Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 5:1—47

5  Bundan sonra yəhudilərin bir bayramı olacaqdı və İsa Yerusəlimə getdi.  Yerusəlimdə, Qoyun Qapısı yaxınlığında ibranicə Betzata adlanan və beş sıra sütunu olan bir hovuz var idi.  Orada çoxlu xəstə, kor, şikəst, əl-ayağı qurumuş adam uzanardı.  *  Onların arasında otuz səkkiz il idi ki, xəstə olan bir adam da var idi.  Bu adamın uzun müddət xəstə olduğunu bilən İsa onun orada uzandığını görəndə ona dedi: «Sağalmaq istəyirsən?»  Xəstə cavab verdi: «Ağa, bir adamım yoxdur ki, su çalxalananda məni hovuza salsın. Mən çatanacan başqası məndən əvvəl suya girir».  İsa ona dedi: «Dur, döşəyini də götür, get».  O, dərhal sağaldı, döşəyini götürdü və gəzməyə başladı. O gün şənbə günü idi. 10  Yəhudilər sağalmış kişiyə dedilər: «Bu gün şənbə günüdür, qanuna görə döşək aparmaq olmaz». 11  O cavab verdi: «Məni sağaldan belə dedi: “Döşəyini götür, get”». 12  Onlar soruşdular: «Bu sözü sənə kim dedi?» 13  Sağalmış adam bilmirdi onu kim sağaldıb, çünki İsa camaatın arasında gözdən itmişdi. 14  Sonra İsa məbəddə olarkən o adamı tapıb dedi: «Sən indi sapsağlamsan. Bax, indən belə günah işləmə, yoxsa daha pis bəlaya düçar olarsan». 15  O adam gedib yəhudilərə söylədi ki, ona İsa şəfa verib. 16  İsa bu işləri şənbə günü gördüyü üçün yəhudilər onu təqib etməyə başladılar. 17  Ancaq İsa onlara dedi: «Mənim Atam indiyədək işləyir, mən də işləyirəm». 18  Bunu eşidən yəhudilər daha da qızışdılar və onu öldürmək üçün fürsət axtarmağa başladılar, çünki onların fikrincə, İsa nəinki şənbə qanununu pozur, hətta Allahı öz Atası adlandırır və özünü Allaha tay tuturdu. 19  İsa onlara cavab verdi: «Bilin və agah olun, Oğul özündən bir şey edə bilməz; o, yalnız Atasından gördüyü şeyləri edə bilər. Ata nə edirsə, Oğul da o cür edir. 20  Ata Oğulu sevir və etdiyi hər şeyi ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz məəttəl qalasınız. 21  Ata ölüləri dirildib onlara həyat verdiyi kimi, Oğul da ürəyi istədiyi adamlara həyat verir. 22  Ata heç kəsi mühakimə etmir, O, bu səlahiyyəti Oğula verib ki, 23  hamı Ataya ehtiram bəslədiyi kimi, Oğula da ehtiram bəsləsin. Oğula hörmət etməyən onu göndərmiş Ataya da hörmət etmir. 24  Bunu bilin, mənim sözlərimi eşidib məni göndərənə iman edən əbədi həyata qovuşacaq. O məhkum edilmir, ölümdən həyata keçir. 25  Bunu bilin, elə bir saat gəlir ki və artıq gəlib, ölülər Allahın Oğlunun səsini eşidəcək və itaət edənlər yaşayacaqlar. 26  Çünki Ata həyat mənbəyidir, O, insanlara həyat vermək ixtiyarını Oğula da verib. 27  Ata Oğula hökm kəsmək səlahiyyətini də vermişdir, çünki o, insan Oğludur. 28  Buna heyrət etməyin, çünki elə bir saat gəlir ki, qəbirlərdə* olanların hamısı onun səsini eşidəcək, 29  yaxşı iş görənlər həyata qovuşmaq üçün, pis iş görənlərsə hökmə düçar olmaq üçün diriləcəklər. 30  Mən özbaşına heç bir şey edə bilmərəm. Atam necə deyirsə, eləcə də hökm edirəm. Çıxardığım hökm ədalətlidir, çünki mən öz istəyimi yox, məni göndərənin iradəsini həyata keçirməyə çalışıram. 31  Əgər yalnız özüm-özümə şahidlik etsəydim, mənim şəhadətim düz olmazdı. 32  Mənim haqqımda başqası şəhadət edir və mən bilirəm ki, onun mənim haqqımda verdiyi şəhadət doğrudur. 33  Siz Yəhyanın yanına adam göndərmişdiniz, o, həqiqət barəsində şəhadət etdi. 34  Mən insanların şəhadətinə ehtiyac duymuram, bunları xilas olmağınız üçün deyirəm. 35  O adam işıq saçan, yanar bir çıraq idi, amma siz onun işığında qısa müddət şadlanmaq istədiniz. 36  Ancaq mənim haqqımda Yəhyanın verdiyi şəhadətdən daha böyük şəhadət var, çünki Atamın mənə verdiyi tapşırıq, gördüyüm işlər mənim haqqımda şəhadət edir; onlar mənim Ata tərəfindən göndərildiyimi təsdiqləyir. 37  Məni göndərən Ata mənim haqqımda Özü şahidlik edib. Siz nə Onun səsini eşitmisiniz, nə də üzünü görmüsünüz. 38  Onun sözü sizin qəlbinizdə qalmır, çünki Onun göndərdiyi adama inanmırsınız. 39  Siz Müqəddəs Yazıları araşdırırsınız, çünki elə bilirsiniz ki, bunun sayəsində əbədi həyata qovuşacaqsınız. Hərçənd Müqəddəs Yazılar mənim haqqımda şəhadət edir. 40  Ancaq siz yanıma gəlib həyata qovuşmaq istəmirsiniz. 41  Mən insanlardan tərif gözləmirəm, 42  çünki qəlbinizdə Allaha məhəbbət olmadığını yaxşı bilirəm. 43  Mən Atamın adından gəlmişəm, siz isə məni qəbul etmirsiniz; əgər başqası öz adından gəlsəydi, onu qəbul edərdiniz. 44  Siz bir-birinizi tərifləyirsiniz, lakin vahid Allahın tərifini qazanmağa çalışmırsınız. Belə halda mənə necə inana bilərsiniz? 45  Elə bilməyin ki, mən sizi Atamın qarşısında təqsirləndirəcəyəm. Onsuz da sizi təqsirləndirən şəxs var, o da ümid etdiyiniz Musadır. 46  Əgər siz Musaya inansaydınız, mənə də inanardınız, çünki o, mənim haqqımda yazmışdı. 47  Amma onun yazdıqlarına inanmırsınızsa, mənim sözlərimə necə inanacaqsınız?»

Haşiyələr

Bu ayəyə Müqəddəs Kitabın bəzi tərcümələrində rast gəlinir, lakin ən qədim yunan əlyazmalarına uyğun gələn Uestkot və Hortun yunanca mətnində rast gəlinmir
Hərfən «xatirə sərdabələrində»