Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 4:1—54

4  Ağamız eşidəndə ki, fəriseylər onun Yəhyadan daha çox şagird hazırladığını və daha çox adam vəftiz etdiyini bilirlər,  (əslində, İsa özü yox, şagirdlər vəftiz edirdilər)  Yəhudeyadan çıxıb yenidən Qalileyaya yollandı.  İsanın yolu Samariyadan keçirdi.  O, Samariyanın Sixar şəhərinə gəldi. Bu şəhər Yaqubun öz oğlu Yusifə verdiyi tarlanın yaxınlığında yerləşirdi.  Orada Yaqubun qazdığı bir quyu vardı. Uzun yoldan yorulmuş İsa quyunun yanında oturdu. Günorta saat on iki* olardı.  Bu zaman oraya su üçün bir samariyalı qadın gəldi. İsa ona dedi: «Mənə içməyə su verərsən?»  (Şagirdləri şəhərə yemək almağa getmişdilər.)  Samariyalı qadın İsaya dedi: «Necə olur ki, sən yəhudi ola-ola məndən — samariyalı bir qadından su istəyirsən?» (İş orasındadır ki, yəhudilərlə samariyalılar arasında heç bir münasibət yoxdur.) 10  İsa qadına cavab verdi: «Əgər sən Allahın ənamından xəbərdar olsaydın və səndən su istəyən adamın kim olduğunu bilsəydin, özün ondan su istəyərdin, o da sənə həyat suyu verərdi». 11  Qadın dedi: «Ağa, quyu dərindir, sənin isə su çəkməyə heç vedrən də yoxdur. Səndə həyat suyu haradandır? 12  Məgər sən bu quyunu bizə vermiş, bütün oğulları və mal-qarası ilə birlikdə bu quyunun suyundan içmiş atamız Yaqubdan da böyüksən?» 13  İsa qadına cavab verdi: «Bu suyu içən hər bir adam yenə də susayacaq. 14  Ancaq mənim verəcəyim sudan içən adam əsla susamayacaq. Bu su onun içində qaynayan və əbədi həyat verən bir çeşmə olacaq». 15  Qadın ona dedi: «Ağa, mənə də bu sudan ver ki, bir də susamayım və bura su dalınca gəlməyim». 16  İsa ona dedi: «Get, ərini də çağır, bura gəl». 17  Qadın cavab verdi: «Mənim ərim yoxdur». İsa dedi: «Düz dedin, ərin yoxdur. 18  Sənin beş ərin olub, ancaq indi yaşadığın kişi ərin deyil. Burasını düz dedin». 19  Qadın dedi: «Ağa, görürəm sən peyğəmbərsən. 20  Bizim əcdadlarımız Allaha bu dağda ibadət ediblər, siz isə deyirsiniz ki, Allaha Yerusəlimdə ibadət etmək lazımdır». 21  İsa dedi: «İnan mənə, elə bir vaxt gəlir ki, siz Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22  Siz kor-koranə ibadət edirsiniz, biz isə biliyə əsaslanaraq ibadət edirik, çünki xilas yəhudilərdəndir. 23  Amma elə bir vaxt gəlir ki və artıq gəlib də, həqiqi ibadətçilər Ataya ruhla və həqiqətlə ibadət edəcəklər. Çünki Ata Ona bu cür ibadət etmək istəyənləri axtarır. 24  Allah Ruhdur* və Ona ibadət edənlər ruhla və həqiqətlə ibadət etməlidirlər». 25  Qadın ona dedi: «Mən bilirəm ki, Məsih deyilən bir adam gələcək. O gələndə hər şeyi bizə açacaq». 26  İsa ona dedi: «Həmin adam mənəm». 27  Bu vaxt onun şagirdləri gəlib çıxdılar. Onlar İsanın qadınla söhbət etdiyini görəndə təəccübləndilər. Amma heç kəs: «Ondan nə istəyirsən?» və ya «Niyə onunla danışırsan?», — soruşmadı. 28  Qadın isə səhəngini orada qoyub şəhərə getdi və camaata dedi: 29  «Ay camaat, gedin, gördüyüm bütün işləri mənə danışan adama baxın. Bəlkə, Məsih elə odur?» 30  Onlar şəhərdən çıxıb İsanın yanına yollandılar. 31  Bu vaxt şagirdlər onu dilə tuturdular: «Müəllim, bir az yemək ye». 32  Ancaq İsa onlara dedi: «Mənim öz yeməyim var. Sizin ondan xəbəriniz yoxdur». 33  Şagirdlər bir-birindən soruşdular: «Məgər ona kimsə yemək gətirib?» 34  İsa onlara dedi: «Mənim yeməyim məni göndərənin iradəsini yerinə yetirmək və Onun işini tamamlamaqdır. 35  Məgər özünüz demirsiniz ki, biçinə hələ dörd ay var? Mən isə sizə deyirəm: başınızı qaldırın və tarlalara baxın, məhsul yetişib və biçinə hazırdır. 36  Biçinçi artıq əmək haqqını alır və əbədi həyat üçün məhsul yığır ki, əkən də, biçən də qoşa sevinsinlər. 37  Doğrudan da, “biri əkir, o birisi də biçir” sözləri yerində deyilib. 38  Mən sizi, üzərində zəhmət çəkmədiyiniz məhsulu biçməyə göndərdim. Zəhməti başqaları çəkib, siz isə onların zəhmətinin bəhrəsinə şərik oldunuz». 39  O şəhərdən olan xeyli samariyalı, qadının: «O, gördüyüm bütün işləri mənə danışdı», — sözlərini eşidib İsaya inandılar. 40  Buna görə də onlar İsanın yanına gəlib xahiş etdilər ki, o, yanlarında qalsın. İsa orada iki gün qaldı. 41  İsanı dinləyən bir çox adam da ona iman etdi. 42  Onlar qadına deyirdilər: «Biz indi yalnız sənin dediklərinə görə ona inanmırıq. Çünki onun sözlərini öz qulaqlarımızla eşitdik və bilirik ki, o, doğrudan da, dünyanın xilaskarıdır». 43  İki gündən sonra İsa Qalileyaya yollandı. 44  İsa özü deyirdi ki, peyğəmbərin hörmət görmədiyi yer varsa, o da öz el-obasıdır. 45  O, Qalileyaya gələndə qalileyalılar onu qəbul etdilər, çünki onlar İsanın bayram vaxtı Yerusəlimdə etdiyi işləri görmüşdülər, belə ki, özləri də bayrama getmişdilər. 46  İsa yenidən Qalileyanın Kana şəhərinə, suyu şəraba çevirdiyi yerə gəldi. Kapernahumda padşahın bir naibi var idi. Onun oğlu xəstə yatırdı. 47  Bu adam İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidəndə onun yanına getdi və İsadan xahiş etdi ki, gəlib onun oğlunu sağaltsın, çünki oğlan ölüm ayağında idi. 48  Amma İsa ona dedi: «Siz əlamət və möcüzə görməsəniz, ömrünüzdə inanmazsınız». 49  Padşahın naibi dedi: «Ağa, nə olar, gəl gedək, qoyma oğlum ölsün». 50  İsa dedi: «Get, oğlun sağaldı». O, İsanın sözünə inanıb getdi və 51  hələ yolda ikən nökərləri qarşısına çıxıb xəbər verdilər ki, oğlu sağalıb. 52  O, nökərlərdən uşağın nə vaxt sağaldığını xəbər aldı. Onlar cavab verdilər: «Dünən günorta saat bir* olardı, uşağın qızdırması keçdi». 53  Naib bildi ki, uşaq İsanın: «Oğlun sağaldı», — dediyi vaxt sağalıb. Beləcə, özü və bütün ev əhli İsaya iman etdi. 54  Bu, İsanın Yəhudeyadan Qalileyaya gələrkən göstərdiyi ikinci möcüzə idi.

Haşiyələr

Hərfən «altıncı saat»
Yəni Ruhani Şəxsiyyətdir
Hərfən «yeddinci saat»