Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 2:1—25

2  Bundan iki gün sonra Qalileyanın Kana şəhərində toy vardı. İsanın anası orada idi.  İsa da şagirdləri ilə birlikdə bu toy məclisinə dəvət olunmuşdu.  Şərab azalanda İsanın anası ona dedi: «Şərabları yoxdur».  Ancaq İsa anasına dedi: «Ana*, bu bizim işimiz deyil. Mənim vaxtım hələ gəlməyib».  Anası məclisdə xidmət edənlərə dedi: «Sizə nə desə, onu da edin».  Yəhudilərin paklanma qaydalarına görə orada su üçün altı ədəd daş küp vardı və hərəsi qırx dörd, yaxud altmış altı litr* maye tuturdu.  İsa onlara dedi: «Küpləri su ilə doldurun». Xidmət edənlər küpləri ağzına qədər doldurdular.  Sonra İsa onlara dedi: «İndi bir az götürüb sərpayı üçün aparın». Onlar elə də etdilər.  Sərpayı şərabın haradan gəldiyini bilmirdi, bunu yalnız xidmət edənlər bilirdi. O, şəraba çevrilmiş suyun dadına baxdıqda bəyi çağırıb 10  dedi: «Başqaları əvvəlcə süfrəyə əla şərab qoyur, qonaqlar bir balaca keflənəndən sonra isə adi şərabı verir. Ancaq sən bu cür əla şərabı axıra saxlamısan». 11  Bu, İsanın göstərdiyi ilk möcüzə idi. O, bunu Qalileyanın Kana şəhərində etmişdi. İsa orada öz qüdrətini göstərdi və şagirdləri ona iman etdilər. 12  Bundan sonra İsa, anası, qardaşları və şagirdləri Kapernahuma getdilər, lakin orada çox qalmadılar. 13  Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə gəldi. 14  O, məbəddə mal-qara, qoyun və göyərçin satanları, həmçinin oturub sərraflıq edənləri gördü. 15  İsa kəndirdən bir qamçı düzəldib onların hamısını — qoyun, mal-qara qarışıq məbəddən qovdu. Sərrafların masalarını çevirib pullarını yerə dağıtdı. 16  Göyərçin satanlara isə dedi: «Bunları yığışdırın buradan! Bəsdir! Atamın evini bazara çevirmisiniz!» 17  Bu zaman onun şagirdləri Müqəddəs Yazılarda deyilən: «Sənin evin üçün çəkdiyim qeyrət məni yandırıb-yaxacaq», — sözlərini xatırladılar. 18  Bunu görən yəhudilər ona dedilər: «Hansı əlamətlə bizə sübut edə bilərsən ki, bunları etməyə ixtiyarın var?» 19  İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, mən onu üç günə bərpa edərəm». 20  Onda yəhudilər dedilər: «Bu məbəd qırx altı ilə tikilib, sən onu üç günə necə bərpa edəcəksən?» 21  Ancaq İsa məbəd deyərkən öz bədənini nəzərdə tuturdu. 22  İsa diriləndən sonra şagirdləri onun bu sözlərini xatırladılar. Beləcə, onlar həm Müqəddəs Yazılara, həm İsanın dediyi sözlərə inandılar. 23  İsa Yerusəlimdə, Pasxa bayramında olarkən bir çox adam onun göstərdiyi möcüzələri görüb onun adına iman etdi. 24  Amma İsa onlara çox da etibar etmirdi, çünki hamısını yaxşı tanıyırdı. 25  Ehtiyac yox idi ki, kimsə ona başqası haqqında bir şey danışsın, çünki o, adamların ürəyinə bələd idi.

Haşiyələr

Hərfən «qadın»
Hərfən «iki və ya üç maye ölçüsü». Görünür, burada 22 litrə bərabər olan maye olçüsü «bat» nəzərdə tutulur