahıdır, yoxsa valideynlərinin?»  İsa cavab verdi: «Nə öz günahıdır, nə də valideynlərinin. Bu ondan ötrüdür ki, bu adamın üzərində Allahın işləri bəlli olsun.  Hələ ki, gündüzdür, məni göndərənin işlərini görməliyik. Gecə yaxınlaşır. Gecə heç kəs iş görə bilməz.  Nə qədər ki, dünyadayam, mən dünya üçün nuram».  Sonra o, yerə tüpürdü, tüpürcəyi ilə torpağı qarışdırıb palçıq düzəltdi və kor adamın gözlərinə yaxdı.  Sonra ona dedi: «Get Siloam hovuzunda üzünü yu». («Siloam» sözü axar su deməkdir.) O gedib üz-gözünü yuyan kimi gözləri açıldı və geri qayıtdı.  Onda qonşular və onun bu vaxta qədər dilənçi olduğunu görənlər dedilər: «Bu, əvvəllər oturub dilənçilik edən adam deyil?»  Bəziləri deyirdi: «Hə, bu həmin dilənçidir». Digərləri: «Yox, bu o deyil, sadəcə ona oxşayır», — deyirdilər. O isə deyirdi: «Bu mənəm». 10  Ondan soruşdular: «Bəs gözlərin necə açıldı?» 11  O cavab verdi: «İsa adında bir adam palçıq düzəldib gözlərimə yaxdı, sonra da dedi ki, gedib Siloamda üz-gözümü yuyum. Mən gedib orada üzümü yudum və gözlərim açıldı». 12  Onlar soruşdular: «O dediyin adam haradadır?» O cavab verdi: «Nə bilim». 13  Onlar əvvəllər kor olmuş adamı fəriseylərin yanına gətirdilər. 14  İsanın palçıq düzəldib bu adamın gözlərini açdığı gün şənbə günü idi. 15  İndi də fəriseylər ondan gözlərinin necə açıldığını soruşmağa başladılar. O cavab verdi: «O adam gözlərimə palçıq yaxdı, mən gözlərimi yudum və görməyə başladım». 16  Fəriseylərdən bəziləri dedilər: «O adam kafirdir, çünki o, şənbə qanununu pozur». Digərləri isə dedilər: «Günahlı adam bu cür möcüzələri necə göstərə bilər?» Bu səbəbdən onların arasında fikir ayrılığı yarandı. 17  Onlar yenə də kor adamdan soruşdular: «İndi ki, o sənin gözlərini açıb, onun barəsində nə deyə bilərsən?» O cavab verdi: «O adam peyğəmbərdir». 18  Yəhudilər bu adamın valideynlərini çağırtdırmayınca onun əvvəllər kor olduğuna və sonradan sağaldığına inanmadılar. 19  Onlar onun ata-anasından soruşdular: «Bu, sizin oğlunuzdur? O, kor doğulub? Bəs indi necə görür?» 20  Onun valideynləri dedilər: «Bəli, bu bizim oğlumuzdur və o, kor doğulub. 21  Amma gözləri necə açılıb, bunu kim edib — xəbərimiz yoxdur. Özündən soruşun. O, yekə kişidir. Qoy özü desin». 22  Onun ata-anası yəhudilərdən qorxduqları üçün belə dedilər. Çünki yəhudilər söz qoymuşdular ki, İsanı Məsih kimi qəbul edənləri sinaqoqdan qovsunlar. 23  Valideynləri buna görə dedilər: «Yekə kişidir, özündən soruşun». 24  Belə olduqda onlar əvvəllər kor olmuş adamı təkrarən çağırıb dedilər: «Allah eşqinə, bizə düzünü söylə. Biz bilirik ki, o adam günah sahibidir». 25  O cavab verdi: «O adamın günah sahibi olub-olmadığı barəsində heç nə deyə bilmərəm. Bir şeyi bilirəm ki, mən kor idim, indi isə görürəm». 26  Onlar soruşdular: «O, sənə nə etdi? Gözlərini necə açdı?» 27  O adam cavab verdi: «Mən sizə dedim, ancaq siz heç qulaq asmadınız. Niyə yenidən soruşursunuz? Bəlkə, siz də onun şagirdi olmaq istəyirsiniz?» 28  Onlar onu söyüb dedilər: «Özünsən onun şagirdi! Biz Musanın şagirdləriyik. 29  Biz bilirik ki, Musa ilə Allah danışıb, bu adamı isə kim göndərib, bilmirik». 30  O dedi: «Elə təəccüblüsü də odur ki, siz onun kim tərəfindən göndərildiyini bilmirsiniz, ancaq o, mənim gözlərimi açıb. 31  Biz bilirik ki, Allah günahlı adamları dinləmir, lakin Onun iradəsini yerinə yetirən möminləri dinləyir. 32  Ta qədimdən indiyədək eşidilməyib ki, kimsə anadangəlmə korun gözlərini açsın. 33  Əgər bu adamı Allah göndərməsəydi, o, heç nə edə bilməzdi». 34  Onlar: «Sən günah içində doğulmusan, indi bizə ağıl öyrədəcəksən?», — deyib onu qovdular. 35  İsa onun sinaqoqdan qovulduğunu eşidəndə onu tapıb dedi: «İnsan Oğluna iman edirsən?» 36  O cavab verdi: «O kimdir, ağa? Söylə, ona iman edim». 37  İsa dedi: «Sən onu görmüsən və o, indi səninlə danışır». 38  Onda həmin adam: «Ağa, inanıram», — deyib ona təzim etdi. 39  İsa dedi: «Mən dünyaya bu hökm üçün gəlmişəm: korlar görsünlər, görənlər isə kor olsunlar». 40  Onun yanında duran fəriseylər bunu eşidəndə dedilər: «Yəni biz koruq?» 41  İsa onlara dedi: «Siz kor olsaydınız, günahınız olmazdı. İndi ki: “Biz görürük”, — deyirsiniz, günahınız boynunuzda qalır».

Haşiyələr