Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 10:1—42

10  İsa sözünə davam etdi: «Bilin və agah olun, qoyun ağılına qapıdan yox, başqa yerdən girən oğru və quldurdur.  Qapıdan girən isə qoyunların çobanıdır.  Qapıçı onun üçün qapını açır və qoyunlar onun səsinə qulaq asırlar. Çoban qoyunlarını adbaad çağırıb çölə çıxarır.  O, qoyunlarının hamısını çıxardandan sonra onların qabağınca gedir və qoyunlar onun dalınca düşür, çünki onlar çobanın səsini tanıyırlar.  Onlar heç vaxt yad adamın dalınca getməzlər, əksinə, ondan qaçarlar, çünki yadların səsini tanımırlar».  İsa bu məsəli onlar üçün çəkdi. Ancaq onlar bu sözlərin mənasını başa düşmədilər.  İsa sözünə davam etdi: «Bunu bilin, mən qoyunlar üçün qapıyam.  Mənim adımdan istifadə edib gələnlər oğru və quldur olublar. Qoyunlar onlara qulaq asmadılar.  Mən qapıyam. Məndən keçən xilas olacaq, o, içəri girəcək, çölə çıxacaq və otlaq tapacaq. 10  Oğru ancaq çapıb-talamaq, məhv etmək və dağıtmaq məqsədilə gəlir. Mən isə gəldim ki, qoyunlar həyata, əbədi həyata qovuşsunlar. 11  Mən xeyirxah çobanam. Xeyirxah çoban qoyunları uğrunda canını belə əsirgəmir. 12  Qoyunların yiyəsi olmayan muzdur, əslində, çoban deyil. O, görəndə ki, canavar gəlir, qoyunları qoyub qaçır. Canavar da onların üstünə atılıb pərən-pərən edir. 13  O, muzdla işlədiyi üçün qoyunların qeydinə qalmır. 14  Mən isə xeyirxah çobanam və öz qoyunlarımı tanıyıram, qoyunlarım da məni tanıyır. 15  Necə ki, Atam məni tanıyır, mən də Atamı tanıyıram. Mən qoyunlarım uğrunda canımı fəda edirəm. 16  Bu ağıldan olmayan başqa qoyunlarım da var. Mən onları da gətirməliyəm. Onlar səsimə qulaq asacaq, bir sürüdə birləşəcəklər və onların bir çobanı olacaq. 17  Atam məni sevir, çünki mən canımı qurban verirəm; sonra onu geri alacağam. 18  Heç kəs canımı zorla almır, onu öz xoşumla verirəm. Onu verməyə və sonra geri almağa haqqım var. Atam mənə belə buyurub». 19  Bu sözlərə görə yəhudilərin arasında yenə fikir ayrılığı yarandı. 20  Onlardan bir çoxu deyirdi: «Onda cin var, onun başına hava gəlib! Nə üçün ona qulaq asırsınız?» 21  Digərləri isə deyirdi: «Cinə tutulmuş adam bu cür danışa bilməz. Heç cin də korun gözünü aça bilər?» 22  O vaxt qış idi və Yerusəlimdə Həsr etmə bayramı* keçirilirdi. 23  İsa məbəddə, Süleyman eyvanı adlanan yerdə gəzişirdi. 24  Bu zaman yəhudilər onu dövrəyə alıb dedilər: «Sən nə vaxta qədər bizi intizarda qoyacaqsan? Əgər Məsihsənsə, açıq de». 25  İsa cavab verdi: «Mən sizə demişəm, siz isə inanmırsınız. Atamın adı ilə gördüyüm işlər mənim haqqımda şəhadət edir. 26  Siz isə inanmırsınız, çünki mənim qoyunlarımdan deyilsiniz. 27  Mənim qoyunlarım səsimə qulaq asırlar, mən onları tanıyıram və onlar mənim ardımca gəlirlər. 28  Mən onlara əbədi həyat verəcəyəm. Onlar heç vaxt məhv olmayacaqlar və heç kəs onları əlimdən dartıb ala bilməz. 29  Atamın mənə verdikləri hər şeydən qiymətlidir və heç kim onları Atamın əlindən ala bilməz. 30  Atamla mən vəhdətdəyik»*. 31  Yəhudilər yenə də yerdən daş götürüb onu daşlamaq istədilər. 32  İsa onlara dedi: «Mən sizə Atamın buyurduğu çoxlu yaxşı iş göstərdim. Bu işlərin hansına görə məni daşlamaq istəyirsiniz?» 33  Yəhudilər cavab verdilər: «Biz səni yaxşı işlərə görə yox, küfr danışdığın üçün daşlayacağıq. Çünki sən insan olduğun halda, özünü allah yerinə qoyursan». 34  İsa onlara dedi: «Məgər sizin Qanunda: “Demişəm: «Siz allahlarsınız»”, — yazılmayıb? 35  Əgər Allah, məhkum etdiyi adamları Öz kəlamında “allah” adlandırırsa, hərçənd Müqəddəs Yazılar pozula bilməz, 36  nəyə görə siz “Mən Allahın Oğluyam” dediyim üçün mənə, Atanın pak edib dünyaya göndərdiyi adama: “Sən küfr danışırsan”, — deyirsiniz? 37  Əgər mən Atamın buyurduğu işləri görmürəmsə, mənə inanmayın. 38  Yox əgər bu işləri görürəmsə, mənə inanmasanız da, gördüyüm işlərə inanın ki, Atanın mənimlə, mənim də Ata ilə vəhdətdə olduğumu bilib anlayasınız». 39  Onlar yenə də İsanı tutmaq istədilər, ancaq İsa yaxasını onlardan qurtardı. 40  İsa İordan çayının o tayına, Yəhyanın vəftiz etməyə başladığı yerə getdi və orada qaldı. 41  Onun yanına çoxlu adam gəldi. Onlar deyirdilər: «Hərçənd Yəhya heç bir möcüzə göstərmədi, lakin onun bu adam haqqında dediyi hər söz doğru çıxdı». 42  Orada bir çoxları İsaya iman gətirdi.

Haşiyələr

İbranicə «Hanukka». Yəhudilərin Suriya-yunan hökmranlığından azad olmalarını və Yerusəlimdəki məbədin yenidən Yehovaya həsr edilməsini yad edən bayram
Yəni «birik». Ətraflı məlumat üçün Lüğətə bax