Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 6:1—71

6  Bundan sonra İsa Qalileya, yəni Tiberiada gölünün o biri tayına yollandı.  İsanın xəstələri möcüzə ilə sağaltdığını görən çoxlu sayda adam onun dalınca gedirdi.  İsa bir dağa qalxıb şagirdləri ilə birlikdə orada oturdu.  Bu hadisə yəhudilərin Pasxa bayramı yaxınlaşan vaxt olmuşdu.  İsa başını qaldırıb gördü ki, yanına çoxlu adam gəlir və Filipə dedi: «Bu adamlar üçün haradan çörək alaq?»  İsa bunu Filipi sınamaq üçün dedi, çünki özünün nə edəcəyini bilirdi.  Filip cavab verdi: «Bu qədər adama heç iki yüz dinarlıq* çörək də bəs eləməz ki, heç olmasa hərəsi bir tikə yesin».  Şagirdlərdən biri, Şimon Peterin qardaşı Andreas dedi:  «Burada bir oğlan uşağında beş arpa çörəyi və iki balaca balıq var. Amma bu qədər adam üçün bunlar nədir ki?» 10  İsa dedi: «Camaatı yerə əyləşdirin». Ora otluq idi. Adamlar oturdular; kişilərin sayı təxminən beş min nəfər olardı. 11  İsa çörəkləri götürüb Allaha şükür etdi və sonra oturanlara payladı. Eləcə də balıqları hər kəsin istədiyi qədər payladı. 12  Camaat yeyib doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan tikələri yığın ki, heç nə zay olmasın». 13  Şagirdlər nahardan artıq qalan tikələri yığdılar; beş arpa çörəyindən on iki dolu zənbil yığıldı. 14  Camaat İsanın möcüzələrini görəndə dedi: «Bu adam, doğrudan da, dünyanın gözlədiyi peyğəmbərdir». 15  İsa bilirdi ki, onlar onu padşah etmək məqsədilə gəlib tutmaq istəyirlər. Buna görə də tək-tənha dağa qalxdı. 16  Axşamüstü şagirdlər gölə tərəf düşdülər 17  və qayığa minib gölün o biri tayına, Kapernahuma üzdülər. Artıq hava qaralmışdı, amma İsa hələ onların yanına gəlməmişdi. 18  Güclü külək əsdiyindən göl dalğalanırdı. 19  Şagirdlər avar çəkə-çəkə təxminən beş-altı kilometr* üzmüşdülər ki, gölün üzəri ilə yeriyib qayığa yaxınlaşan İsanı gördülər. Onları vahimə bürüdü. 20  Ancaq İsa onlara dedi: «Mənəm, qorxmayın!» 21  Şagirdlər sevincək İsanı qayığa götürdülər. Qayıq tezliklə mənzilbaşına çatdı. 22  Ertəsi gün gölün o biri sahilində durmuş camaat gördü ki, sahildə yalnız bir balaca qayıq var. Onlar öyrəndilər ki, İsa şagirdləri ilə qayığa minməyib, şagirdlər gölə tək çıxıblar. 23  Ağamızın Allahdan bərəkət dilədiyi və camaatın çörək yediyi yerin yaxınlığına Tiberiadadan bir neçə qayıq gəldi. 24  Adamlar İsa ilə şagirdlərini orada görməyəndə öz kiçik qayıqlarına minib İsanı axtarmaq üçün Kapernahuma gəldilər. 25  Onlar İsanı gölün o biri sahilində tapanda dedilər: «Müəllim, sən bura nə vaxt gəldin?» 26  İsa onlara cavab verdi: «Siz möcüzə gördüyünüz üçün yox, o çörəklərdən yeyib doyduğunuz üçün məni axtarırsınız. 27  Fani qida üçün əlləşməyin, əbədi həyat gətirən daimi qidadan ötrü çalışın. Bu qidanı sizə insan Oğlu verəcək, çünki Atamız Allah Oğulu bəyənib və onun üzərinə möhürünü qoyub». 28  Onda adamlar İsaya dedilər: «Allaha xoş gedən işləri görmək üçün biz nə etməliyik?» 29  İsa onlara cavab verdi: «Allahın göndərdiyi insana iman etsəniz, Ona xoş gedər». 30  Onlar dedilər: «Bir möcüzə göstər, biz də görüb sənə inanaq. Nə göstərə bilərsən? 31  Bizim əcdadlarımız səhrada manna yeyiblər, necə ki, yazılıb: “Allah onlara göydən çörək verdi”». 32  İsa onlara dedi: «Bunu bilin ki, göydən gələn çörəyi sizə Musa verməmişdi, amma mənim Atam sizə göydən gələn həqiqi çörək verir. 33  Allahın verdiyi çörək göydən gəlmiş və bəşəriyyətə* həyat verən insandır». 34  Onlar dedilər: «Ağa, bizə həmişə bu çörəyi ver». 35  İsa onlara dedi: «Həyat çörəyi mənəm. Ardımca gələn heç vaxt acmayacaq və mənə iman edən əsla susamayacaq. 36  Amma dediyim kimi, siz məni görsəniz də inanmırsınız. 37  Atamın mənə verdiyi hər kəs ardımca gələcək. Ardımca gələni isə mən heç vaxt qovmaram. 38  Çünki mən özümün yox, məni göndərənin iradəsini yerinə yetirmək üçün göydən gəlmişəm. 39  Məni göndərənin iradəsi isə budur ki, Onun mənə verdiyi adamlardan heç birini itirməyim, onları axırıncı gündə dirildim. 40  Bəli, Atamın iradəsi budur ki, Oğulu görüb ona iman edən hər kəs əbədi həyata qovuşsun. Mən onu axırıncı gündə dirildəcəyəm». 41  Onda yəhudilər İsanın: «Mən göydən gəlmiş çörəyəm», — sözlərinə görə deyinməyə başladılar. 42  Onlar deyirdilər: «Məgər bu, Yusifin oğlu İsa deyil? Biz onun atasını da, anasını da yaxşı tanıyırıq. Bəs necə olur ki o deyir: “Mən göydən gəlmişəm”?» 43  İsa onlara dedi: «Bəsdirin deyindiniz. 44  Əgər məni göndərmiş Atam cəlb etməsə, heç kim mənim ardımca gələ bilməz. Mən o adamı axırıncı gündə dirildəcəyəm. 45  Peyğəmbərlərin kitabında da yazılıb: “Yehova onların hamısını öyrədəcək”. Atamı dinləyib Ondan bilik almış hər bir adam ardımca gəlir. 46  Bu o demək deyil ki, bəşər övladlarından kimsə Atanı görüb. Onu yalnız Özünün göndərdiyi şəxs görüb. 47  Eşidin və agah olun, iman edən əbədi həyata qovuşacaq. 48  Mən həyat çörəyiyəm. 49  Sizin əcdadlarınız səhrada manna yedilər, amma axırda öldülər. 50  Göydən gəlmiş çörəyi yeyən adam isə ölməyəcək. 51  Mən göydən gəlmiş diri çörəyəm. Bu çörəkdən yeyən əbədi yaşayacaq. Həmin çörək bəşəriyyətin həyatı uğrunda fəda edəcəyim bədənimdir». 52  Onda yəhudilər öz aralarında mübahisəyə başladılar: «Nə? Bu adam bizə öz bədənini verəcək, biz də onu yeyəcəyik?!» 53  İsa onlara dedi: «Eşidin və agah olun, əgər insan Oğlunun bədənini yeməsəniz və qanını içməsəniz, həyata qovuşmayacaqsınız. 54  Mənim bədənimdən yeyib qanımdan içənin əbədi həyatı var və mən onu axırıncı gündə dirildəcəyəm. 55  Axı mənim bədənim həqiqi qidadır və qanım həqiqi içkidir. 56  Bədənimdən yeyən və qanımdan içən mənimlə vəhdətdədir və mən də onunla vəhdətdəyəm. 57  Necə ki, var olan Atam məni göndərib və mən Onun sayəsində yaşayıram, məndən qidalanan da mənim sayəmdə yaşayacaq. 58  Göydən gəlmiş çörək budur. O, əcdadlarınızın yediyi çörək kimi deyil; onlar axırda öldülər. Bu çörəyi yeyən əbədi yaşayacaq». 59  O, bunları Kapernahumda toplaşmış xalqa təlim verərkən söylədi. 60  Bunları eşidən şagirdlərdən bir çoxu dedi: «Bu nə danışır?! Bu sözlərə qulaq asmaq mümkün deyil!» 61  İsa şagirdlərin buna görə deyindiyini bildiyindən onlara dedi: «Bu sözlərim sizi təhqir edir* 62  Bəs insan Oğlunun əvvəllər olduğu yerə qayıtdığını görsəniz, onda necə? 63  Müqəddəs ruh həyat verir, bədəndən isə heç bir fayda yoxdur. Sizə dediyim sözlər müqəddəs ruhdandır, onlar həyat verir. 64  Amma aranızda elələri var ki, inanmır». İsa kimlərin inanmadığını və kimin onu satacağını qabaqcadan bilirdi. 65  O, sözünə davam edib dedi: «Buna görə sizə: “Atam rüsxət verməsə, kimsə yanıma gələ bilməz”, — dedim». 66  Bundan sonra onun şagirdlərindən bir çoxu öz köhnə məşğuliyyətlərinə qayıtdı və daha onun ardınca getmədi. 67  Onda İsa on iki həvaridən soruşdu: «Bəlkə, siz də getmək istəyirsiniz?» 68  Şimon Peter cavab verdi: «Ağa, kimin yanına gedək? Əbədi həyatın sözləri səndədir. 69  Biz inandıq və bilirik ki, Allahın müqəddəs qulu sənsən». 70  İsa onlara dedi: «Siz on iki nəfəri mən seçməmişəm? Ancaq sizdən biri böhtançıdır». 71  O, bunu Şimon İskariotun oğlu Yəhuda haqqında deyirdi. Yəhuda on iki həvaridən biri idi, amma sonradan onu satdı.

Haşiyələr

Bir günlük əmək haqqına bərabər 3,85 qr ağırlığında olan Roma gümüş pulu
Hərfən «iyirmi beş, otuz stadi». 10–cu Əlavəyə bax
Hərfən «dünyaya»
Hərfən «büdrədir»