Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 18:1—40

18  İsa dua edib qurtarandan sonra şagirdləri ilə birlikdə Kidron vadisinin o biri tayına keçdi. Orada bir bağ var idi və İsa şagirdləri ilə həmin bağa girdi.  Xain Yəhuda da o yeri yaxşı tanıyırdı, çünki İsa dəfələrlə şagirdləri ilə oraya gəlmişdi.  Bu vaxt Yəhuda bir dəstə əsgər, həmçinin böyük kahinlərin və fəriseylərin mühafizəçiləri ilə oraya gəldi. Onların əllərində məşəl, çıraq və silah vardı.  İsa başına nə gələcəyini bildiyi üçün qabağa çıxıb soruşdu: «Kimi axtarırsınız?»  Onlar cavab verdilər: «Nazaretli İsanı». İsa dedi: «Bəli, mənəm». Xain Yəhuda da onların yanında durmuşdu.  İsa: «Mənəm», — deyəndə onlar geri çəkilib yerə yıxıldılar.  İsa yenə də soruşdu: «Kimi axtarırsınız?» Onlar dedilər: «Nazaretli İsanı».  İsa dedi: «Axı sizə dedim ki, mənəm. Əgər məni axtarırsınızsa, bunları buraxın».  Beləcə: «Mənə verdiyin adamlardan birini də itirmədim», — sözləri yerinə yetdi. 10  Onda Şimon Peter qılıncını çəkdi və vurub baş kahinin nökərinin sağ qulağını kəsdi. Nökərin adı Malx idi. 11  İsa Peterə dedi: «Qılıncını qınına qoy. Deyirsən, Atamın mənə verdiyi camı içməyim?» 12  Onda əsgəri dəstə, sərkərdə* və yəhudilərin mühafizəçiləri İsanı tutub əl-qolunu bağladılar 13  və əvvəlcə Hannanın yanına apardılar. O, həmin il baş kahin olan Kayafanın qayınatası idi. 14  Bu, həmən o Kayafadır ki, bütün xalqın yerinə bir adamın ölməsinin onlar üçün yaxşı olduğunu yəhudilərə məsləhət görmüşdü. 15  Şimon Peter və başqa bir şagird İsanın dalınca gedirdilər. O şagird baş kahinin tanışı idi. Həmin şagird İsa ilə bir yerdə baş kahinin həyətinə girdi, 16  Peter isə çöldə, qapının ağzında dayandı. Baş kahinin tanışı olan o biri şagird çıxıb qapıçı qızla danışdı və Peteri içəri saldı. 17  Bu qulluqçu qız Peterə dedi: «Sən də o adamın şagirdlərindənsən, hə?» Peter dedi: «Yox». 18  Hava soyuq olduğundan nökərlərlə mühafizəçilər tonqal qalayıb ətrafında isinirdilər. Peter də onların yanında durub isinirdi. 19  Bu vaxt böyük kahin İsadan şagirdləri və təlimləri haqqında soruşurdu. 20  İsa ona cavab verdi: «Mən hər şeyi dünyaya açıq-aşkar söyləmişəm. Mən həmişə yəhudilərin toplaşdığı sinaqoqlarda və məbəddə təlim vermişəm. Heç bir sözü xəlvətdə deməmişəm. 21  Niyə məni sorğu-suala çəkirsən? Danışdıqlarımı eşidənlərdən soruş. Onlar mənim nədən danışdığımı bilirlər». 22  İsa bunu deyəndə yanında durmuş bir mühafizəçi onun üzünə sillə çəkib dedi: «Böyük kahinə cavab qaytarırsan?» 23  İsa dedi: «Əgər düz demirəmsə, səhvimi göstər. Yox əgər düz danışıramsa, məni niyə vurursan?» 24  Hanna İsanı əl-qolu bağlı halda baş kahin Kayafanın yanına göndərdi. 25  Şimon Peter durub isinirdi. Birdən ondan soruşdular: «Sən də onun şagirdlərindənsən?» Peter inkar etdi: «Yox». 26  Baş kahinin bir nökəri, Peterin qılıncla vurub qulağını kəsdiyi adamın qohumu dedi: «Mən səni bağda görmüşdüm. Sən də o adamın yanındaydın, yoxsa elə deyil?» 27  Peter yenidən bunu inkar etdi və o andaca xoruz banladı. 28  Səhər təzəcə açılırdı. İsanı Kayafanın yanından vali sarayına apardılar, lakin onu gətirənlər murdarlanmamaq üçün valinin sarayına girmədilər, yoxsa pasxa yeməyini yeyə bilməzdilər. 29  Pilat onların qabağına çıxıb dedi: «Bu adamı nədə ittiham edirsiniz?» 30  Onlar cavab verdilər: «Əgər bu adam cinayətkar olmasaydı, onu sənin yanına gətirməzdik». 31  Pilat dedi: «Aparın onu öz qanunuza görə mühakimə edin». Onda yəhudilər dedilər: «Bizim adam öldürməyə ixtiyarımız yoxdur». 32  Beləcə, İsanın nə cür ölümlə öləcəyinə işarə edərək söylədiyi sözlər yerinə yetdi. 33  Onda Pilat yenidən vali sarayına girdi və İsanı yanına çağırıb dedi: «Sən yəhudilərin padşahısan?» 34  İsa cavab verdi: «Sən bunu özündən deyirsən, yoxsa mənim haqqımda kimdənsə eşitmisən?» 35  Pilat dedi: «Məgər mən yəhudiyəm? Öz xalqın və böyük kahinlərin səni mənə təslim edib. De görüm, nə iş tutmusan?» 36  İsa cavab verdi: «Mənim padşahlığım bu dünyadan deyil. Padşahlığım bu dünyadan olsaydı, təbəələrim mübarizə aparıb qoymazdılar ki, mən yəhudilərin əlinə verilim. Xeyr, mənim padşahlığım buradan deyil». 37  Pilat dedi: «Deməli, sən padşahsan?» İsa cavab verdi: «Bunu sən özün deyirsən. Mən həqiqətə şəhadət etmək üçün doğulub dünyaya gəlmişəm. Həqiqət tərəfində olan hər bir adam səsimə qulaq asır». 38  Pilat ona dedi: «Həqiqət nədir?!» Pilat bunu deyib yenidən yəhudilərin yanına çıxdı və onlara dedi: «Mən bu adamda bir təqsir görmürəm. 39  Həm də adətiniz üzrə mən Pasxa bayramında sizin üçün bir adam azad edirəm. İstəyirsiniz sizin üçün yəhudilərin padşahını azad edim?» 40  Onlar yenə qışqırdılar: «Onu yox, Barabbanı burax!» Barabba isə quldur idi.

Haşiyələr

Yaxud «minbaşı»