Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 1:1—51

1  Başlanğıcda Söz var idi, Söz Allahla idi və Söz bir allah idi.  O, başlanğıcda Allahla idi.  Hər şey onun vasitəsilə mövcud oldu və onsuz heç bir şey mövcud olmadı.   Onun vasitəsilə həyat mövcud oldu və həyat insanlar üçün nur oldu.  Bu nur qaranlıqda parlayır, ancaq qaranlıq onu üstələyə bilmədi.  Allah tərəfindən göndərilmiş bir adam peyda oldu. Onun adı Yəhya idi.  O, şəhadət vermək üçün gəlmişdi. O, nur haqqında şəhadət verəcəkdi ki, hər cür insan onun vasitəsilə iman gətirsin.  O özü həmin nur deyildi, amma nur haqqında şəhadət verməli idi.  Hər cür insanı nurlandıran həqiqi nur dünyaya gəlmək üzrə idi. 10  O, dünyada idi və dünya onun vasitəsilə mövcud oldu, lakin dünya onu tanımadı. 11  O, doğma yurduna gəldi, ancaq onlar onu qəbul etmədilər. 12  Onu qəbul edən, onun adına iman gətirən hər kəsə o, Allahın övladı olmaq hüququ verdi. 13  Onlar nə ətdən və qandan doğulublar, nə də insan istəyi ilə dünyaya gəliblər, onlar Allahın övladlarıdırlar. 14  Söz insan olub aramızda yaşadı və biz onun şöhrətini gördük. Bu, atanın yeganə oğluna verdiyi şöhrətə bənzəyirdi. O, lütf və həqiqətlə dolu idi. 15  Yəhya onun barəsində şəhadət verir, nida edirdi. Bu sözlər də onun sözləridir: «Məndən sonra gələn məndən qabağa keçdi, çünki o, məndən əvvəl var idi». 16  Biz hamımız onun dolğunluğundan bəhrələndik, lütf üstündən lütf aldıq. 17  Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə açıldı. 18  Bəşər övladlarından heç kim heç vaxt Allahı görməmişdir, yalnız Atanın qoynunda olan o ilkin ilahi varlıq Onu bizə tanıtdı. 19  Yəhudilər Yəhyanın kimliyini öyrənmək üçün Yerusəlimdən onun yanına kahinlərlə Levililəri göndərəndə o, belə şəhadət verdi 20  və heç nəyi gizlətmədi: «Mən Məsih deyiləm». O, bunu açıq-aşkar dedi. 21  Belə olduqda onlar soruşdular: «Bəs onda kimsən? Olmaya İlyassan?» O: «Xeyr», — dedi. «Bəlkə gözlədiyimiz Peyğəmbərsən?» O, yenə inkar etdi. 22  Onda onlar dedilər: «Axı sən kimsən? Özün haqqında bir şey de ki, bizi göndərənlərə cavab verə bilək». 23  O cavab verdi: «Mən Yeşaya peyğəmbərin dediyi kimi səhrada: “Yehovanın yolunu hamarlayın!”, — qışqıran carçıyam». 24  Gələnlər isə fəriseylərdən idilər. 25  Onu yenə sorğu-suala çəkdilər: «Əgər sən nə Məsih, nə İlyas, nə də gözlədiyimiz Peyğəmbər deyilsənsə, bəs onda nəyə görə vəftiz edirsən?» 26  Yəhya onlara cavab verib dedi: «Mən suda vəftiz edirəm. Lakin aranızda bir nəfər var, siz onu tanımırsınız. 27  O, məndən sonra gəlir, amma mən onun səndəlinin bağını belə açmağa layiq deyiləm». 28  Bütün bunlar Betaniyada, İordan çayının o biri tayında baş verirdi. Yəhya orada vəftiz edirdi. 29  Ertəsi gün Yəhya ona tərəf gələn İsanı görəndə dedi: «Bəşəriyyətin günahını yuyan Allahın Quzusu budur! 30  “Məndən sonra gələn məni ötüb qabağımda durdu, çünki o, məndən əvvəl var idi”, — deyə haqqında danışdığım adam budur. 31  Mən özüm də onu tanımırdım, lakin mən suda vəftiz edirəm ki, İsrail onu tanısın». 32  Yəhya bunu da təsdiqlədi: «Müqəddəs ruhun göydən göyərçin kimi enib onun üzərində qaldığını gördüm. 33  Mən özüm də onu tanımırdım. Ancaq məni suda vəftiz etməyə göndərən Allah dedi: “Müqəddəs ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, müqəddəs ruhla vəftiz edən odur”. 34  Mən də bunu gördüm və təsdiq etdim ki, o, Allahın Oğludur*». 35  Ertəsi gün Yəhya iki şagirdi ilə bir yerdə olanda 36  yol ilə gedən İsanı görüb dedi: «Allahın Quzusu budur!» 37  Bu sözləri eşidən həmin iki şagird İsanın ardınca getdi. 38  İsa geriyə baxdı və onların öz arxasınca gəldiyini görəndə soruşdu: «Nə istəyirsiniz?» Onlar cavab verdilər: «Rabbi, sən harada qalırsan?» («Rabbi» müəllim deməkdir.) 39  İsa dedi: «Gəlin özünüz görəcəksiniz». Onlar gedib onun harada qaldığını gördülər. Təxminən günorta saat dörd* olardı. Onlar həmin gün İsa ilə qaldılar. 40  Yəhyanın sözünü eşidib İsanın ardınca gedən iki şagirddən biri Şimon Peterin qardaşı Andreas idi. 41  O, ilk növbədə qardaşı Şimonu tapdı və dedi: «Biz Məsihi tapmışıq». («Məsih»* məsh edilmiş deməkdir.) 42  O, qardaşını İsanın yanına gətirdi. İsa ona baxıb dedi: «Yəhya oğlu Şimon, indən belə səni Kifa çağıracaqlar». (Yunanca Peter.) 43  Sabahısı gün İsa Qalileyaya yollanmaq istədi. O, Filipi tapıb dedi: «Ardımca gəl*». 44  Filip də Andreasla Peterin doğma şəhəri olan Betsaydadan idi. 45  Filip Natanaeli tapıb ona dedi: «Biz Qanunda Musanın yazdığı və Peyğəmbərlərin bəhs etdiyi adamı, nazaretli Yusifin oğlu İsanı tapmışıq». 46  Amma Natanael ona dedi: «Heç Nazaretdən də fərli bir şey çıxar?» Filip ona cavab verdi: «Gəl, özün bax». 47  İsa onun yanına gələn Natanaeli görəndə onun haqqında belə dedi: «Budur, qəlbində zərrə qədər də biclik olmayan əsil israilli!» 48  Natanael soruşdu: «Sən məni haradan tanıyırsan?» İsa cavab verdi: «Filip səni çağırmazdan əvvəl mən səni görmüşdüm. Sən əncir ağacının altında idin». 49  Natanael dedi: «Müəllim, sən Allahın Oğlusan, sən İsrailin Padşahısan». 50  İsa dedi: «Səni əncir ağacının altında görmüşdüm dediyimə görə mənə inandın? Sən bunlardan da böyük işlər görəcəksən». 51  Sonra əlavə etdi: «Sizi əmin edirəm ki, siz səmanın açıldığını və Allahın mələklərinin insan Oğlunun yanına enib-qalxdıqlarını görəcəksiniz».

Haşiyələr

3–cü Əlavəyə bax
Hərfən «onuncu saat»
Yunanca «Xristos»
«Ardımca gəl/ardı ilə getmək» ifadələri İsanın davamçısı olmaq mənasında işlədilir