Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 7:1—53

7  İsa xidmətini Qalileyada davam etdirdi. O, Yəhudeyaya getmək istəmədi, çünki yəhudilər onu öldürməyə fürsət axtarırdılar.  Yəhudilərin Çardaqlar bayramı yaxınlaşırdı.  İsanın qardaşları ona dedilər: «Burada qalma, Yəhudeyaya get, qoy şagirdlərin də etdiyin işləri görsünlər.  Məşhurlaşmaq istəyən adam gizlində iş görməz. Sən ki belə işlər görürsən, özünü niyə dünyaya tanıtmırsan?»  Əslində İsanın qardaşları ona inanmırdılar.  Buna görə də İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib, sizin üçünsə həmişə fürsətdir.  Dünya mənə nifrət edir, çünki mən onun işlərinin şər olduğuna şəhadət edirəm. Ancaq sizə nifrət etməsinə səbəb yoxdur.  Siz bayrama gedin. Mən isə getmirəm, çünki mənim vaxtım hələ gəlməyib».  İsa onlara bu sözləri deyib Qalileyada qaldı. 10  Ancaq qardaşları gedəndən sonra İsa da bayrama yollandı. O elə getdi ki, heç kimin xəbəri olmasın. 11  Bayram vaxtı yəhudilər onu axtarmağa başladılar. Onlar: «O haradadır?», — deyə soruşurdular. 12  Camaat arasında onun haqqında çoxlu söz-söhbət gəzirdi. Bəziləri deyirdi: «O, yaxşı adamdır». Başqaları: «Yox, o, camaatı yoldan çıxarır», — deyirdi. 13  Ancaq yəhudilərin qorxusundan heç kəs onun haqqında açıq danışmırdı. 14  Bayram yarıdan keçmişdi. İsa məbədə gəlib təlim verməyə başladı. 15  Yəhudiləri heyrət bürümüşdü. Onlar deyirdilər: «Bu adam bütün bunları haradan bilir, axı o, dini məktəblərdə təhsil almayıb?» 16  İsa onlara cavab verdi: «Verdiyim təlim mənim deyil, məni göndərənindir. 17  Allahın iradəsini yerinə yetirmək istəyən adam bu təlimin Allahdan olduğunu, yaxud mənim özümdən danışdığımı ayırd edəcək. 18  Özündən danışan özünə şöhrət axtarır. Ancaq onu göndərənin şöhrətini qazanmağa can atan şəxs düz adamdır və onda haqsızlıq yoxdur. 19  Məgər Qanunu sizə Musa verməyib? Halbuki aranızda heç kəs Qanuna əməl etmir. Məni nəyə görə öldürmək istəyirsiniz?» 20  Onlar cavab verdilər: «Səndə cin var. Kim səni öldürmək istəyir?» 21  İsa onlara dedi: «Mən cəmi bir iş gördüm, siz çaş-baş qalmısınız. 22  Özünüz fikirləşin: Musa sizə sünnət haqqında qanun verib (hərçənd sünnət Musadan əvvəl yaşamış əcdadlarımızdan qalıb) və siz şənbə günündə də sünnət edirsiniz. 23  Əgər Musanın verdiyi qanunu pozmamaq üçün şənbə günü sünnət etmək olarsa, bəs onda nə üçün şənbə günü insanı sapsağlam etdiyimə hirslənmisiniz? 24  Bəsdirin zahiri şeylərə görə mühakimə etdiniz, ədalətlə mühakimə edin». 25  Yerusəlim sakinlərindən bəziləri dedilər: «Bu, onların öldürmək istədikləri həmin adam deyil? 26  Bir baxın, o, açıq-aşkar danışır və ona bir söz deyən yoxdur. Yoxsa bizim rəhbərlər onun Məsih olduğuna əmin olublar? 27  Biz bu adamın haralı olduğunu bilirik, ancaq Məsih zühur edəndə heç kəs onun haradan gəldiyini bilməyəcək». 28  İsa məbəddə təlim verərkən ucadan dedi: «Siz məni tanıyırsınız və mənim haradan gəldiyimi bilirsiniz. Ancaq mən özbaşına gəlməmişəm. Məni göndərən var, lakin siz Onu tanımırsınız. 29  Onu mən tanıyıram, çünki mən Onun nümayəndəsiyəm, məni O göndərib». 30  Onda yəhudilərin rəhbərləri İsanı tutmaq üçün bir yol axtarmağa başladılar. Lakin bir nəfər də olsun buna cürət etmədi, çünki onun vaxtı hələ yetişməmişdi. 31  Bununla belə, camaatın içindən bir çoxu ona iman etdi. Onlar deyirdilər: «Məgər Məsih gəlib bu adamın göstərdiyi möcüzələrdən artığını göstərəcək?» 32  Fəriseylər İsa haqqındakı söz-söhbəti eşidəndə böyük kahinlərlə əlbir olub İsanı tutmaq üçün keşikçiləri göndərdilər. 33  Onda İsa dedi: «Məni göndərənin yanına qayıtmazdan əvvəl bir az da sizinlə qalacağam. 34  Siz məni axtaracaqsınız, amma tapmayacaqsınız və getdiyim yerə gələ bilməyəcəksiniz». 35  Yəhudilər bir-birinə dedilər: «Bu adam hara gedir ki, biz onu tapmayacağıq? Bəlkə, o, yunanların arasında yaşayan yəhudilərin yanına gedib yunanları da öyrətmək fikrindədir? 36  Görəsən o: “Məni axtaracaqsınız, amma tapmayacaqsınız və getdiyim yerə gələ bilməyəcəksiniz”, — sözləri ilə nə demək istəyir?» 37  Bayramın ən böyük günü olan axırıncı günündə İsa qalxıb ucadan dedi: «Susayan yanıma gəlib içsin. 38  Kim mənə iman edərsə, Müqəddəs Yazılarda deyildiyi kimi, onun “içindən həyat suları axacaq”». 39  İsa bunu müqəddəs ruh barəsində deyirdi. Ona iman edənlər bu ruhu tezliklə alacaqdılar. İsa hələ şanlı mövqeyinə qalxmadığı üçün onlar müqəddəs ruhu almamışdılar. 40  Bu sözlərin müqabilində camaatın arasından bəziləri dedilər: «Bu adam, doğrudan da, Peyğəmbərdir!» 41  Başqaları deyirdi: «Bu Məsihdir». Ancaq belə deyənlər də vardı: «Məgər Məsih Qalileyadan gələcək? 42  Axı Müqəddəs Yazılarda yazılıb ki, Məsih Davudun nəslindən olacaq və Davudun yaşadığı Betlehem kəndindən gələcək». 43  Camaat arasında İsaya görə fikir ayrılığı yarandı. 44  Hətta bəziləri İsanı yaxalamaq fikrinə düşdü, lakin heç kəs buna cürət etmədi. 45  Keşikçilər böyük kahinlərin və fəriseylərin yanına qayıdanda fəriseylər soruşdular: «Onu niyə gətirmədiniz?» 46  Keşikçilər cavab verdilər: «Biz hələ ömrümüzdə görməmişik ki, kimsə belə danışsın». 47  Fəriseylər onlara dedilər: «Deyəsən, o, sizi də yoldan çıxarıb! 48  Görün, heç rəhbərlərdən və ya fəriseylərdən kimsə ona inanır? 49  Bu lənətə gəlmiş camaatın isə Qanundan xəbəri yoxdur». 50  Əvvəllər İsanın yanına gəlmiş Nikodim adında bir fərisey onlara dedi: 51  «Məgər bizim qanun, insanı dinləmədən və onun işini araşdırmadan ona hökm kəsməyə yol verir?» 52  Onlar Nikodimə dedilər: «Olmaya, sən də qalileyalısan? Axtarsan görərsən ki, Qalileyadan heç vaxt peyğəmbər çıxmaz». Bəzi əlyazmalara 53-cü ayədən 8-ci fəslin 11-ci ayəsinədək olan hissə əlavə edilib: 53  Beləliklə, hamı çıxıb öz evinə getdi.

Haşiyələr