Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 11:1—57

11  O zaman Məryəm ilə bacısı Martanın yaşadığı Betaniya kəndində Lazar adında bir adam xəstə yatırdı.  Bu, Ağamızı ətirli yağla yağlayıb öz saçı ilə onun ayaqlarını silən həmən Məryəm idi. Xəstə yatan Lazar onun qardaşı idi.  Bacılar İsaya xəbər göndərdilər: «Ağa, əziz dostun xəstədir».  İsa bunu eşidəndə dedi: «Bu xəstəlik ölümə aparmır. O, Allaha şöhrət gətirəcək, Allahın Oğlu da bu xəstəlik vasitəsilə şöhrətlənəcək».  İsa Marta ilə bacısını və Lazarı çox istəyirdi.  Ancaq Lazarın xəstələndiyini eşidəndə iki gün də olduğu yerdə qaldı.  Sonra şagirdlərinə dedi: «Gəlin yenə Yəhudeyaya gedək».  Şagirdləri dedilər: «Müəllim, yəhudeyalılar təzəlikcə səni daşlamaq istəyirdilər, sən isə yenə ora gedirsən?»  İsa cavab verdi: «Məgər günün uzunluğu on iki saat deyil? Gündüz gəzənin ayağı heç nəyə ilişmir, çünki o, bu dünyanın işığını görür. 10  Lakin gecə gəzənin ayağı mütləq nəyəsə ilişəcək, çünki o, zülmətdədir». 11  İsa bunları deyib əlavə etdi: «Dostumuz Lazar yuxuya gedib, mən isə onu oyatmağa gedirəm». 12  Şagirdlər dedilər: «Ağa, yatırsa, deməli, sağalacaq». 13  İsa onun öldüyünü deyirdi, onlarsa elə bildilər ki, İsa adi yuxudan danışır. 14  Onda İsa açıq dedi: «Lazar ölüb 15  və mən çox şadam ki, orada olmamışam, çünki indi sizin imanınız daha da möhkəmlənəcək. Durun, onun yanına gedək». 16  Bu vaxt Əkiz ləqəbli Tomas o biri şagirdlərə dedi: «Gedək, biz də onunla ölək». 17  İsa oraya gəldikdə öyrəndi ki, Lazar artıq dörd gündür sərdabəyə qoyulub. 18  Betaniya Yerusəlimin yaxınlığında, təxminən üç kilometrlik* məsafədə yerləşirdi. 19  Buna görə də Marta ilə Məryəmə qardaşlarına görə başsağlığı verməyə xeyli yəhudi gəlmişdi. 20  Marta İsanın kəndə yaxınlaşdığını eşidəndə onun qabağına çıxdı, Məryəm isə evdə qaldı. 21  Marta İsaya dedi: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi. 22  Ancaq indi də əminəm ki, Allahdan nə istəsən, sənə verəcək». 23  İsa ona dedi: «Qardaşın diriləcək». 24  Marta dedi: «Bilirəm, o, axırıncı gündə, dirilmə zamanı diriləcək». 25  İsa ona dedi: «Dirilmə və həyat mənəm. Mənə iman edən ölsə də, həyata qayıdacaq 26  və mənə inamla yaşayan adam heç vaxt ölməyəcək. Buna inanırsan?» 27  O cavab verdi: «Bəli, Ağa, mən inanıram ki, sən Allahın Oğlusan, dünyanın gözlədiyi Məsihsən». 28  Marta bunu deyib getdi və bacısı Məryəmə xəlvətcə dedi: «Müəllim gəlib, səni görmək istəyir». 29  Məryəm bunu eşidəndə dərhal qalxıb İsanın yanına getdi. 30  İsa hələ kəndə girməmişdi, Martanın onu qarşıladığı yerdə durmuşdu. 31  Bacılara başsağlığı verməyə gəlmiş yəhudilər Məryəmin cəld durub evdən çıxdığını görəndə qalxıb onun dalınca getdilər. Onlar elə düşündülər ki, o, sərdabənin yanına ağlamağa gedir. 32  Məryəm İsanın durduğu yerə gəldi və onu görəndə ayaqlarına yıxılıb dedi: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi». 33  İsa Məryəmin və onunla gəlmiş yəhudilərin ağlaşdığını görəndə bərk qəhərləndi və dərindən ah çəkib 34  soruşdu: «Onu hara qoymusunuz?» Ona dedilər: «Ağa, gedək bax». 35  İsanın gözlərindən yaş axdı. 36  Onda yəhudilər dedilər: «Görün onu necə sevirdi!» 37  Bəziləri isə belə deyirdi: «Korun gözünü açan adam bir şey edə bilməzdi ki, bu yazıq ölməsin?» 38  İsa yenə də dərindən ah çəkib sərdabəyə yaxınlaşdı. Bu, əslində, bir mağara idi və ağzına daş qoyulmuşdu. 39  İsa dedi: «Daşı kənara çəkin». Mərhumun bacısı Marta ona dedi: «Ağa, o, dörd gündür ki, buradadır, indiyə yəqin iylənər». 40  İsa ona dedi: «Məgər sənə demədim ki, inansan, Allahın əzəmətini görəcəksən?» 41  Daşı götürdülər. İsa göyə baxıb dedi: «Ata, çox sağ ol ki, məni eşitdin. 42  Bilirəm, Sən məni həmişə eşidirsən; ancaq bunu burada durmuş camaatdan ötrü dedim ki, məni Sənin göndərdiyinə inansınlar». 43  İsa bunu deyib ucadan səslədi: «Lazar, çölə çıx!» 44  Ölmüş adam sərdabədən çıxdı. O, sarğılarla kəfənlənmişdi, üzünü isə dəsmalla örtmüşdülər. İsa dedi: «Kəfənini açın, azad olsun». 45  Məryəmin yanına gəlmiş yəhudilərin bir çoxu bunu görəndə İsaya iman etdilər. 46  Bəziləri isə gedib İsanın nə etdiyini fəriseylərə danışdılar. 47  Onda böyük kahinlər və fəriseylər Sinedrionu toplayıb tədbir görməyə başladılar: «Biz nə edək? Bu adam çoxlu möcüzə göstərir. 48  Onu özbaşına qoysaq, hamı ona inanacaq, onda romalılar gəlib həm məbədimizin*, həm də xalqımızın axırına çıxacaqlar». 49  Onlardan biri, həmin il baş kahin olan Kayafa Sinedriona dedi: «Siz heç nə bilmirsiniz 50  və bir şeyi başa düşmürsünüz ki, bütün xalqın məhvindənsə, bir adamın ölməsi məhz sizin üçün yaxşıdır». 51  O, bu sözləri özündən demədi, həmin il baş kahin olduğundan İsanın xalq üçün öləcəyini peyğəmbərlik etdi. 52  (Axı İsa yalnız xalq üçün yox, həm də Allahın pərən-pərən olmuş övladlarını bir yerə yığmaq üçün öldü.) 53  Onlar o gün İsanı öldürməyə qərar verdilər. 54  Buna görə də İsa artıq yəhudilərin arasında açıq-aşkar gəzmirdi. O, səhraya yaxın bir bölgəyə, Efraim adlanan şəhərə getdi və şagirdləri ilə orada qaldı. 55  Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. Ətraf yerlərdən xeyli adam bayram qabağı paklanmaq üçün Yerusəlimə gəlmişdi. 56  Onlar İsanı axtarırdılar və məbəddə durub bir-birinə deyirdilər: «Görəsən, o bayrama gəlməyəcək?» 57  Böyük kahinlər və fəriseylər əmr etmişdilər ki, onun yerini bilən adam gəlib onlara xəbər versin. Onlar İsanı tutmaq istəyirdilər.

Haşiyələr

Hərfən «təxminən on beş stadi». 10–cu Əlavəyə bax
Hərfən «yerimizin»