Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 12:1—50

12  Pasxa bayramına altı gün qalmış İsa Lazarı diriltdiyi kəndə, Betaniyaya gəldi.  Axşam onun üçün süfrə açdılar. Marta onların qulluğunda durmuşdu, Lazar da İsa ilə bir süfrədə əyləşənlərin arasında idi.  Məryəm çəkisi üç yüz qrama* yaxın bahalı, ətirli yağ, xalis nard* götürüb İsanın ayaqlarına sürtdü və saçı ilə onun ayaqlarını quruladı. Yağın ətri bütün evi bürüdü.  Şagirdlərdən biri, İsanı satmaq istəyən Yəhuda İskariot dedi:  «Nə üçün bu ətirli yağı üç yüz dinara satıb, pulunu kasıblara paylamadıq?!»  Yəhuda bunu kasıbların qeydinə qaldığı üçün yox, oğru olduğu üçün dedi. Pul qutusu onda olurdu və o, qutuya atılan pullardan oğurlayırdı.  Onda İsa dedi: «Qızla işiniz olmasın. Qoyun o, bu adəti icra edib məni dəfnə hazırlasın.  Kasıblar həmişə yanınızdadır, mən isə həmişə sizinlə olmayacağam».  Bu vaxt xeyli yəhudi İsanın orada olduğundan xəbər tutub ora gəldi. Onlar təkcə İsanı yox, onun diriltdiyi Lazarı da görmək istəyirdilər. 10  Onda böyük kahinlər Lazarı da öldürmək qərarına gəldilər, 11  çünki Lazara görə çoxlu yəhudi ora gəlir və İsaya iman gətirirdi. 12  Ertəsi gün bayrama gəlmiş xeyli adam İsanın Yerusəlimə yaxınlaşdığını eşidəndə 13  əllərində palma budaqları onu qarşılamağa çıxdılar. Onlar ucadan deyirdilər: «Yalvarırıq, xilas et! Yehovanın adı ilə gələn İsrailin padşahına eşq olsun!» 14  İsa bir qoduq tapıb ona mindi. Bu haqda belə yazılıb: 15  «Ey Sion qızı, qorxma! Bax! Sənin padşahın qoduğun belinə minib gəlir». 16  Şagirdlər əvvəlcə buna əhəmiyyət vermədilər, amma İsa şöhrətlənəndə onların yadına düşdü ki, bunlar onun haqqında yazılıb və yazıldığı kimi də icra edilib. 17  Lazarın dirilməsini və sərdabədən çıxmasını görmüş adamlar durmadan İsa haqqında şəhadət edirdilər. 18  Camaat bu möcüzə barəsində eşitdiyindən onun qabağına çıxmışdı. 19  Fəriseylər bir-birilərinə dedilər: «Görürsüz, heç nə alınmır. Bütün dünya onun ardınca gedir!» 20  İbadət üçün bayrama gələnlər arasında yunanlar da vardı. 21  Onlar Qalileyanın Betsayda şəhərindən olan Filipə yaxınlaşıb xahiş etdilər: «Ağa, biz İsanı görmək istəyirik». 22  Filip gedib bunu Andreasa dedi. Andreas və Filip birlikdə gəlib məsələni İsaya danışdılar. 23  İsa onlara cavab verdi: «İnsan oğlunun şöhrətlənmək vaxtı gəldi. 24  Eşidin və agah olun, buğda dəni torpağa düşüb ölmürsə, eləcə qalır. Öləndə isə çoxlu bar verir. 25  Öz canını sevən onu məhv edəcək, bu dünyada canına nifrət edən isə onu əbədi həyat üçün qoruyacaq. 26  Kim mənə xidmət etmək istəyirsə, ardımca gəlsin. Mən harada olsam, xidmətçim də orada olacaq. Mənə xidmət edən adamı Allah şöhrətə mindirəcək. 27  Ürəyim sıxılır. Nə deyim? Ata, məni qarşıdakı hadisələrdən qurtar. Hərçənd mən elə bu gün üçün gəlmişəm. 28  Ata, Öz adını şöhrətləndir». Bu vaxt göydən bir səs gəldi: «Şöhrətləndirmişəm və yenə də şöhrətləndirəcəyəm». 29  Orada durub bunları eşidənlərə elə gəldi ki, ildırım çaxdı. Bəziləri isə belə dedilər: «Onunla mələk danışırdı». 30  İsa dedi: «Bu səs mənim üçün yox, sizin üçün idi. 31  Bu dünyaya hökm kəsmək vaxtı yetişdi. İndi bu dünyanın hökmdarı devriləcək. 32  Mən isə yuxarı qaldırılanda hər cür insanı özümə cəlb edəcəyəm». 33  İsa bu sözlərlə necə öləcəyinə işarə edirdi. 34  Camaat ona dedi: «Biz Qanundan eşitmişik ki, Məsih əbədi qalmalıdır. Necə olur, sən deyirsən ki, insan Oğlu yuxarı qaldırılmalıdır? Axı bu insan Oğlu kimdir?» 35  İsa onlara dedi: «Nur bir az da yanınızda olacaq. Nə qədər ki, nur sizinlədir, yeriyin, yoxsa zülmət sizi udar. Zülmətdə yeriyən hara getdiyini bilmir. 36  Nə qədər ki, nur sizinlədir, nurun övladları olmaq üçün bu nura iman gətirin». İsa bunları deyəndən sonra çıxıb getdi və onlardan gizləndi. 37  İsa onların gözü qabağında çoxlu möcüzə göstərsə də, onlar İsaya inanmırdılar. 38  Beləliklə, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetdi: «Yehova, kim eşitdiyimizə inandı? Yehova qolunun gücünü kimə göstərdi?» 39  Onların inamsızlığının səbəbini isə Yeşaya belə göstərmişdi: 40  «O, onların gözünü kor etdi, ürəyini daşa döndərdi ki, gözləri ilə görməsinlər, ürəkləri ilə dərk etməsinlər və geri dönməsinlər ki, onlara şəfa verim». 41  Yeşaya onun calalını gördüyü üçün Məsih haqqında bunları demişdi. 42  Yenə də, rəhbərlərin içindən çoxları ona iman etdi, amma fəriseylərin qorxusundan bunu büruzə vermədilər, çünki sinaqoqdan qovulmaq istəmirdilər. 43  Onlar insanların yanında qazandıqları şöhrəti, Allahın verdiyi şöhrətdən daha çox sevirdilər. 44  İsa ucadan dedi: «Mənə iman edən yalnız mənə yox, məni göndərənə də iman etmiş olur. 45  Məni görən məni göndərəni də görmüş olur. 46  Mən bir nuram, bu dünyaya gəlmişəm. Mənə inanan adam zülmətdə qalmayacaq. 47  Mən sözlərimi eşidib onlara əməl etməyəni mühakimə etmirəm. Mən dünyanı mühakimə etməyə yox, xilas etməyə gəlmişəm. 48  Məni vecinə almayan və sözlərimi qəbul etməyən üçün bir hakim var. Ağzımdan çıxan söz axırıncı gündə onu mühakimə edəcək. 49  Çünki mən özümdən danışmamışam, məni göndərən Ata mənə nə haqda danışmağı əmr edib. 50  Mən bilirəm ki, Onun əmri əbədi həyata aparır. Atam mənə necə deyibsə, mən də elə danışıram».

Haşiyələr

Hərfən «bir litra». Təxminən 327 qr ağırlığı olan çəki vahidi. 10–cu Əlavəyə bax
Himalay dağlarında bitən xoş qoxulu bitkidən alınan ətirli yağ