Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhuda 1:1—25

 İsa Məsihin qulu, Yaqubun qardaşı Yəhudadan, Atamız Allahla vəhdətdə olub Onun məhəbbətini dadan və İsa Məsih üçün qorunub saxlanılan çağırılmışlara məktub.  Qoy sizə bağışlanmış mərhəmət, sülh və məhəbbət daha da artsın.  Əzizlərim, çox istəyirdim ki, sizə ümumi xilasımız barəsində yazım, amma bu məktubumda sizi müqəddəslərə həmişəlik verilmiş iman uğrunda ciddi mübarizə aparmağa təşviq etməyi lazım bildim.  Çünki aramıza Müqəddəs Yazılar tərəfindən hökmü çoxdan kəsilmiş bəzi adamlar giriblər. Bunlar pozğun davranmaq üçün Allahımızın lütfünü bəhanəyə çevirən, həmçinin yeganə Sahibimiz və Ağamız İsa Məsihə qarşı xəyanət edən allahsız adamlardır.  Bütün bunları bildiyinizə baxmayaraq, sizə xatırlatmaq istəyirəm ki, Yehova xalqını Misirdən qurtarsa da, sonradan iman gətirməyənləri məhv etdi.  Həmçinin əzəl mövqelərini qorumayıb, onlara münasib məkanı tərk edən mələkləri böyük günün məhkəməsi üçün qatı zülmət içində əbədi buxovlarda saxlayır.  Sodom, Homorra və ətraf şəhərlər də acgözlüklə cinsi əxlaqsızlıq edib bədənin qeyri-təbii istəklərinin dalınca düşürdülər. Onlar sönməz atəş cəzası çəkməklə bizə bir ibrət nümunəsi olmuşlar.  Eynilə, bu adamlar da xülyalara uyaraq, bədəni murdarlayır, hakimiyyəti* saymır və Allahın şərəfli insanları barəsində təhqiramiz sözlər deyirlər.  Hətta baş mələk Mikayıl Musanın cəsədi barəsində İblislə mübahisə edəndə onu təhqiramiz sözlərlə ittiham etməyə cürət etmədi, sadəcə dedi: «Qoy Yehova səni məhkum etsin». 10  Amma bu adamlar başa düşmədikləri şeylər haqqında təhqiramiz şəkildə danışır, yeganə bildikləri isə düşüncəsiz heyvanlar kimi təbiətən duyduqları şeylərdir ki, bunlarla da özlərini pozğunlaşdırırlar. 11  Vay onların halına! Onlar Qabilin yolu ilə getdilər, qazanc uğrunda Bilamın yanlış yolunu tutdular, Qorah kimi, üsyankar nitqlərində məhv oldular. 12  Onlar dostluq məclislərinizdə sizinlə yeyib-içərkən sualtı qayalar kimidirlər. Onlar qorxu bilmədən qarın otaran çobanlar; küləyin ora-bura apardığı boş buludlar; barsız, qup-quru qurumuş*, kökündən qoparılmış payız ağaclarıdırlar; 13  öz abırsız işləri ilə köpüklənən coşqun dəniz dalğalarına, sərgərdan ulduzlara bənzəyirlər. Onlar əbədilik qatı zülmətə atılacaqlar. 14  Adəmdən sonra yeddinci nəsildə doğulmuş Xanok onlar haqqında peyğəmbərlik etmişdi: «Budur, Yehova on minlərlə müqəddəs mələyi ilə gəldi ki, 15  hamı üzərində hökmünü icra etsin və bütün allahsızları qorxub-çəkinmədən gördükləri pis işlərinə görə, Allah qorxusu olmayan günah sahiblərini Ona qarşı dedikləri bütün biabırçı sözlərə görə ittiham etsin». 16  Bunlar deyingən, daima talelərindən narazı, öz istəklərilə yaşayan adamlardır. Onların dilindən lovğalıq tökülür, mənfəət xatirinə başqalarına yaltaqlanırlar. 17  Siz isə, əzizlərim, Ağamız İsa Məsihin həvarilərinin əvvəlcədən dedikləri sözləri yadınıza salın. 18  Onlar sizə deyirdilər: «Axır zamanlarda öz pis istəklərilə yaşayan rişxəndçilər peyda olacaq». 19  Bunlar araya nifaq salan, şəhvətpərəst, Allahın ruhundan məhrum adamlardır. 20  Siz isə, əziz qardaşlar, özünüzü son dərəcə müqəddəs imanınızın təməli üzərində möhkəmləndirməklə və müqəddəs ruhla dua etməklə, 21  Ağamız İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyə-gözləyə, Allahın məhəbbətindən ayrılmayın. 22  Bundan əlavə, şübhəsi olanlara qarşı mərhəmət göstərin; 23  onları alovdan qapıb çıxararaq xilas edin. Digərləri ilə mərhəmətlə davranın, amma bunu, bədənin murdarladığı alt paltara nifrət edərək, qorxuyla edin. 24  Sizi yıxılmaqdan qoruya bilən və Öz şərəfli hüzuruna böyük sevinclə, ləkəsiz gətirə bilən Xilaskarımız yeganə Allaha eşq olsun! 25  Şöhrət, əzəmət, qüdrət və hakimiyyət Ağamız İsa Məsih vasitəsilə əzəldən əbədiyyətə qədər Onun olsun. Amin.

Haşiyələr

Allaha və Allahın səlahiyyət verdiyi adamlara aiddir
Hərfən «iki dəfə ölmüş»