Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 21:1—25

21  Bundan sonra İsa Tiberiada gölünün kənarında şagirdlərinə göründü. Əhvalat belə olmuşdu.  Şimon Peter, Əkiz ləqəbli Tomas, Qalileyanın Kana şəhərindən olan Natanael, Zebedeyin oğulları və başqa iki şagird bir yerdə idilər.  Şimon Peter onlara dedi: «Gedirəm balıq tutmağa». Onlar: «Biz də səninlə gedirik», — dedilər və bayıra çıxıb qayığa mindilər. Ancaq o gecə heç nə tutmadılar.  Dan yeri sökülürdü. İsa sahildə durmuşdu, şagirdlər isə onu tanımadılar.  İsa onlardan soruşdu: «Balalar, yeməyə bir şeyiniz var?» Onlar: «Yoxdur», — dedilər.  O dedi: «Toru qayığın sağ tərəfindən atın, tutacaqsınız». Onlar toru atdılar və tora çoxlu balıq düşdü. Balıq o qədər çox idi ki, toru dartıb çıxara bilmirdilər.  Onda İsanın sevimli şagirdi Peterə dedi: «Bu Ağadır!» Şimon Peter bunu eşidəndə yarıçılpaq olduğundan əbasını əyninə keçirib suya tullandı.  O biri şagirdlər isə toru çəkə-çəkə balaca qayıqda gəlirdilər. Onlar sahildən çox da uzaqda deyildilər, təxminən yüz metr* aralıda idilər.  Şagirdlər sahilə çıxanda bir tonqal gördülər. Tonqalın üstündə balıq, yanında da çörək var idi. 10  İsa onlara dedi: «Tutduğunuz balıqdan bir neçəsini gətirin». 11  Onda Şimon Peter qayığa girib balıqla dolu toru sahilə çıxartdı. Torda yüz əlli üç dənə böyük balıq var idi, lakin tor bu qədər balığın altında yırtılmadı. 12  İsa onları çağırdı: «Gəlin səhər yeməyinizi yeyin». Şagirdlərdən heç biri cəsarət edib: «Sən kimsən?», — deyə soruşmadı, çünki hamısı Ağalarını tanımışdı. 13  İsa yaxınlaşıb çörəyi də, balığı da onlara payladı. 14  O, diriləndən sonra artıq üçüncü dəfə idi ki, şagirdlərinə görünürdü. 15  Onlar yeyib qurtarandan sonra İsa Şimon Peterdən soruşdu: «Yəhya oğlu Şimon, məni çox istəyirsən*, bunları?» Peter cavab verdi: «Ağa, yaxşı bilirsən ki, səni çox istəyirəm*». İsa dedi: «Quzularımı bəslə». 16  İsa ikinci dəfə ondan soruşdu: «Yəhya oğlu Şimon, məni çox istəyirsən?» O cavab verdi: «Bəli, Ağa, sən bilirsən ki, səni çox istəyirəm». İsa dedi: «Quzularımı otar». 17  İsa üçüncü dəfə soruşdu: «Yəhya oğlu Şimon, məni çox istəyirsən?» Peter İsanın ondan üç dəfə onu sevdiyini soruşduğuna görə qüssələndi və ona dedi: «Ağa, sən hər şeyi bilirsən. Sən yaxşı bilirsən ki, səni necə çox istəyirəm». İsa dedi: «Quzularımı bəslə. 18  Eşit və agah ol, cavanlığında özün qurşanıb istədiyin yerə gedirdin, amma qocalanda əllərini uzadacaqsan, başqası səni qurşayıb istəmədiyin yerə aparacaq». 19  Bunu deməklə İsa, Peterin Allahı hansı ölümlə şöhrətləndirəcəyinə işarə edirdi. Sonra ona dedi: «Bundan sonra da ardımca gəl». 20  Peter çönüb arxadan İsanın sevimli şagirdinin gəldiyini gördü. Bu həmin o şagirddir ki, şam yeməyi vaxtı İsaya tərəf əyilib soruşmuşdu: «Ağa, səni kim satacaq?» 21  Peter onu görəndə İsadan soruşdu: «Ağa, bəs bu necə olacaq?» 22  İsa ona cavab verdi: «Əgər mən gələnəcən onun qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl». 23  Nəticədə qardaşlar arasında belə bir söz yayıldı ki, guya həmin şagird ölməyəcək. Amma İsa onun ölməyəcəyini deməmişdi, o demişdi: «Əgər mən gələnəcən onun qalmasını istəyirəmsə, bundan sənə nə?» 24  Bu haqda şəhadət edən və bunları yazan həmin o şagirddir. Biz bilirik ki, onun şəhadəti doğrudur. 25  Sözsüz, İsa çox iş görüb, lakin onların hamısı bir-bir yazılsaydı, elə düşünürəm ki, yazılan tumarlar dünyaya belə sığmazdı.

Haşiyələr

Hərfən «iki yüz pixis (qulac)». 10–cu Əlavəyə bax
Yunanca «aqape»dən. Prinsiplərə əsaslanan məhəbbət
Yunanca «fileo»dan. Dostlar arasındakı məhəbbət