Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 16:1—33

16  Bunları sizə ona görə söylədim ki, imanınız zəifləməsin.  Sizi sinaqoqlardan qovacaqlar. Elə bir vaxt gəlir ki, sizi öldürən hər kəs bu yolla Allaha xidmət etdiyini düşünəcək.  Onlar bu işləri ona görə edəcəklər ki, nə Atanı tanıyırlar, nə də məni.  Bunları deməkdə məqsədim odur ki, həmin vaxt gələndə sizi xəbərdar etdiyimi xatırlayasınız. Bunları sizə əvvəlcədən deməmişdim, çünki sizinlə idim.  İndi məni göndərənin yanına gedirəm, amma biriniz də soruşmursunuz ki, hara gedirsən?  Bunları dediyimə görə qəm dəryasına batmısınız.  Mən sizə həqiqəti söyləyirəm, getməyim sizin xeyrinizədir. Çünki mən çıxıb getməsəm, köməkçi yanınıza gəlməyəcək. Ancaq getsəm, onu yanınıza göndərəcəyəm.  O gələndə dünyaya günah, salehlik və hökm haqqında inandırıcı dəlillər gətirəcək.  İlk növbədə günah haqqında, çünki onlar mənə iman etmirlər; 10  sonra salehlik haqqında, çünki mən Atanın yanına gedirəm və siz artıq məni görməyəcəksiniz; 11  və nəhayət, hökm haqqında, çünki bu dünyanın hökmdarı artıq məhkum edilib. 12  Sizə hələ deyiləsi çox sözüm var, ancaq indi onları başa düşməzsiniz. 13  Həqiqət ruhu gələndə sizə yol göstərəcək, həqiqəti tam dərk etməyinizə kömək edəcək. O özündən danışmayacaq, eşitdiyini danışacaq və sizə qarşıdakı hadisələrdən xəbər verəcək. 14  O, məni şöhrətləndirəcək, çünki məndən aldığı xəbəri sizə çatdıracaq. 15  Atanın nəyi varsa, hamısı mənimdir. Buna görə sizə dedim ki, məndən aldığı xəbəri sizə bəyan edəcək. 16  Bir azdan artıq məni görməyəcəksiniz, amma bir qədər sonra görəcəksiniz». 17  Onda bəzi şagirdlər bir-birindən soruşdular: «Görəsən, o: “Bir azdan məni görməyəcəksiniz, amma bir qədər sonra görəcəksiniz, çünki Atamın yanına gedirəm”, — sözləri ilə nə demək istəyir?» 18  Onlar deyirdilər: «O, “bir azdan” deməklə nəyə işarə edir? Biz bu sözlərin mənasını başa düşmürük». 19  İsa gördü ki, onlar nə isə soruşmaq istəyirlər və dedi: «Siz bir-birinizdən: “Bir azdan məni görməyəcəksiniz, amma bir qədər sonra görəcəksiniz”, — sözlərimin mənasını soruşursunuz? 20  Bunu bilin, siz ağlayıb fəryad edəcəksiniz, dünya isə şadyanalıq edəcək; kədərlənəcəksiniz, ancaq kədəriniz sevincə dönəcək. 21  Qadın doğuş zamanı əziyyət çəkir, çünki vaxtı yetişib. Ancaq uşağı doğandan sonra çəkdiyi əziyyət artıq yadına düşmür, çünki dünyaya insan gətirdiyinə sevinir. 22  Siz də indi kədərlənirsiniz, ancaq sizinlə yenidən görüşəndə ürəyiniz sevinəcək və heç kəs sevincinizi əlinizdən almayacaq. 23  O gün siz məndən heç nə soruşmayacaqsınız. Yadınızda qalsın, Atadan mənim adım naminə nə istəsəniz, sizə verəcək. 24  Bu vaxtadək mənim adım naminə heç bir şey istəməmisiniz. Diləyin, alacaqsınız və ürəyiniz sevinclə dolacaq. 25  Bunları sizə məsəllərlə dedim. Elə bir vaxt gəlir ki, daha sizə məsəl çəkməyəcəyəm. Ata haqqında açıq-aşkar danışacağam. 26  Mən demirəm ki, sizdən ötrü Atamdan bir şey xahiş edəcəyəm. O gün özünüz mənim adım naminə Ataya müraciət edəcəksiniz. 27  Atanın Özü sizi sevir, çünki siz məni sevmisiniz və məni Atanın göndərdiyinə və Onun nümayəndəsi olduğuma inanmısınız. 28  Mən Atanın yanından çıxıb dünyaya gəldim. İndi isə dünyanı tərk edib Atamın yanına gedirəm». 29  Şagirdlər dedilər: «Bax, indi sən açıq danışırsan, daha məsəl çəkmirsən. 30  İndi başa düşdük ki, sən hər şeyi bilirsən və səni sorğu-suala tutmağa ehtiyac yoxdur. Buna görə də biz inanırıq ki, səni Allah göndərib». 31  İsa dedi: «Hələ indi inandınız? 32  Elə bir vaxt gəlir ki, artıq gəlib də, hamınız məni tək qoyub evinizə dağılışacaqsınız. Ancaq mən tək qalmayacağam, çünki Atam mənimlədir. 33  Bunu sizə ona görə dedim ki, mənim sayəmdə qəlb rahatlığı tapasınız. Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim».

Haşiyələr